Məhkəmə qərarları › İş №2(007)-2949/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2949/2023

25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2949/2023 25.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ilkin müqavilənin ləğv edilməsi və pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "ilkin müqavilənin ləğv edilməsi və pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsi, avtomobilimin təmirinə sərf etdiyi 2075 (iki min yetmiş beş) manat pul məbləğinin, onun əvəzinə ödədiyi yol hərəkəti qaydalarının pozduğuna görə 300 (üç yüz) manat cərimə məbləğinin və məhkəməyə ödədiyi dövlət rüsumu 51 (əlli bir) manat, ümumilikdə 2426 (iki min dörd yüz iyirmi altı) manat pul məbləğinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə o, İddiaçı və Cavabdeh müqavilədə müəyyən edilmiş şərtlərlə Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2023-cli il tarixdə BA279197 qeydiyyat nömrəsi olan X1 Şəhadətnaməsinə əsasən ona məxsus olan TOYOTA PRİUS (HİBRİD) minik markalı, buraxılış ili 2007-ci il, dövlət nömrə nişanı ** VD *** olan minik avtomobilinə dair gələcəkdə əsas alqı-satqı müqaviləsi bağlamağı öhdələrinə götürürək “Nəqliyyat vasitəsinin ilkin alqısatqısı” müqaviləsi bağlamışlar. Həmin müqaviləyə əsasən avtomobilin qiymətini 31 100 (otuz bir min yüz) manat dəyərində qiymətləndirmişlər. Cavabdehlə müqavilənin şərtlərinə əsasən razılaşdıqları məbləğdən 500 (beş yüz) manatını ödədikdən sonra qalan 30 600 (otuz min altı yüz) manatı 34 (ay) ərzində hər ay 900 (doqquz yüz) manat olmaqla ona ödədikdən sonra əsas alqı-satqı müqaviləsi bağlamaq barədə öhdəlik götürmüşlər. Lakin cavabdeh müqavilənin şərtlərini kobud surətdə pozmuş, ona razılaşdıqları vaxtda aylıq ödənişi etməkdən yayınmış və ona məxsus avtomobili bərbad, yararsız hala salmışdır. Avtomobili əvvəlki vəziyyətinə gətirmək üçün təmirə 2075 (iki min yetmiş beş) manat pul xərcləmişdir. Bundan əlavə cavabdeh yol hərəkəti qaydalarını pozduğu üçün 300 (üç yüz) manat məbləğdə onun əvəzinə cərimələri ödəmişdir. Əlində həmin faktları sübut edən sənədlər vardır. O, cavabdehlə aralarında bağlanmış müqavilənin ləğv edilməsi ilə bağlı notariusa müraciət etsə də cavabdeh ondan qaçıb gizləndiyi üçün müqavilənin birtərəfli qaydada ləğv edilməsinin onların tərəfindən mümkün olmadığını və bununla bağlı məhkəməyə müraciət etməyi ona bildirilmişdir. O, cavabdehə bununla bağlı yazılı xəbərdarlıq etməyinə baxmayaraq heç bir müsbət nəticə əldə edə bilməmişdir. Ona görə də hazırda məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X4 iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq izahatında göstərmişdir ki, Seymur maşını verəndən 40 gün keçməmiş maşını yararsız hala salmış, maşının ön hissəsini vurmuş, maşınları vurub qaçmışdır. Cavabdeh digər maşınlara 300 manat məbləğində ziyan vurmuşdur. O, həmin cərimələri ödəmişdir. Çünki əks halda, maşın cərimə meydançasına aparılacaqdı. Bundan başqa, yol polisi onu saxlayıb maşının cərimələri olduğunu bildirmişdir. Texniki pasport iddiaçının adınadır. Onlar cavabdehlə əlaqə saxlamaq istəsələrdə sonuncunun atası onlara bildirmişdir ki, oğlundan imtina edib. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - İddiaçı (birinci tərəf) ilə Cavabdeh (ikinci tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli ilkin müqavilənin 1.1-ci və 2.1-ci bəndlərindən görünür ki, tərəflər İddiaçı məxsus 2007-ci il buraxılışlı ** VD *** dövlət nömrə nişanlı “TOYOTA PRİUS HİBRİD” minik markalı avtomobilin 31100 manata Cavabdeh satılması barədə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər. Birinci tərəf satılacaq avtomobili 31100 manata qiymətləndirmiş, avtomobili həmin qiymətə ikinci tərəfə satmağı, ikinci tərəf isə avtomobili 31100 manata almağı öhdəsinə götürmüşdür. İkinci tərəf ilkin müqavilə bağlanan anda 500 manat ilkin ödəniş etməyi, qalan 30600 manat satış məbləğini xx.xx.2023-cü il tarixdən etibarən hər ay 900 manat olmaqla 34 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2 və 2.4-cü bəndlərindən görünür ki, alıcı avtomobilin idarə edilməsi ilə bağlı yol hərəkət qaydalarının pozulmasına və avtomobilə dəymiş ziyanla bağlı tam məsuliyyət daşıyır. Alıcı nəqliyyat vasitəsini təmiz, saz vəziyyətdə saxlamalı, öz hesabına cari təmiri həyata keçirməlidir. - xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə tərtib edilmiş İXP5549753 nömrəli protokol üzrə 40 manat (yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə inzibati xəta üzrə), EQ15225157 nömrəli qərar üzrə 10 manat, EQ15059966 nömrəli qərar üzrə 50 manat, İXP5536300 nömrəli protokol üzrə 100 manat, EQ15245463 nömrəli qərar üzrə 40 manat və İXP5515115 nömrəli protokol üzrə 60 manat olmaqla, cəmi 300 manat pul vəsaiti ödəmişdir. - xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı tərəfindən Cavabdeh müqavilənin tələblərinə riayət edilməsinə dair xəbərdarlıq edilmiş, əks təqdirdə nəqliyyat vasitəsindən istifadə nəticəsində vurulan ziyanın ödənilməsi və müqavilənin birtərəfli qaydada ləğv edilməsinin məhkəmə vasitəsi ilə tələb olunacağı bildirilmişdir. - “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, 2007-ci il buraxılışlı ** VD *** dövlət nömrə nişanlı “TOYOTA PRİUS HİBRİD” minik markalı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. - “X6” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 11/08-09 saylı qaimədən görünür ki, həmin tarixə ** VD *** dövlət nömrə nişanlı “TOYOTA PRİUS HİBRİD” minik markalı nəqliyyat vasitəsinin təmir xərci 2075 manat təşkil edir. - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 51 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı ilə aralarında bağlanmış ilkin müqavilə əsasında dəyəri 31100 manat olan 2007-ci il buraxılışlı ** VD *** dövlət nömrə nişanlı “TOYOTA PRİUS HİBRİD” minik markalı nəqliyyat vasitəsinə görə xx.xx.2023-cü il tarixdən başlayaraq 15 ay müddətində hər ay 900 manat pul ödəməyi ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı ilkin müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin dəymiş ziyanın ödənilməsi hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 2.2 və 2.4-cü bəndlərindən görünür ki, alıcı avtomobilin idarə edilməsi ilə bağlı yol hərəkət qaydalarının pozulmasına və avtomobilə dəymiş ziyanla bağlı tam məsuliyyət daşıyır. Alıcı nəqliyyat vasitəsini təmiz, saz vəziyyətdə saxlamalı, öz hesabına cari təmiri həyata keçirməlidir. Lakin, nəqliyyat vasitəsinin iş materiallarına əlavə edilmiş fotoşəkillərindən görünür ki, nəqliyyat vasitəsi zədəli vəziyyətə salınmış, o cümlədən avtoservis tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qaimədə dəymiş ziyanın məbləği 2075 manat müəyyən edilmişdir. Buna görə də, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyə əməl etmədiyindən dəymiş ziyanı ödəməlidir. Məhkəmə iddia tələbinin “ödənilmiş 300 manat cərimələrin qaytarılması” hissəsinə münasibətdə də hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən həmin cərimə məbləği tam şəkildə ödənilmiş və müvafiq ödəniş qəbzləri məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tələb etdiyindən məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehdən tutulub, iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsi ləğv edilməli, xx.xx.2023-cü il tarixli ilkin müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan 2007-ci il buraxılışlı ** VD *** dövlət nömrə nişanlı “TOYOTA PRİUS HİBRİD” minik markalı nəqliyyat vasitəsinin təmirinə sərf edilmiş 2075 manat pul vəsaiti, ödənilmiş 300 manat məbləğində cərimə məbləğləri və 51 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2426 manat pul vəsaiti Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsi ləğv edilsin. xx.xx.2023-cü il tarixli ilkin müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan 2007-ci il buraxılışlı ** VD *** dövlət nömrə nişanlı “TOYOTA PRİUS HİBRİD” minik markalı nəqliyyat vasitəsinin təmirinə sərf edilmiş 2075 manat pul vəsaiti, ödənilmiş 300 manat məbləğində cərimə məbləğləri və 51 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2426 manat pul vəsaiti Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar