Məhkəmə qərarları › İş №2(007)-3/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3/2023

30.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3/2023 30.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Məmmədova Fatma Əsəd qızına, Cavabdeh1, Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC “28 May” filialı ilə borclu Məmmədova Fatma Əsəd qızı arasında 22 may 2015-ci il tarixli, № 03-MK/01266 saylı kredit müqaviləsi bağlanaraq borcalana 15 (on beş) ay müddətinə, illik 28 (iyirmi səkkiz) faiz ödəmək şərti ilə, 4000 (dörd min) ABŞ dollar məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan krediti və ona hesablanmış faizləri bankın kassasına nağd şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hal-hazıradək kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmiş, borc ödənilməmişdir. Götürülmüş kredit üzrə İddiaçı ASC “28 May” filialı ilə Cavabdeh1 və Cavabdeh2 arasında 22 may 2015-ci il tarixli, № 03-MK/01266 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zaminlər kreditor qarşısında arasında 22 may 2015-ci il tarixli, № 03-MK/01266 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərlərinə götürürlər. Qeyd olunanlara əsasən İddiaçı ASC ilə Məmmədova Fatma Əsəd qızı arasında bağlanılmış 22 may 2015-ci il tarixli, № 03-MK/01266 saylı kredit müqaviləsinə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanılmış 22 may 2015-ci il tarixli, № 03-MK/01266 saylı zaminlik müqaviləsinə əsasən borclular Məmmədova Fatma Əsəd qızı, Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 821 (səkkiz yüz iyirmi bir) ABŞ dollar əsas borcu, 145 (bir yüz qırx beş) ABŞ dollar faiz borcu, 20 (iyirmi) ABŞ dollar cərimə borcu olmaqla cəmi 986 (doqquz yüz səksən altı) ABŞ dollar pul vəsaitinin, ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Məmmədova Fatma Əsəd qızına, Cavabdeh1, Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinin cavabdeh Məmmədova Fatma Əsəd qızına aid hissəsində bankın məhkəməyə ərizə ilə Məmmədova Fatma Əsəd qızı vəfat etdikdən sonra müraciət etməsi və ölmüş şəxsə qarşı iddia qaldırılmasının yolverilməz olması əsası ilə mülki işin icraatına xitam verilməsi, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” hissəsinə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi, işin icraatına xitam verildiyindən, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsinin tərəflərə izah edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh1 iddianı qismən qəbul etdiyini, hazırki borc üzrə zamin olduğunu bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə borcalan Məmmədova Fatma Əsəd qızı arasında bağlanmış 22 may 2015-ci il tarixli, № 03-MK/01266 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Məmmədova Fatma Əsəd qızına 15 ay müddətinə, illik 28 faiz ödəmək şərti ilə 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. Məmmədova Fatma Əsəd qızı həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - İddiaçı ASC ilə zaminlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 22 may 2015-ci il tarixli, № 03-MK/01266 saylı zaminlik müqavilələrindən görünür ki, zaminlər Cavabdeh1 və Cavabdeh2 həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borcalan Məmmədova Fatma Əsəd qızı ilə birgə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. - İddiaçı ASC-nin xx.xx.2016-cı il tarixli maliyyə arayışından görünür ki, cavabdeh Məmmədova Fatma Əsəd qızının kredit müqaviləsi üzrə 821 ABŞ dolları əsas, 145 ABŞ dolları faiz, 20 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 986 ABŞ dolları borcu vardır. - AZ-İ № 846926 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədova Fatma Əsəd qızı xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Məmmədova Fatma Əsəd qızı arasında bağlanmış 22 may 2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Məmmədova Fatma Əsəd qızına 1 il güzəşt müddəti olmaqla 15 ay müddətinə, illik 28 faiz ödəmək şərtilə, 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. Məmmədova Fatma Əsəd qızının kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi, İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında 22 may 2015-ci il tarixli zaminlik müqavilələri bağlanmış və zaminlər kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borcalanla birgə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşdür. Məmmədova Fatma Əsəd qızı xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Lakin cavabdehlər kredit borcunun ödənilməsinə dair müqavilə ilə üzərlərinə düşən öhdəliklərə əməl etməmişlər, iddiaçının bununla bağlı xəbərdarlığını yerinə yetirməmişlər və nəticədə cavabdehlərin iddiaçıya 821 ABŞ dolları əsas, 145 ABŞ dolları faiz, 20 ABŞ dolları cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan 04 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Mülki Məcəllənin 477-ci maddəsində borclunun ölümü zaminlik müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından, borclu öldüyü halda da zamin təmin etdiyi öhdəliyə görə məsuliyyətli olmaqda davam edir. Bu həm də ondan irəli gəlir ki, zaminlik müqaviləsi ilə zamin kreditor qarşısında əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riskini öz üzərinə götürür və bu riskin reallaşacağı təqdirdə kreditora mənafeyini təmin edəcəyinə dair zəmanət verir. Yəni borclunun ölümü səbəbindən əsas öhdəliyin icra edilməməsi də zaminin təminat verdiyi risklər dairəsinə daxildir. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh Məmmədova Fatma Əsəd qızı İddiaçı ASC ilə 22 may 2015-ci il il tarixli kredit müqaviləsi bağlamış, Cavabdeh1 və Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfləri olmuşlar və Məmmədova Fatma Əsəd qızının bank qarşısında öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti, habelə Məmmədova Fatma Əsəd qızının zaminliklə təmin edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərlərinə götürmüşlər. Lakin Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliklərini pozmuş iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdirlər. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdehlər müqavilə üzrə bank qarşısında öhdəlik götürdüklərindən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdıqlarından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidirlər. Məhkəmə onu da qeyd edir ki, iddia tələbi üzrə ABŞ dolları ilə ifadə olunan borc məbləği qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla, cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə məhkəmə qətnaməsinin icra edildiyi tarixə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla 22 may 2015-ci il tarixli, № 03-MK/01266 saylı kredit müqaviləsi üzrə 821 ABŞ dolları əsas borcu, 145 ABŞ dolları faiz borcu, 20 ABŞ dolları cərimə borcu olmaqla cəmi 986 ABŞ dolları borc və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə məhkəmə qətnaməsinin icra edildiyi tarixə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla 22 may 2015-ci il tarixli, № 03-MK/01266 saylı kredit müqaviləsi üzrə 821 ABŞ dolları əsas borcu, 145 ABŞ dolları faiz borcu, 20 ABŞ dolları cərimə borcu olmaqla cəmi 986 ABŞ dolları borc və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar