Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3017/2024 05.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh ona dəymiş maddi ziyan 1700 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, əvvəllər tanıdığı və aralarında yaxşı münasibətləri olan Cavabdeh təxminən bir il əvvəl ondan xahiş etdi ki, onun üçün öz adına 1700 manat dəyəri olan “Ayfov 11” markalı telefonunu kreditlə alsın, hər ay özü 220 manat kredit ödənişini edəcəkdir. O, da Cavabdeh yaxşı tanıdığı üçün onun xahişini yerinə yetirdi və öz adına hər ay 220 manat ödəmək şərti ilə onun üçün kreditə “Ayfon 11” markalı telefon almış və telefonu işlətmək üçün Cavabdeh vermişdir. Cavabdeh telefonu aldıqdan sonra iki ay ödənişi etdi. Sonra o, ödənişi dayandırdığı üçün hər ay 220 manat kredit pulu onun pensiyasına yönəldildi və ondan hər ay 220 manat pul tutulmağa başladı. O, dəfələrlə Cavabdeh yaşadığı ünvana gedərək ona ya telefonun aylıq kreditinin ödənilməsini və ya telefonun ona verilməsini xahiş etsə də, Cavabdeh və anası onu nalayiq söyülərlə təhqir edərək qapılarından qovdular. Beləliklə, Cavabdeh “Ayfon-11” markalı mobil telefonları kreditlə onun üçün götürməyi, pulunu isə özü ödəyəcəyini bildirərək onun adına alaraq rəsmiləşdirdi və sonra da telefonların da pulunu verməmişdir. Təkrar olaraq göstərir ki, dəfələrlə Cavabdeh və onun anasına müraciətlər etsəm də onlar ona müsbət cavab vermədilər. O, Cavabdeh tərəfindən aldadıldığını başa düşərək yaşadığı ərazi üzrə Bakı şəhəri Nizami RPİ-nə ərizə ilə müraciət etsə də, heç bir cavab almamışdır. Laki, ona tanımadığı polis əməkdaşı tərəfindən şifahi olaraq izah edilmişdir ki, yaranan mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət edə bilər. Odur ki, ona dəymiş ziyanın Cavabdeh alınaraq ona ödənilməsini iddia edir.
İş materialları :
3. 3 saylı Bakı DOST Mərkəzinin 08 iyul 2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondundan müharibə veteranı kimi 80 manat məbləğində Prezident təqaüdü alır.
4. İş materiallarına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən əldə edilmiş sosial müavinət və təqaüd haqqında arayış əlavə edilmişdir.
Tətbiq edilən hüquq :
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
6. “Dövlət rüsumu haqqında” Qanun :
8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi
Məhkəmənin mövqeyi :
7. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
8. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsində cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar, o cümlədən iddiaçının tələbinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməlidir.
9. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçının hazırki iddia tələbinin əsasını öz adına cavabdeh üçün aldığı “İphone 11” markalı mobil telefonun dəyərinin onun tərəfindən ödənilməsi ilə əlaqədar onun tərəfindən ödənilən məbləğin cavabdehdən tutulması təşkil edir. Lakin cavabdeh tərəfindən iddia tələbinin faktiki əsasını təşkil edən kredit müqaviləsi, həmin müqavilə üzrə onun tərəfindən ödəniş edilməsinə dair sübutlar iş materiallarına əlavə edilməmişdir. Halbuki mülki prosesual qanunvericiliyə əsasən iddiaçının ilk vəzifəsi iddia tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutları iddia ərizəsinə əlavə etməkdir.
10. Həmçinin məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsində iddiaçının və cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) göstərilməlidir. Lakin iddia ərizəsi öyrənilərkən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində cavabdehlərin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar göstərilməmişdir. Bu səbəbdən cavabdehlərin şəxsiyyətini müəyyən etmək tərəfimizdən mümkün olmamışdır. Cavabdehin şəxsiyyətinin müəyyən edilməsi mülki prosessual qanunvericiliyin ərazi aiddiyətinə dair tələblərinə riayət edilib-edilmədiyinin, cavabdehin yaşayıbyaşamamasının və digər halların araşdırılması üçün zəruridir.
11. Mülki prossesual qanunvericiliyə əsasən iddia ərizəsi ilə müraciət olunan zaman qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməli və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilməlidir. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin təqdim edilmədiyi müəyyən edilmişdir.
12. Mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
Nəticə :
13. Beləliklə, məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələbinə riayət olunmadığı üçün İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.
14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. İddiaçı göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva