Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2901/2025 25.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halı:
1. İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 23000 ABŞ dolları (bugünki məzənnə ilə 39100 manat) borcun və 208 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(003)-1888/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Tətbiq edilən hüquq :
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
35.1. qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; 44.2.3. hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; 44.2.4. iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa. 44.2.5. hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə; 44.2.6. bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda. 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.
Məhkəmənin mövqeyi :
4. Məhkəmə iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, hazırkı mülki iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmalı deyildir.
5. Belə ki, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(003)-1888/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli, 2(003)-1888/2025 saylı qərardadını belə əsaslandırılmışdır ki, iş üzrə cavabdeh hal-hazırda 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. 6 saylı cəzaçəkmə müəssisəsi Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşdiyindən mülki işə aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır.
7. Mülki prosessual qanunvericiliyin aidiyyətlə bağlı müəyyən etdiyi ümumi qaydaya görə iddia ərizəsi cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.
8. İşin mübahisəsiz halı odur ki, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1155 "A" -li Bağ ünvanında qeydiyyatdadır.
9. İşin müəyyən edilmiş digər halı isə ondan ibarətdir ki, tərəflər arasında yaranmış mübahisə odur ki, iddiaçı tərəfindən cavabdehə iş qurmaq adı ilə borc verdiyi 23000 ABŞ dolları pul məbəğində pul vəsaitinin cavabdeh tərəfindən geri qaytarılmaması ilə bağlı yaranmışdır.
10. Göründüyü kimi, iddiaçı aidiyyət qaydalarına əməl edərək düzgün olaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən iddia ərizəsi düzgün olaraq icraata qəbul edilmişdir.
11. Hazırda isə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən mülki iş cavabdehin 6 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkməsi əsası ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir.
12. Göründüyü kimi Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin ərazi aidiyyəti ilə bağlı tələbləri pozulmaqla mülki iş Bakı şəhəri Nizami rayon Məhkəməsinə göndərilmişdir.
13. Belə olan halda, ərazi aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı olduğundan ərazi aidiyyətinin müəyyən edilməsi üçün mülki iş apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
Nəticə :
14. Beləliklə, məhkəmə qeyd edir ki, ərazi aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı olduğundan ərazi aidiyyətinin müəyyən edilməsi üçün mülki iş apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 44-45, 263-264, 266-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
Hakim Starə Əliyeva