Məhkəmə qərarları › İş №2(007)-287/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-287/2025

28.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-287/2025 28.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (maddi ziyan, pul tələbi və s.) X4 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı “HYUNDAİ ELANTRA” minik markalı, 2016-cı il buraxılışlı, 77FD097 dövlət nömrə nişanlı avtomobilə vurulmuş 13543,00 manat məbləğində zərərin və iş üzrə ödənilmiş 130.63 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2016-cı il buraxılışlı, HYUNDAİ ELANTRA MİNİK markalı, ** FD *** dövlət nömrə nişanlı avtomobil mülkiyyətində olmaqla bu barədə Azərbaycan Respublikası DİN BDYP İdarəsi tərəfindən onun adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. Avtomobil ona məxsus "xxxx" tərəfindən 07 iyul 2024-cü il tarixdə saat 17:00-da 096 saylı icarə müqaviləsi və yol vərəqəsi əsasında Cavabdeh müvəqqəti istifadəsinə verilmişdir. Cavabdeh avtomobillə hərəkətdə olduğu zaman xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində nəqliyyat vasitəsini idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş nəticədə iddiaçının mülkiyyətində olan avtomobilə ciddi zərər vurmuşdur. Cavabdehin barəsində DİN BDYPİ-nin Suraxanı rayon DYPŞ-nın polis kapitanı X2 tərəfindən xx.xx.2024-cü il tarixdə ТP ******* saylı inzibati tənbehvermə haqqında Qərar qəbul edilərək cavabdeh Azərbayca Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləgində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Yol nəqliyyat hadisəsi ilə əlaqədar DYPİ-nin Suraxanı RŞ-si tərəfindən hadisənin sxematik planı çəkilmiş və cavabdehin izahatı alınmışdır. "xxxx" Şirkəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli AA041/1100 saylı qüsür aktına əsasən yol nəqliyyat hadisəsi zamanı cavabdeh tərəfindən mülkiyyətimdə olan avtomobilə 13543.00 (on üç min beş yüz qırx üç) manat məbləğində zərər vurulmuşdur. Cavabdeh tərəfinə xx.xx.2024-cü il tarixdə pretenziya göndərilmiş, cavabdeh xx.xx.2024сü il tarixdə pretenziyanı qəbul etmişdir. xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı “HYUNDAİ ELANTRA” minik markalı, 2016-cı il buraxılışlı, 77FD097 dövlət nömrə nişanlı avtomobilə vurulmuş 13543,00 manat məbləğində zərərin və iş üzrə ödənilmiş 130.63 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər: İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə (o cümlədən istifadəsində olan mobil nömrəsinə elektron qaydada sms çatdırılmasına) baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh izahatında göstərmişdir ki, o, iddia tələbini qismən qəbul edir. Qəzada olan hər iki avtomobilə Paşa Sığorta tərəfindən 500-600 manat ödəniş edilmişdir. Əgər belədirsə, nə üçün onun idarə etdiyi avtomobilə 13000 manat zərər yazılmışdır. O, qəza vaxtı demişdir ki, düzəltdirsin, amma əlində pul olmamışdır. Amma ona demişlər ki, avtomobilin dəmirçi işi də daxil olmaqla, maksimum 2500 manat xərci var. Avtomobilin öz dəyəri 20000 manat olmuşdur. O, zərəri ödəməkdən boyun qaçırmır, amma tələb edilən məbləğ ilə razı deyil. Ona qarşı tərəfdən cəmi bir həftə boyu zəng gəlmişdir. O, yol polisi ilə söhbət etmişdir. Rent a car sahibi ilə danışmamışdır. O vaxtı çox qorxmuşdur. Dəyəri qarşılayır, amma o məbləğlə razı deyil. İş materialları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 131 manat dövlət rüsumu ödənilmişdir; Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** FD *** dövlət qeydiyyat nişanlı, Hyundai Elantra minik markalı avtomobil İddiaçı mülkiyyətindədir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, o, yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuş, məktub xx.xx.2024-cü il tarixdə Cavabdeh çatdırılmışdır. “Auto Azərbaycan” Servis mərkəzinin xx.xx.2024-cü il tarixli, AA041/1100 saylı aktından görünür ki, “Hyundai Elantra” markalı 77FD097 dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələri və təmir xərcləri 13543 manat müəyyən edilmişdir. Cavabdeh ilə "xxxx" MMC bağlanmış xx.xx.2024-cü il tarixli 096 saylı İcarə Müqaviləsinin surətindən görünür ki, 77FD097 dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” markalı avtomobili xx.xx.2024-ci il tarixədək hər gün üçün 60 manat olmaqla ümumilikdə 120 manat məbləğində haqq ödəməklə icarəyə götürmüşdür. 096 saylı etibarnamənin surətindən görünür ki, 77FD097 dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” markalı avtomobilin idarə edilməsi üçün Cavabdeh etibarnamə verilmişdir. TP6629793 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermək haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh idarə etdiyi77FD097 dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” markalı avtomobil ilə Hövsan qəsəbəsi ərazisində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. “X1” MMC-nin xx.xx.2025-ci il tarixli, 104 saylı mütəxəssis rəyindən görünür ki, qərardadın birinci sualı üzrə nəticəsinə əsasən “Hyundai Elantra” markalı avtomobilə dair tərtib edilmiş AA041/1100 nömrəli, xx.xx.2024-cü il tarixli Aktda qeyd olunan bir neçə ehtiyat hissələrinin qiymətlərinin real bazar qiymətlərinə uyğun olmadığı müəyyən edilir. Qərardadın ikinci sualı üzrə nəticəsinə əsasən 77FD097 dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobilin ehtiyat hissələrinin qiymətləri barədə internet saytlarında kifayət qədər məlumat olmadığına görə, avtomobilə ümumilikdə dəymiş ziyanın məbləğini müəyyən etmək mümkün olmadı. Məhkəmə baxışının hədləri: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İşin faktiki halları: Məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh, xx.xx.2024-cü il tarixdə "xxxx" MMC ilə İcarə Müqaviləsi bağlanmış, 77FD097 dövlət nömrə nişanlı, “Hyundai Elantra” markalı avtomobili xx.xx.2024-ci il tarixədək icarəyə götürmüşdür. xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan 77FD097 dövlət nömrə nişanlı, “Hyundai Elantra” markalı avtomobil ilə Hövsan qəsəbəsi ərazisində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Avtomobil ziyan dəymişdir və hazırda iddiaçı avtomobilə dəymiş zərərin əvəzinin cavabdehdən tutulmasını xahiş edir. Məhkəmənin mövqeyi: Məhkəmə mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Mülki qanunvericiliyə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl isə şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından aydın olur ki, iddiaçının mülkiyyətində olan avtomobilə zərərin vurulmasında cavabdeh təqsirli olmuşdur və bu fakt işin mübahisəsiz halıdır. İddiaçı iddia tələbinin əsası kimi cavabdehin onun avtomobilinə ziyan vurmasını və bu ziyanın nə cavabdeh, nə də sığorta şirkəti tərəfindən qarşılanmamasını göstərmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyanın tələb edilməsi hissəsində əsaslıdır. Məhkəmə cavabdehin maddi ziyanın məbləği ilə razı olmaması baxımından iş üzrə qiymətləndirmə ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə təqdim edilmiş rəyi tədqiq edərək o qənaətə gəlir ki, rəy kifayət qədər əsaslandırılmamışdır. Belə ki, avtomobilə dəymiş zərər qiymətləndirilməmiş, ehtiyat hissələrinin dəyəri göstərilməmişdir. Rəydə qüsur aktında olan ehtiyat hissələrinin dəyərinin tam düzgün göstərilməməsi qeyd edilsə də, həmin ehtiyat hissələrinin dəqiq adı, keyfiyyəti və s. sadalanmamışdır. Belə olan halda, məhkəmə həmin rəyi mötəbər sübut qismində qəbul etmir. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 4.5.3, 4.5.4-cü maddələrinə əsasən, icarəçi avtomobili saz və işlək vəziyyətdə geri qaytarmağı, qəzaya düşərsə yol nəqliyyat hadisəsi baş verərsə zərərin əvəzini ödəməyi və ya avtomobili bərpa etməyi öhdəsinə götürmüşdür. Məhkəmə qeyd edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Cavabdeh isə iddiaçıya maddi ziyan vurduğunu məhkəmə iclasında verdiyi izahatında təsdiq etmişdir. Cavabdehin qəbul etmədiyi hal ondan ibarət olmuşdur ki, tələb edilən ziyan məbləği yüksəkdir. Lakin cavabdeh öz etirazını əsaslandıran sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin müddəaları və qanunvericilik normalarının tələbləri baxımından iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı isə tələb etdiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunu onun xeyrinə cavabdehdən tutulmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, qiymətləndirmə ekspertizasının keçirilməsi üçün sərf edilmiş 200 manat pul X1” MMC-nin xeyrinə cavabdehdən tutulmalıdır. Nəticə: Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 13543 manat pul, ödənilmiş dövlət rüsumunun əvəzi 130.63 manat vəsait İddiaçı xeyrinə tutulmalı, qiymətləndirmə ekspertizasının keçirilməsi üçün sərf edilmiş 200 manat pul cavabdehdən tutularaq “X1” MMC-nin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh maddi ziyanın əvəzi qismində 13543 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi 130.63 manat vəsait tutularaq İddiaçı ödənilsin. Məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsinə sərf edilmiş 200 manat pul Cavabdeh tutularaq “X1” MMC-nin hesabına ödənilsin. (VÖEN:**********, İBAN: AZ94BRES********************, Alanın bankı-Bank Respublika ASC-nin Nərimanov filialı, kodu:513489, SWİFT:BRESAZ22, M/h: AZ80NABZ********************) Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar