Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2941/2022 24.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb edilməklə cavabdeh Bakı şəhəri 30 saylı notariat kontoruna qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 30 saylı notariat kontoruna qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra qeydi ilə ondan "xxxx" ASC-nin xeyrinə 13084 manat 68 qəpik məbəğində pulun tutulması müəyyən edilmişdir. Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş icra qeydi qanunsuz və əsassızdır, aşağıda göstərilən əsaslara görə icra qeydi ləğv edilməlidir. Onunla "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********9 saylı kredit müqaviləsi ilə ona 48 ay müddətinə illik 24 faiz olmaqla 13700 manat məbləğində kredit verilmişdir. Onun tərəfindən həmin kredit müqaviləsi üzrə borc məbləği 2022-ci il yanvar ayına kimi 11 ay müddətində 5252 manat ödənmişdir. Bundan sonra o, xəstəliyi ilə əlaqədar olaraq Sərhəd qoşunlarında gizir hərbi rütbəsində işlədiyi işindən azad edilmişdir, bu səbəbdən borcun ödənilməsində problemləri yaranmışdır, lakin buna baxmayaraq onun tərəfindən 2022-ci ilin yanvar ayından hissə-hissə müəyyən məbləğlər ümumilikdə 1500 manat pul ödənmişdir və xx.xx.2022-ci il tarixinə onun banka 6950 manat əsas və 1250 manat, ümumilikdə 8000 manat borcu qalmışdır. Mövcud vəziyyətdə isə Bakı şəhəri 30 saylı notariat ofisinin icra qeydində ondan tutulmalı olan məbləğ 13084 manat 68 qəpik müəyyən edilmişdir. İcra qeydi yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Göründüyü kimi qanunvericiliyə əsasən borc mübahisəsiz olduğu halda (borcun mübahisəsizliyi borcun olmasını və borc məbləğinin mübahisəsiz olmasını ehtiva edir) icra qeydi verilə bilər. Mövcud vəziyyətdə isə onun "xxxx" ASC-yə borcunun olması mübahisəsiz olsa da, lakin borc məbləği mübahisəli olduğu və bu mübahisə məhkəmə predmeti olduğu üçün həmin borc üzrə Bakı şəhəri 30 saylı notariat ofisi tərəfindən verilmiş icra qeydi qanunsuz və əsassızdır, həmin icra qeydi ləğv edilməlidir. Qeyd edilənlərə əsasən Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş məhkəmənin icraatında olarkən "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. 26 oktyabr 2022-ci il tarixli məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, 13400 manatla razıdır. Ö, ödənişlər etmiş, banka pulun hissə-hissə ödənilməsi ilə bağlı müraciət etmişdir. Pulu xəstə olduğu üçün götürmüş və müalicə olunmuşdur. Məhkəmədən iddia ətləbinin təmin edilməsini xahiş etmişdir. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, ididaçı məhkəməyə gəlməmişdir. Məhkəmə, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, iddiaçı müəyyən ödənişlər etmişdir. Lakin onun faiz borcları yığılmışdır. İddiaçının hazırda 13084 manat 68 qəpik borcu vardır. Keçən məhkəmə iclasında iddiaçı özü məhkəmə iclasında iştirak etmiş və bildirmişdir ki, müəyyən bir müddətdə ödəniş edə bilməmiş, bu səbəbdən gecikmələr olmuş və borc yaranmışdır. Eyni zamanda, iddiaçı icra mərhələsində ona köməklik edilməsini xahiş etmişdir. Xahişini nəzərə alaraq, ona hissə-hissə ödəniş ilə bağlı köməklik ediləcəyi bildirildi. Cavabdeh Bakı şəhəri 30 saylı Notariat Kontorunun xüsusi notariusu Ə.Əliyev məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclaslarının notariat ofisinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş və iddianın həlli üzrə məsələnin məhkəmənin mülahizəsinə buraxıldığını bildirmişdir. Belə olan halda, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********39 saylı Kredit müqaviləsinin surətindən görünür ki, “Bank” İddiaçı 48 ay müddətinə, illik 24% dərəcəsi ilə hesablanmaqla, 13700 məbləğində kredit verməyi, borc alan İddiaçı isə qeyd olunan krediti müqavilədə göstərilən şərtlərlə qaytarmağı öz öhdəsinə götürmüşdür; - “İcra qeydinin aparılacağı barədə tələbkar "xxxx" ASC tərəfindən borclu İddiaçı göndərilmiş xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Bank tərəfindən borcluya xx.xx.2021-ci il tarixli, BPM**********39 saylı müqavilə ilə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi nəticəsində xx.xx.2022-ci il tarixə 11662,9 manat əsas, 1386,57 manat faiz borcunun ödənilməli olması bildirilmiş, borc 20 gün müddətinə ödənilmədiyi halda isə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən, tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydinin aparılacağı barədə xəbərdarlıq edilmiş, həmçinin qeyd olunan bildiriş poçt vasitəsilə də borcluya göndərilmiş və borclu bildirişi təhvil almışdır; - "xxxx" ASC-nin maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli, BPM**********39 saylı kredit müqavəsi üzrə xx.xx.2022-ci il tarixinədək borclu İddiaçı tərəfindən əsas üzrə 2037,1 manat, faiz borcu üzrə 3215,42 manat ödəniş edilmiş, 11662,9 manat əsas borcu, 1396,38 manat faiz borcu ödənilməmişdir. Bank tərəfindən 25 manat dövlət rüsumu, 0,40 manat komissiya haqqı ödənilmişdir. Borc üzrə tələb olunan məbləğ 13059,28 manat, rüsum üzrə cəmi tələb olunan məbləğ isə 25,4 manatdır; -Bakı şəhəri 30 saylı notariat kontoru tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş icra qeydin surətindəndən görünür ki, Bakı şəhəri 30 saylı notariat kontoru "xxxx" ASC-nin xeyrinə İddiaçı BPM**********39 saylı müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 13059,68 manat tutulması təklif edilmişdir. Bundan əlavə borcludan tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 13084,68 manat pulun tutulması təklif edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********39 saylı Kredit müqaviləsinin surətindən görünür ki, “Bank” İddiaçı 48 ay müddətinə, illik 24% dərəcəsi ilə hesablanmaqla, 13700 məbləğində kredit verməyi, borc alan İddiaçı isə qeyd olunan krediti müqavilədə göstərilən şərtlərlə qaytarmağı öz öhdəsinə götürmüşdür. Bank tərəfindən borclu müqavilə ilə üzərinə düşən öhdəlikləri icra etməkdən müxtəlif yollarla yayındığı üçün İddiaçı barəsində icra qeydinin aparılması xahiş edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli məktub göndərilmiş və kredit müqaviləsi üzrə borcun 20 gün müddətində qaytarılması xahiş edilmiş, əks təqdirdə kredit müqaviləsində icra qeydi aparılacağı barədə xəbərdar edilmişdir. Həmin bildirişi İddiaçı qəbul etmiş, lakin 20 gün ərzində ödəniş olunmamışdır. Bundan sonra 30 saylı notariat kontoru tərəfindən xx.xx.2022-ci il tarixdə icra qeydi aparılmışdır. Həmin icra qeydinə əsasən 30 saylı notariat kontoru "xxxx" ASC-nin xeyrinə İddiaçı BPM**********39 saylı müqaviləyə əsaəsn müddət üçün vaxtında ödənilməmiş 13059,68 manat tutulması təklif edilmişdir. Bundan əlavə borcludan tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 13084,68 manat pulun tutulması təklif edilmişdir. Hazırda İddiaçı həmin icra qeydinin ləğv edilməsi tələbi ilə məhkəmə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə predmetini təşkil edən icra qeydinin verilməsinə əsas "xxxx" ASC ilə borclu İddiaçı arasında bağlanılmış əsas kredit borcunun restrukturizasiyası üzrə xx.xx.2021-ci il tarixli, BPM**********39 saylı kredit müqaviləsi olmuşdur. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 saylı qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli təqdim olunur. Məhkəmə qeyd edir ki, Bakı şəhəri 30 saylı notariat kontoru qanunvericiliyin tələblərinə uyğun olaraq "xxxx" ASC-nin təqdim etdiyi sənədlər əsasında, borcun mübahisəsiz olduğunu müəyyənləşdirərək, ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildirişi borcluya göndərmiş, lakin borclu öhdəliyini 20 gün ərzində icra etməmişdir. Bundan sonra, yəni 18 avqust 2022-ci il tarixdə notariat kontoru tərəfindən icra qeydi aparılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı “30 saylı notariat kontorunun 18 avqust 2022-ci il tarixli icra qeydinin ləğv edilməsi” tələbinə dair iddası əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı “30 saylı notariat kontorunun 18 avqust 2022-ci il tarixli icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobil AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunduğu kimi, iddiaçı məcburi köçkündür və qanunvericiliyin tələbinə əsasən məcburi köçkünlər məhkəməyə verilən iddialar üzrə dövlət rüsumunu ödəməkdən azaddırlar. Belə olan halda, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “30 saylı notariat kontorunun 18 avqust 2022-ci il tarixli icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2941/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2941/2022
24.11.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver