Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3002/2022 11.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, idda ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər əy 300(üç yüz) manat sabit pul məbləğinin Cavabdeh Siibahət oğlundan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(007)-1817/2015 saylı qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuşdur. Məhkəmə nikahı pozmaqla yanaşı birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X5 onun yanında saxlanması və uşağın saxlanması üçün cavabdehdən hər ay qazancından 200 manat aliment tutularaq ona ödənilməsi qət etmişdir. Məhkəmənin qərarı ilə uşaq onunla yaşayır. Uşağın təhsili tərbiyəsi və s. özü məşğul olur. Onun yaxşı təhsil alması, tərbiyə görməsi və dünya görüşünün yüksək olması üçün əlindən gələni etməyə çalışır və bunda atasının heç bir köməyi, dəstəyi yoxdur. Onunla nə məktəbi, nə də təhsili ilə maraqlanır. Hal-hazırda X5 9 yaşı var. Bakı şəhəri Nizami rayon Məhkəməsinin qətnaməsinə əsasən qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq 3-cü sinifdə təhsil alır və ona görə də yetərincə məsrəfləri artmışdır. Uşaq dərsdən sonra nahar fasiləsinə qalır və repetitor hazırlığına gedir. Ödənilən məbləğ yalnızca bunu görür. Uşağın digər ehtiyaclarına çatmır. Əlavə kurslara, bilik və bacarıqlarını, dünya görüşünün artırılmasına yönələn kurslara övladını apara bilmir. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır, onun digər xərclərini ödəmir. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə o çəkir. Hal-hazırda işləmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək və işsiz ana olaraq bu ona çox çətindir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh hazırda "X4" Tibb Mərkəzində il üzrə mütəxəssisdir və məvacibi bir uşağın saxlanması üçün aylıq 300 (üç yüz) manat ödəmək iqtidarındadır. Həmçinin cavabdeh rəsmi iş yerindən başqa əvvəl işlədiyi müəssisədən də gəliri də var. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(007)-1817/2015 saylı qətnaməsi ilə iddiaçı ilə aralarında bağlanmış nikahın pozulması, xx.xx.2014-cü il təvəllüdlü qızları X5 iddiaçının yanında qalması və ondan X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün aylıq qazancının ¼ hissəsi miqdarında alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Bundan sonra, iddiaçı ona qarşı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1766/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilməklə, xx.xx.2015-ci il tarixli qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş və ondan övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə övladlarının saxlanılması üçün tutulmuş 200 manat məbləğində alimenti vaxtlı-vaxtında ödəyir və bununla da övladının tələbatlarının təmin olunmasında maksimum səviyyədə iştirak edir. Halbuki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, uşaqlarının saxlanılması, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi bir ata kimi təkcə onun deyil, bir valideyn kimi həm də iddiaçının öhdəliyidir. Bu baxımdan iddiaçı, öz növbəsində uşaqlarının maddi tələbatlarının təmin olunmasında öz səylərini əsirgəməməlidir. Bu səbəbdən onun tərəfindən ödənilən aliment məbləğinin hazırda dəyişdirilməsinə/artırılmasına hər hansı hüquqi və faktiki əsas yoxdur. Məhkəmə iclasında iddiaçı X3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki, o hüquqşünasdır, amma uşağı tək qoyub işləyə bilmir. Anası ilə qalır, cavabdeh 1500-1700 manat əmək haqqı alır, amma vergidən yayınmaq üçün əmək haqqısını az göstərir. Aliment əvvələr ¼ olmuş, sonradan isə dəyişdirilərək 200 manat olmuşdur. Cavabdehin əlavə gəlirləri də vardır. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı X3 və Cavabdeh birgə nikahda olduqları müddətdə xx.xx.2014-cü il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. Tərəflərin ailə münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(007)-1817/2015 saylı qətnaməsi ilə iddia təmin edilmiş, tərəflər arasında bağlanılmış nikahın pozulması, xx.xx.2014-cü il təvəllüdlü X5 iddiaçının yanında qalması və Cavabdeh xx.xx.2015-ci il tarixdən başlayaraq X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün aylıq qazancının ¼ hissəsi miqdarında alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1766/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(007)-1817/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş və Cavabdeh övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırda ana uşağın saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını, yəni hər ay 300 manat olmasını xahiş edir. O, məhkəməyə müraciət etməzdən qabaq mediasiya prosesindən keçmişdir. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 2022-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2021-ci il tarixli Qanununa əsasən 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbinin alimentin alınması hissədə tam təmin edilməsi aşağıdakılara görə məqsədəuyğun deyil. Belə ki, uşaqların saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşaqların saxlanılması üçün yalnız atanın (cavabdehin) maddi öhdəliyini tanıyaraq alimentin məbləğini 300 manat miqdarında müəyyən etmək Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun olmazdı. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci, 78.1-ci və 112,1-ci maddələrinin müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2019cu ildə müəyyən edilmiş alimentlə uşaqları saxlamaqda çətinlik çəkir. Hazırda isə uşaqlar üçün yaşayış minimumu məbləği həmin vaxt 160 manat olduğu halda 193 manat olmaqla 33 manat artmışdır. Həmçinin cavabdeh "xxxx" MMC-də aparıcı mühəndis işləməklə, 898,29 manat əmək haqqı alır və şəxsi maşınların sürücü ilə icarəsini həyata keçirir. Qeyd olunanlara əsasən, uşağın saxlanılması üçün zəruri olan maddi təminatın həm də iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində aliment müəyyən olunmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən xx.xx.2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, alimentin artırılması Azərbaycan Respublikası MPMnin 233.4-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəsini aldıqdan sonra tutulduğundan iddia tələbinin “idda ərizəsi məhkəməyə təqdim edildiyi gündən alimentin tutulması” hissəsi təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 03 mart 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün tutulmalı olan, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-1766/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçının mediasiya xərci qismində ödəmiş olduğu 60 manat məbləğində vəsait ona aid edilməli, Cavabdeh iddiaçının ödəməkdən azad edildiyi 40 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 03 mart 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün tutulmalı olan, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-1766/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 03 mart 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı mediasiya xərci qismində ödəmiş olduğu 60 manat məbləğində vəsait iddiaçıya aid edilsin. İddiaçı ödəməkdən azad olduğu 40 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-3002/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3002/2022
11.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver