Məhkəmə qərarları › İş №2(007)-293/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-293/2023

06.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-293/2023 06.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı Əlı̇ yeva Leyla Nazı̇ m qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2007-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 220 manat, işləmədiyi üçün 100 manat ümumilikdə 540 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə nikahları pozulmuşdur. Həmin vaxtdan başlayaraq Cavabdeh ilə birgə nikahından doğulmuş X8 və X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Cavabdeh uşaqlarının saxlanması üçün heç bir maddi kömək göstərməmişdir. Hal-hazırda (oğlu) X5 16 yaşı, (qızı) X3 15 yaşı var. Nizami rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş 300 manat aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir, o, özü də işləmir, heç bir yerdən gəliri və köməyi yoxdur. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün aliment məbləği yaşayış minimumu da dəyişdirilmiş və 2022-ci ildə hər uşaq üçün 193 manat aliment müəyyən edilmişdir. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə həmin vaxtdan bəri qəsdən qərəzli 3 aydan bir 200, 100 manat civarında ödəniş edir. Hal-hazırda Cavabdeh imkanı əvvəlkindən daha çoxdur ev tikib satır, 4 ədəd Leksus markalı cip, yeddi səkkiz ədəd Toyota Pirus markalı avtomobil arendia vermişdir. Uşaqlarının uşaqlıq illərini nikahdan kənar qeyri-rəsmi yaşadığı qadına görə puç etmişdir. İlk boşanmaq üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edən şəxs o olmuşdur. Ərzaqlar çox qalxıb, o bir ana kimi uşaqlarına baxmağa həddindən artıq çox əziyyət çəkir. Cavabdeh qərəzli olaraq uşaqlara bir dəfə olsun maddi kömək göstərməmiş, heç vaxt maraqlanmamışdır. Uşağın bütün qayğısını ehtiyacını tamamilə özü çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehyiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. O, əlavə olaraq bildirdi ki, uşaqlar hazırlığa gedir, o, fərdi müəllimlər tutmuşdur. O, heç yerdə işləmir, atasının və anasının pensiyası ilə dolanır. Cavabdeh maşın və ev alver edir, ev tikib satır və cavabdehin yaxşı imkanı var. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh birgə nikahda olduqları müddətdə xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2007-ci il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Nizamı Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli 2(007)- 1766/2020 nömrəli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, Cavabdeh 14 noyabr 2016-cı il təvəllüdlü X8 və 02 oktyabr 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün, xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 150 manat olmalqa, ümumilikdə 300 manat sabit pul məbləğində alımentin X7rın xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Tərəflərin ailə münasibətlərinin pozulması nəticəsində onlar ayrılmış, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-558/2021 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh ilə X7 arasında 07 oktyabr 2010-cu il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində bağlanılmış və 1244 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan dünyaya gəlmiş 14 noyabr 2006-cı il təvəllüdlü X8 və 02 oktyabr 2007-ci il təvəllüdlü X2 anaları X4 yanında saxlanılması qət edilmişdir. Hazırda ana uşaqların saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını, yəni hər uşaq üçün hər ay 220 manat olmaqla 440 manat olmasını və işləmədiyi üçün 100 manat vəsaitin tutulmasını xahiş edir. Məhkəməyə müraciət edilməmişdən qabaq mediasiya prosesində iştirak edilmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2022-ci il tarixli Qanununa əsasən 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci, 78.1-ci və 112,1-ci maddələrinin müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia tələbinin alimentin alınması hissədə tam təmin edilməsi aşağıdakılara görə məqsədəuyğun deyil. Belə ki, uşaqların saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın (cavabdehin) maddi öhdəliyini tanıyaraq alimentin məbləğini 440 manat miqdarında müəyyən etmək Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun olmazdı. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin o, cümlədən təyin olunan qəyyumun bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Belə olan halda, məhkəmə qeyd edir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2020-ci ildə müəyyən edilmiş alimentlə uşaqları saxlamaqda çətinlik çəkir. Hazırda isə yaşayış minimumu məbləği artırılmışdır. Qeyd olunanlara əsasən, uşaqların saxlanılması üçün zəruri olan maddi təminatın həm də iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə hesab edir ki, xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2007ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə, 400 manat sabit pul məbləğində aliment müəyyən olunmalı, iddia tələbi alimentin artırılması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən xx.xx.2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalı olduğundan iddia tələbi “iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən alimentin tutulması” hissəsindən təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məcəlləsinin: 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2-ci maddəsinə əsasən Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad (84.2.1), hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad (84.2.2), 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad (84.2.3) buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Məhkəmə iddia tələbinin “işləmədiyi üçün 100 manat alimentin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məcəlləsinin 84-cü maddəsində sadalanan hallar olduqdan ər və ya ərvad qarşı tərəfdən özü üçün aliment tələb edə bilər. Hazırda iddiaçı tərəfindən həmin hallar sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 14 noyabr 2016-cı il təvəllüdlü X8 və 02 oktyabr 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün tutulmalı olan, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(007)-1766/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 14 noyabr 2016-cı il təvəllüdlü X8 və 02 oktyabr 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər biri üçün 200 manat olmaqla ümumilikdə 400 manat sabit pul məbləğində aliment tutulub, Əlı̇ yeva Leyla Nazı̇ m qızına verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü, 119.2-ci maddələrinə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci, 36.2-ci və 9.1.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının mediasiya xərci qismində ödəmiş olduğu 50 manat məbləğində vəsait ona aid edilməli, cavabdehdən iddiaçının ödəməkdən azad edildiyi 50 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 14 noyabr 2016-cı il təvəllüdlü X8 və 02 oktyabr 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün tutulmalı olan, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(007)-1766/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 14 noyabr 2016-cı il təvəllüdlü X8 və 02 oktyabr 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər biri üçün 200 manat olmaqla ümumilikdə 400 manat sabit pul məbləğində aliment tutulub, Əlı̇ yeva Leyla Nazı̇ m qızına verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı Əlı̇ yeva Leyla Nazı̇ m qızının mediasiya xərci qismində ödəmiş olduğu 50 manat məbləğində vəsait iddiaçıya aid edilsin. İddiaçı Əlı̇ yeva Leyla Nazı̇ m qızının ödəməkdən azad olduğu 50 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar