Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2916/2024 12.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 12330 manat məbləğində pulun və 128 manat dövlət rüsumunun tutulub ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X2 2022-ci ilin may ayının sonlarından tanıyır. Nazlı ilə uzaq qohumu vasitəsi ilə tanış olmuşdur. Yaxın qohumlarından birinin whatsapp statusunda lotoreya oyunu ilə bağlı elan görmüş, həmin vaxt ona pul lazım olduğu üçün lotoreya oynamaq istəmişdir. Qohumu Mədinədən həmin lotoreya oyunu aparan şəxsin əlaqə nömrəsini almışdır. Özünü Nazlı kimi təqdim edən qadın hicablı adam olduğunu, oyunda heç bir neqativ hallar olmayacağına onu əmin etmişdir. Lakin lotoreya oyunu ilə bağlı razılığa gəlməmişlər. Ancaq 2022-ci ilin iyul ayının sonu ondan ikinci yerdə pulu götürmək adı ilə 500 manat pul almış, avqust ayında lotoreyadan 4500 manat pul götürəcəyini demişdir. Lakin sonra heç ödəniş olmamı., adamlar dağıldığı üçün lotoreyanın baş tutmadığını demişdir və 500 manat pulunu qaytaracağına söz vermişdir. Sonradan Nazlının whatsapp statuslarında qızıl satışı ilə bağlı paylaşımlar etdiyini görmüşdür. Bundan sonra Nazlıya özündə olan qızılları satması üçün şəkillərini göndərmişdir. Nazlı qızılların qiyməti ilə maraqlanmış, bundan sonra Nazılı ilə Laçın ticarət mərkəzinin yanında olan işıqfordan yuxarı məhəllədə görüşmüşlər. Həmin vaxt Nazlı həyat yoldaşı kimi təqdim etdiyi Şəhriyar adlı şəxslə gəlmişdir. O, ilkin olaraq 58,56 qram çəkidə 585 əyarlı 7140 manat dəyərində qızılları satması üçün əri Şəhriyar Mirzəzadənin ödəyəcəyinə dair razılığa gəlmişlər. Bundan sonra bu alış veriş bitmədən Nazılı ondan həftəlik satıb qaytarmaq şərtilə qızıl istəmiş və 34,48 qram 585 əyarlı 3555 manatlıq qızıl götürmüş, ilkin olaraq 765 manat pul ödəmişdir. Həftəlik 525 manat ödəməsinə dair razılığa gəlmişlər. Növbəti ödəniş vaxtı, yəni 27 iyulda Nazlı övladının xəstə olduğunu əsas gətirərək ona borc və ya faizlə pul tapmağını xahiş etmışdir. O, belə bir tanışı olmadığını bildirmişdir. 2022-ci ilin iyul ayının axırı Nazlı toy üçün qızılizinyət əşyası istəmiş və toydan sonra yığılan puldan müştərilərinin ödəniş edənəcəyini bildirmişdir. Bundan sonra Nazlı onun yaşadığı ünvan 1 ünvanına gələrək ondan 57.97 qram çəkisində 585 əyarlı 6960 manat dəyərində qızıl dəsti götürmüşdür. Toydan sonra qızılın pulunu ödəyəcəyini vəd etsə də, Nazlı ona heç bir məbləğ pul ödəməmişdir. Sonradan Nazlı özünün ana olduğunu, xəstəxanada olduğunu, bütün pulları əri Şəhriyarın ödəyəcəyini demişdir. O, Şəhriyara 2022-ci ilin avqust ayının 5-də Laçın ticarət mərkəzinin qarşısında görüşmüşdür. Şəhriyar ona cəmi 500 manat pul ödəmişdir. Yerdə qalan pulu da alıcılardan alıb ödəyəcəyinə vəd etsə də, sonradan ona pul ödəməmişdir. 2022-ci ilin sentyabr ayında onu “whatsapp” sosial şəbəkəsində “maşenik Nazlı” adlı bir qrupa əlavə etmişlər, sonradan həmin qrupda olan şəxslərin yazışmalarından Nazlının ondan başqa çoxsaylı şəxsləri də aldatdığını, onlara qarşı dələduzluq etdiyini öyrənmişdir. Sonra o, Nazlıya zəng etdikdə və mesaj göndərdikdə Nazlı onun zənglərinə və mesajlarına cavab verməmişdir. Son olaraq mesaj yazaraq ona borclu olmadığını, əgər ondan pul istəsə, özünü öldürəcəyini bildirmişdir. Digər zərərçəkmişlərə ona və Kübraya heç bir pul ödənişi etməyəcəyini bildirmişdir. Bunu ona görə dedi ki, o, Kübra ilə birlikdə zərərçəkmişləri onun üzərinə qaldırmışdır. Həmin ərəfədə də qəsdən Hövsan yolunda maşınlarını aşırmışlar. Əlavə olaraq bildirmişdir ki, Nazlıya 116.53 qram çəkidə ümumi dəyəri 13940 manat qızıl-zinət əşyaları vermişdir. Ona ümumilikdə 2110 manat ödəniş edilmişdir. Hazırda Nazlının 11830 manat borcu vardır. Bundan əlavə də 500 manat lotoreya pulunu üzərinə gəldikdə 12330 manat borcludur. Borclu olduğuna baxmayaraq Nazlı borcu ödəməkdən yayınır. Bununla bağlı o, Bakı şəhəri Nizami RPİ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Cəmşid Sadıqovun 14 fevral 2024-cü il tarixli qərarı ilə vətəndaş X3 və İddiaçı Qurbanəli oğlunun ərizələri əsasında toplanmış materiallar üzrə qərarın təsviri hissəsində göstərilənlərə əsasən onlarla X5 arasında olan mübahisənin mülki xarakterli olduğu müəyyən edildiyindən və əməldə cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM- nin 39.1.2-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Qəbul edilmiş qərar barədə bizə məlumat vermişlər ki, mülki mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etməlidirlər.
Cavabdehlərin etirazı:
3. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbinin dəlillərinə qarş etiraz ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
4. Cavabdehlər etirazı onunla əsaslandırmışlar ki, İddiaçı Nizami rayon Məhkəməsinə iş 2(007)-2916/2024 saylı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh qismində ondan və həyat yoldaşı Cavabdeh2 müştərək qaydada 12330 manat məbləğində pulun və 128 manat dövlət rüsumunun tutulub ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının iddia ərizəsi ilə qəti razı deyildir. Bildirmək istəyir ki, İddiaçı deyilən şəxslə Mədinə adında qadın vasitəsilə tanış olmuşdur. Əli deyilən şəxs qızıl alveri ilə məşğul idi. O ilkin ödəniş etməklə qızıl satırdı. Qalan məbləği həftəlik və aylıq ödənişlə alırdı. Özünün istifadə etdiyi Beynəlxalq Bankın kartına 2 dəfə ilkin ödəniş etməklə qızıl götürmüşdür. Həyat yoldaşının maşınında qızılı onlara verəndə yoldaşı ona ödəniş etmişdir. 2 həftə kartına 500 manat məbləğində pul köçürmüşdür. Daha sonralar o insanın kartına 2 dəfə olmaqla, hər dəfə 500 manat köçürülüb. Lakin iddiaçı iddia ərizəsində qeyd edib ki, ondan onun ona 13940 manat borcu var. Ondan 2110 manat ödəniş etmişdir. Hazırda guya onun ona 11830 manat borcu var. Əlavə 500 manat da lotoreya pulu borcu ilə birlikdə 12330 manat borcu ondan tələb edir. O, iddiaçı X1 100 qrama yaxın qızıl almışdır. Hətta 100 manatdan belə qramını hesablasa, ( hansı ki, həmin dövrdə qızıl ucuz idi) ümumilikdə 10000 manat pul edir. Həmin puldan kart vasitəsilə 2000 manat ilkin ödəniş etmişdir. Sonra 500, 500, 400 manat olmaqla ayrı-ayrı vaxtlarda ödəniş olunub. Ümumilikdə 3400 manat kart vasitəsilə ödəniş olunub. 1600 manata yaxın məbləğ də nağd verilib. Ümumilikdə 5000 manata yaxın pul verilib (Bankdan kartın çıxarışlarını və nağd verdiyi pulları isə whatsapp yazışmaları ilə iddiaçının boynuna aldığını məhkəməyə təqdim edə bilər). Qalan 5000 manata yaxın qalıq borcunu isə onunla əvvəl razılaşdı ki, hər ay 200 manat olmaqla verərsən. Sonra dedi ki, yox sosial kartını ver hər ay 500 manat hər ay götürüm. Sonra isə getdi məhkəməyə rəsmi ərizə ilə şikayət etmişdir. Bütün bu göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsini rəhbər tutaraq məhkəmədən, İddiaçı Nizami rayon Məhkəməsinə pul tələbinə dair iş 2(007)-2916/2024 saylı iddia ərizəsi əsassız olduğundan rədd edilməsini xahiş etmişdir.
İş materialları :
5. Bakı şəhəri Nizami RPİ-nin İŞ tərəfindən qəbul edilmişxx.xx.2024 və xx.xx.2024-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarlardan görünür ki, vətəndaşlar X4 və İddiaçı ərizələri əsasında toplanmış materiallar üzrə qərarın təsviri hissəsində göstərilənlərə əsasən onlarla Cavabdeh1 arasında olan mübahisənin mülki xarakterli olduğu müəyyən edildiyindən və əməldə cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
6. AR DİN Bakı şəhəri Nizami RPİ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı Cavabdeh1 ilə aralarında yaranan mübbahisənin mülki xarakterli olduğu üçün məhkəməyə müraciət edilməsinin məqsədə müvafiqliyi bildirilmişdir.
7. İş materiallarına iddiaçı ilə cavabdehlər arasında whatsapp sosial tətbiqində olan yazışmaların fotoşəkilləri və 1 əddə flaşkart əlavə edilmişdir.
8. Cavabdeh2 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, cavabdeh iddia tələbi olan 11830 manat dəyərində olan qızılın məbləğini və 500 manat olan loteraya pulunun məbləğini qəbul edir.
9. Cavabdeh1 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, cavabdeh iddia tələbi olan 11830 manat dəyərində olan qızılın məbləğini və 500 manat olan loteraya pulunun məbləğini qəbul edir.
10. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etək üçün 128 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tərəflərin izahatları :
11. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
12. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
13. Əvvəlki məhkəmə iclasında (xx.xx.2024) iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbini qəbul etmişlər.
14. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşin faktiki halı :
15. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında şifahi qızıl-zinət əşyalarının nisyə alqısatqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsi üzrə Cavabdeh2 və Cavabdeh1 İddiaçı 11830 manat borcu olması işin mübahisəsiz halıdır.
16. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehlər arasında şifahi borc müqaviləsi bağlanmışdır. Borc müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı 500 manat borcu olması işin mübahisəsiz halıdır.
Məhkəmə baxışının hədləri:
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3. cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
Məhkəmənin mövqeyi :
20. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir.
22. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
23. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında şifahi nisyə alqı-satqı müqaviləsi və borc müqaviləsi bağlanmışdır.
24. Belə ki, məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı nisyə qızıl-zinət əşyaları aldığını və 11830 manat manat borcu oluğunu etiraf etmişdir. O cümlədən, iş materiallarında olan cavabdehlər tərəfindən Bakı şəhəri Nizami RPİ-nin xx.xx.2024-cü tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı qızıl-zinət əşyaları aldıqlarını və aralarında borc olmasını polis idarəsində bildirmişlər.
25. Belə olan halda məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası MM-nin 600.4-cü maddəsi və 739.1-ci maddəsi təşkil edir.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
28. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericilikdə alqısatqı müqaviləsinin bağlanması üçün forma tələbi müəyyən edilməmişdir. Yəni alqı-satqı müqaviləsi əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşməyiblərsə, əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər.
29. İşin məhkəmə tərəfindən tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki tərəflər arasında şifahi alqı-satqı müqaviləsi bağlanmışdır. Mülki qanunvericiliyə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. İşin faktiki hallarından, tərəflərin əqdin icrasına yönəlmiş hərəkətlərindən görünür ki, iddiaçı hissə-hissə ödəmək şərti ilə qızıl-zinət əşyalarını alıcının (cavabdehlər Cavabdeh2 və Cavabdeh1) mülkiyyətinə vermiş, alıcı isə aldığı əşyanın dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 aldığı əşyanın dəyərinin bir qismini ödəməsi də onun əqdi bağlamaq iradəsinin ifadəsidir.
30. Odur ki, məhkəmə qeyd edir ki, İddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında etibarlı alqı-satqı müqaviləsi bağlanmışdır.
31. Mülki qanunvericiliyə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə yazılı və şifahi formada bağlana bilər. Lakin qanunvericilikdə borc müqaviləsi predmetinin məbləğindən asılı olaraq müqavilənin forma tələbi müəyyən edilmişdir. Belə ki, müqavilənin predmetinin məbləği üç min manatdan çox olduğu halda borc müqaviləsinin yazılı formada bağlanılması tələbi müəyyən edilmişdir (740.2 m).
32. İşin məhkəmə tərəfindən tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış borc müqaviləsinin predmetinin məbləği 500 manat təşkil edir.
33. Belə olan halda məhkəmə qeyd edir ki, tərəflər arasında etibarlı borc müqaviləsi bağlanmışdır.
34. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 aldıqları qızıl-zinət əşyalarının dəyərini və 500 manat məbləğində borcu ödəməməsi işin məhkəmə tərəfindən tədqiq edilmiş halları və cavabdehlərin etiraf etməsi ilə müəyyən edildiyindən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək verilmiş əşyanın və pul vəsaitinin ödənilməsini tələb etməkdə haqlıdır.
35. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən qeyd edir ki, cavabdehlər tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
36. Məhkəmə cavabdehlərin iddianı etiraf etməsi ilə bağlı qeyd edir ki, cavabdehlərin iddianı etiraf etməsi, qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və buna görə cavabdehlər tərəfindən iddia tələbinin etirafı qəbul olunmalıdır.
37. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən qeyd edir ki, cavabdehlər tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
38. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 şifahi nisyə alqı-satqı müqaviləsi və şifahi borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməməsi işin məhkəmə tərəfindən tədqiq edilmiş halları ilə müəyyən edildiyindən İddiaçının iddia tələbi təmin edilməlidir.
Məhkəmə xərcləri :
39. İddiaçı ödənilmiş 128 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulması tələbini irəli sürmüşdür.
40. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 128 manat dövlət rüsumu ödənilmişdir.
41. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyinə görə Azərbaycan Respublikası MPMnin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 128 manat məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə :
42. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 12330 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 128 manat məbləğində pul vəsaiti tutulmalıdır.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12330 (on iki min üç yüz otuz) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 128 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim Starə Əliyeva