Məhkəmə qərarları › İş №2(007)-2966/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2966/2021

20.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2966/2021 20.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, X2 Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kreditin, faizlərin və zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kreditin, faizlərin və zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı onunla əsaslandırdı ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 15 noyabr 2019-cu il tarixində kredit verilməsi haqqında 009CASA193190002 saylı müqavilə bağlanıb, Bank tərəfindən ona illik 23 faiz ödənilməsi şərti ilə 12 ay müddətinə 6000 manat məbləğində kredit verilib. Cavabdeh2 ilə 15.11.2019-cu il tarixli 009FİZAM62433202 saylı, həmçinin digər Cavabdeh3 ilə 15.11.2019-cu il 009FİZAM77698401 saylı zaminlik müqaviləsinə əsasən, həmin kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün zaminlik öhdəlikləri üzərinə götürmüşlər. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini hissə-hissə ödəməli idi. Lakin o, İddiaçı ASC-yə ərizə ilə müraciət edərək ona verilmiş kreditin restrukturizasiya edilməsini və bununla bağlı müvafiq razılaşmanın imzalanması xahiş etmişdir.Bundan sonra tərəflər arasında bağlanmış 009CASA193190002 saylı 15.11.2019-cu il tarixli kredit müqaviləsinə dair 07.05.2020-ci il tarixli razılaşma imzalanmışdır. Həmin razılaşmaya əsasən, Cavabdeh1 kredit üzrə 4153,19 manat əsas və 127,32 manat faiz borcu 23% olmaqla son icra müddəti 07.04.2021-ci il tarixi müəyyən edilmişdir. Qeyd edilən razılaşma şərtlərini digər cavabdehlər də qəbul etmiş və bu barədə 07.05.2020-ci il tarixli yeni zaminlik müqavilələri imzalamışlar. Lakin kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 18.05.2021-ci il tarixə İddiaçı ASC-yə 4153,19 manat əsas kredit borcu, 173,42 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 4326,61 manat borcu qalmışdır Cavabdehlərə dəfələrə şifahi və bildirişlə müraciət etmələrinə baxmayaraq kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Qeyd olunanları nəzərə alaraq tərəflər arasında bağlanmış 009CASA********** saylı 07.05.2020-ci il tarixli razılaşmanın ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-yə 4153,19 manat əsas kredit borcunun, 173,42 manat kreditdən istifadəyə görə faiz borcunun və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4356,61 manat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf etdi və izahat verərək göstərdi ki, onun banka borcu var . İlk vaxtlar borcu ödəsə də, sonradan ödəyə bilmədi. Ona şərait yaratsalar borcu hər ay hissə-hissə ödəyə bilər. İddianın təmin olunmasına etiraz etmir. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsa da məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 15 noyabr 2019-cu il tarixli 009CASA193190002 saylı müqavilə üzrə 07.05.2020-ci tarixli,009CASA********** saylı restrukturizasya razılaşmasından görünür ki, Bank tərəfindən Cavabdeh1 illik 23 faiz ödənilməsi şərti ilə 12 ay müddətinə 6000 manat məbləğində kredit verilib. İş materiallarında olan 15.11.2019-cu il tarixli 009CASA193190002 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, hər ayın 17-dən gec olmayaraq hər ay 564,62 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh1 tərəfindən 07.05.2020-ci il tarixli ərizədən görünür ki, onunla İddiaçı ASC-nin Əhmədli filialı arasında bağlanmış 009CASA193190002 saylı 15.11.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, 12 ay müddətinə illik 23 % dərəcəsi ilə verilmiş 6000 AZN məbləğində kredit üzrə 3 aylıq güzəşt müddətinin verilməsini və kredit müddətinin 3 ay artırılmasını xahiş etmişdir. İş materiallarında olan 18.05.2021-ci il tarixli arayışdan görünür ki, kredit müqaviləsinin bitdiyi tarixə kredit borcunun məbləği 4153,19 manat, kredit müqaviləsinin bitdiyi tarixə faiz borcunun məbləği 173,42 manat, borc üzrə iddia tələbinin cəmi 4326,61 manatdır. İş materiallarında olan 07.05.2020-ci il tarixli 009FİZAM62433203 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 qeyd olunan razılaşma üzrə zaminlik öhdəlikləri götürmüşlər. İş materiallarında olan 05.02.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh1 15.11.2019-cu il tarixli 009CASA193190002 saylı müqavilə üzrə öhdəlikləri icra etmədiyinə görə kredit müqaviləsinin ləğv edilməsi üçün 3 iş günü müddətində banka yaxınlaşmağı, əks təqdirdə məhkəmə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, bank məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır.Bank həmin müqavilə ilə üzərinə götürdüyü öhdəliklərə əməl edərək kredit məbləğini ödəmiş,borclu isə öz öhdəliklərini yerinə yetirməmişdir.Nəticədə onun banka 4356,61 manat ödənilməmiş borcu qalmışdır.Digər cavabdehlər isə zaminlik öhdəliklərinə əməl etməmişlər. Ona görə də məhkəmə hesab edir ki iddia əsaslıdır. Məhkəmə işin hallarını tam və hərtərəfli arşdırıb,sübutları qiymətləndirərək hesab edir ki,iddia təmin olunmalı, tərəflər arasında bağlanmış 07.05.2020-ci tarixli,009CASA********** saylı razılaşma ləğv olunmalı,Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 4153,19 manat əsas borc,173,42 manat faiz borcu və 30 manat ödənilmiş dövlət rüsumu,cəmi 4356,61 manat pul vəsaitinin tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçıSC ilə Cavabdeh1 arasında bağlanmış 009CASA********** saylı 07.05.2020-ci tarixli razılaşma ləğv edilsin. Cavabdeh1, X1 və Cavabdeh3 müştərək qaydada 4153,19 manat əsas borc, 173,52 manat faiz borcu və 30 maanat ödənilmiş dövlət rüsumu, cəmi 4356,61 manat borc İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar