Məhkəmə qərarları › İş №2(007)-2938/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2938/2024

30.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2938/2024 30.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İddiaçılar X1 və İddiaçı2 Cavabdeh qarşı “kredit və girov müqaviləsinin ləğv edilməsi və girov qoyulmuş qızıl-zinət əşyalarının ona geri qaytarılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM : İddiaçılar X2 və İddiaçı2 Cavabdeh qarşı “kredit və girov müqaviləsinin ləğv edilməsi və girov qoyulmuş qızıl-zinət əşyalarının ona geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “1) onunla cavabdeh fiziki şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit (borc) və girov müqaviləsinin ləğv edilməsi, 2) girov qoyulmuş qızıl-zinət əşyalarının ona geri qaytarılması, 3) onunla fiziki şəxs Cavabdeh arasında bağlanmış 2000-ci il tarixli kredit borc və girov müqaviləsinin ləğv edilməsi, 4) girov qoyulmuş ümumi manat dəyərində qızıl-zinət əşyalarının ona geri qaytarılması” barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, iddia ərizəsi qanunvericiliyin tələbinə əməl edilməməklə, müvafiq pozuntularla verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir; 150.1.5-ci maddəsinə əsasən, iddia iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri əlavə edilir; 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə aşağıda sadalanan hallara görə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. 1) İlk öncə məhkəmə qeyd edir ki, iddia ərizəsinə iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçılar X2 və ya İddiaçı2 tərəfindən iddia ərizəsinin verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət rüsumu ödənilməmişdir. Belə ki, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edəcək sənəd qismində əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən isə görünür ki, “məhkəmələr” xidməti üzrə 100 manat məbləğində dövlət rüsumu iddiaçı (iddiaçılar) tərəfindən deyil, “X6” adlı şəxs tərəfindən ödənilmişdir. Həmin şəxsin isə hazırkı iddia ərizəsi ilə hər hansı bağlılığı müəyyən olunmur. Bu hal isə, hazırkı iddia ərizəsi üzrə dövlət rüsumunun qanunvericiliklə müəyyən olunmuş qaydada ödənilməməsi deməkdir. 2) Bundan başqa məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddia ərizəsində iddiaçının tələbi konkret göstərilməlidir. Hazırkı iddia ərizəsinin iddiaçıların xahişi hissəsindən isə görünür ki, iddiaçılar konkret formada hər birinin ayrı-ayrılıqda tələblərinin kimə münasibətdə, nədən ibarət olmasını göstərməmişlər; cavabdehin hansı iddiaçıya münasibətdə məhz hansı qızıl-zinət əşyalarını qaytarmalı olmasını qeyd etməmişlər, o cümlədən xx.xx.2018-ci il tarixli müqavilə üzrə qızıl-zinət əşyalarının girov qoyulması göstərilsə də, iddiaçının xahişi hissəsində göstərilmiş “2000-ci il tarixli” kredit müqaviləsi iddia ərizəsinə əlavə edilməmişdir, bundan başqa iddia tələbində “ümumi manat dəyərində qızıl-zinət əşyalarının iddiaçıya qaytarılması” göstərilmiş, yəni qızıl-zinət əşyasının dəyəri konkret olaraq göstərilməmişdir, hansı ki, həmin hal qiymətləndirilən iddia ərizəsinin tələbi baxımından ödəniləcək dövlət rüsumunun məbləğinin müəyyən edilməsi üçün əsasdır. 3) Məhkəmə məhz Əlavə hal olaraq qeyd edir ki, iddiaçılar X2 və İddiaçı2 iddia tələblərinin əsasını təşkil edəcək sübut qismində “cavabdeh tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli girov bileti”ni iddia ərizəsinə əlavə etmişlər, hansı ki, həmin girov biletindən də müəyyən olunur ki, “Girovverən” qismində hazırkı iddiaçılar deyil, “X3” qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə olan halda, hesab edirəm ki, yuxarıda göstərilənlərə əsasən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara qaytarılmalı, qərardadda göstərilən bütün nöqsanları aradan qaldırdıqdan sonra yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları iddiaçılara izah edilməlidir. Bundan başqa, hesab edirəm ki, iddia ərizəsi geri qaytarıldığından X6 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu büdcədən geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar X1 və İddiaçı2 Cavabdeh qarşı “kredit və girov müqaviləsinin ləğv edilməsi və girov qoyulmuş qızıl-zinət əşyalarının ona geri qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrarən məhkəməyə müraciət etmək hüquqları iddiaçılara izah olunsun. X6 tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ("xxxx" MMC, Terminal nömrəsi- 15023, Sənəd- 7D1WFGG, büdcə təsnifat kodu- 14221301, büdcə səviyyə kodu- 1, qəbz nömrəsi- **********, Tranzaksiya nömrəsi- **********9, Tarix: xx.xx.2024-cü il, saat 15:57:50) ona dövlət büdcəsindən geri qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar