Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2843/2022 29.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 cəlb edilməklə “vurulmuş zərərin geri qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 cəlb edilməklə “vurulmuş zərərin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yataq mebel dəstinin alınması üçün ödədiyi 1500 manat pulun və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixdə evinə yataq mebel dəsti almaq məqsədi ilə Bakı Sumqayıt yolunda fəaliyyət göstərən mebel şəhərciyinə getmiş, həmin gün orada olan mebel dükanlarından birində yataq dəsti bəyənib almaq istəmişdir. Bu zaman satıcı ilə mebel dəstini 1500 manata almağa razılaşıb, yaşadığı mənzilin ünvanını onlara vermişdir. Həmin gün özünə məxsus Azərbaycan Beynəlxalq Bankında adına açılmış Tam Kart vasitəsi ilə cavabdehin hesabına köçürmə etməklə 1550 manat pul ödəmiş və bunun əvəzində ona qəbz təqdim olunmuşdur. xx.xx.2022 ci il tarixdə pulunu ödədiyi yataq mebel dəstinin bir hissəsi. xx.xx.2022-ci il tarixdə isə digər hissələri yaşadığı ünvana çatdırılmışdır. Quraşdırma zamanı mebelin hissələrinin tam olmadığını, eyni zamanda quraşdırılan mebelin hissələrində açıq gözlə görünən defektlərin olmasını görüb, quraşdırmanı həyata keçirən ustalara bu barədə bildirmişdir. Onlar da öz növbələrində mebeli göndərən şəxsə bu barədə məlumat vermişdirlər. Mağazadan ona bildirildi ki, natamam və defekt hissələr tamamlanaraq yenisi ilə əvəz olunacaq. Lakin üzərindən 7 gün keçməsinə baxmayaraq cavabdeh tərəfindən nə natamam hissələr göndərilməmiş, nə də ki, defekt olan mebel hissələri yenisi ilə əvəz olunmamışdır. O, bundan narahat olub əvvəlcə onun özünə xəbərdarlıq etmiş, daha sonra isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Çağrı Mərkəzinə mebelin qüsurlu olması və bu barədə tədbir görülməsi üçün müraciət etmişdir. Onun bu müraciətindən sonra 2022-ci ilin levral ayının ortalarında yaşadığı evdə natamam quraşdırılmış mebel dəsti cavabdeh tərəfindən sökülərək geri aparılmış və yenisi ilə əvəz olunacağı bildirilmişdir. Lakin bu günə qədər həmin mebel yenisi ilə əvəz olunmamış, ödədiyi puldan isə cəmi 50 manat ona geri qaytarılmışdır. Cavabdeh ona qarşı törətdiyi bu hərəkətləri ilə ona həm də mənəvi sarsıntı yaşatmışdır. Hazırda cavabdehin hərəkətləri nəticəsində ona həm maddi həm də mənəvi zərər dəymişdir. Buna görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O əlavə olaraq bildirdi ki, mebel mağazasında mebel alarkən ona beh verilməsini demişlər, amma o tam ödəniş etmiş, pul vəsaitini cavabdehin kart hesabına, “Prestij” mağazasına köçürmüş, ona 2 gün ərzində mebelin çatdırılaca bildirilmişdir. 2-4 gün keçsə də yataq dəstini çatdırmamış, onlarala əlaqə saxlayanda yanvarın 20-dən sonra çatdırılacağını demişlər. Mebel dəstini yanvarın 20-dən sonra ona çatdırmışlar, mebel qüsurlu olmuş və mebelin əksik hissələri olmuşdur. Mebel ustaları da bunları görmüş və o, dərhal mebel mağazası ilə əlaqə saxlamışdır. Hətta mebel ustaları da həmin şəxslə danışmış və video çəkib mağazaya göndərmişlər. Mağazadan onlara problemin aradan qaldırılacağı bildirilsə də, bir həftə keçdikdən sonra da mağazadan xəbər çıxmamışdır. O, qarşı tərəfin dəqiq insan olmadığını görüb İqtisadiyyat Nazirliyinə müraciət etmiş, oradakı icraçı cavabdehlə əlaqə saxlamış, cavabdeh də problemi boynuna alıb problemi aradan qaldırmaq üçün ona vaxt verilməsini bildirmişdir. Daha sonra baxış və ekspertiza keçirilmiş, mebelin qüsuru olduğu təsdiqlənmişdir. Qarşı tərəf bildirmişdir ki problemi aradan qaldıracaq və mebelin əksik hissəsini gətirəcəklər. Sonra o, mebelin tam dəyişilməsini istəmiş, çünki, mebel tam qüsurlu idi və əksikləri var idi. Qarşı tərəf gəlib mebeli götürmüş, mebelin qüsursuz variantını təhvil verəcəklərini bildirmiş, sonra eyni mebeli istədiyini soruşmuş, o da eyni olmasını, amma rənginin dümağ olmasını demiş, qarşı tərəf də elə rəngdə mebel olmadığını və pulunu qaytaracaqlarını bildirmişdir. İqtisadiyyat Nazirliyindən ona cavabdehin vaxt istəməsi barədə məktub gəlmiş, bundan sonra bir ay keçəndən sonra İqtisadiyyat Nazirliyində işinə baxan Tural Abbasov qarşı tərəflə əlaqə saxlamış və qarşı tərəf yenə may ayına kimi vaxt istəmişdir. Artıq o dərəcəyə çatmışdır ki, o, Xırdalan şəhər Polis İdarəsinə şikayət etmiş, polis əməkdaşlarına da qarşı tərəf bildirmişdir ki, yenidən vaxt verilsin, pulu ödəyər. Həmçinin, cavabdeh onun kartından 1500 manat mebelin pulunu çıxarmaq əvəzinə 1550 manat çıxarmış və o, bu məsələni bildirdikdə icraçının vasitəsi ilə bank hesabına qeri qaytarmışdır. Polisdə və İqtisadiyyat Nazirliyinin məktubunda onun məhkəməyə müraciət etməsi bildirilmişdir. Artıq 1 ildir ki, o, pulunu geri ala bilmir. Ödəniş edərkən ona hər iki mağazanın onların olmasını, vəsaitin o biri mağazalarana ödənilməsini bildirmişlər. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddiaçı mebeli ondan deyil, onunla qonşu olan mağazadan almışdır. Yəni, onun mağazası “Prestij” mağazasıdır, o, vergi ödəyicisidir və onun VÖEN-də vardır, iddiaçı isə mebeli “Opera” mağazasından almışdır. Sadəcə nağdsız alış-veriş olmuş və post terminalını o vermiş, iddiaçı digər mağazanın VÖEN-i olmadığı üçün ödənişi “Prestij” mağazasına etmiş, o, mebelin pulunu götürüb mağazanın sahibinə vermişdir. Onun iddia tələbi barədə məlumatı olan kimi qonşu “Opera” mağazasına yaxınlaşıb bu barədə məlumat vermiş, onlar da ödəniş üçün iddiaçının vaxt verməsini bildirmişlər. “Opera” mağazasının rəhbəri, mebel alınan şəxs X1 xəstədir, bununla bağlı ödəniş etmək üçün vaxt istəmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 məhkəmə iclaslarına gəlməmiş, gəlməməsi səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı “Opera” mebel mağazasından mebel dəsti almış və xx.xx.2022-ci il tarixdə mebel dəstinin qiyməti olaraq 1550 manat cavabdehin mağazası olan “Prestij” mebel mağazasının kart hesabına ödəniş etmişdir. Daha sonra mebel dəstində problem olduğu və iddiaçının istədiyi şəkildə yeni mebel dəsti olmadığı üçün ona ödənilmiş alqı-satqı məbləğinin geri qaytarılacağı bildirilmişdir. Həmin məbləğ qaytarılmadığından iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli cavab məktubları ilə qeyd edilmişdir ki, aparılan araşdırma zamanı “Opera" mebel mağazasının xx.xx.2022-ci il tarixli məktubunda sözügedən mebeldə qüsurlar yarandığından geri qaytarıldığı, ödədiyi vəsaitdən 50 mamat məbləğin kart hesabına köçürüldüyü, hal-hazırda maliyyə vəziyyəti yetərli səviyyədə olmadığından qalıq məbləğin may ayının sonuna qədər qaytarılacağı bildirilmişdir. "Opera" mebel mağzası öhdəliklərə əməl etmədiyi təqdirdə yenidən Dövlət Xidmətinə və ya mağaza ilə aralarında yaranmış mübahisə ilə bağlı İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 587.2.1-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Məhkəmə ilk öncə qeyd edir ki, hazırki mülki işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı “Opera" mebel mağazasından mebel dəsti alsa da, Cavabdeh işlətdiyi “Prestij” mebel mağazasının hesabına 1550 manat ödəniş etmiş, daha sonra həmin məbləğdən 50 manat ödəniş onun hesabına geri qaytarılmışdır. Bunu cavabdeh də öz izahatında təsdiq etmişdir. Hazırda cavabdeh həmin vəsaiti kart hesabından çıxarıb “Opera" mebel mağazasına geri verdiyini, əslində vəsait “Opera" mebel mağazasına ödənildiyini bildirsə də, iddiaçı tərəfindən ödəniş cavabdehin kart hesabına ödənildiyindən iddiaçı tərəfindən Cavabdeh qarşı iddia qaldırmaqda haqlı olmuşdur. Buna görə də iddia tələbi təmin edilərək Cavabdeh 1500 manat məbləğ İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1500 manat pul vəsaiti və ödənilmiş 35 manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1500 manat pul vəsaiti və ödənilmiş 35 manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2843/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2843/2022
29.11.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver