Məhkəmə qərarları › İş №2(007)-303/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-303/2022

08.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-303/2022 08.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə1, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X6, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə2, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə qarşı “maddi ziyan və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Eldar” Kiçik Müəssisəsinin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı cavabdeh İddiaçı qarşı “öhdəliyə xitam verilməsi və pul” tələbinə dair mülki işə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “maddi ziyan və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 16 avqust 2021-ci il tarixdə Cavabdeh adından çıxış edən X8 ilə icarə müqaviləsi bağlamış, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 304,7 kv.m olan qeyri-yaşayış sahəsinin 120 kv.m hissəsin un məmulatları istehsalı məqsədilə icarəyə götürmüş, icarə müqaviləsinin sonu 16.08.2023cü il müəyyən edilmişdir. İcarə haqqı olaraq ödədiyi beş yüz manatın yalnız 120 manatı müqavilədə qeyd edilmişdir. 03 oktyabr 2021-ci il tarixdə etibarnamə ilə Cavabdeh təmsil edən Nümayəndə2 icarəyə götürülmüş sahəsinin açarını ondan almış və icarə haqqını 800 manat ödəyəcəyi barədə məlumat vermiş, əks təqdirdə sahədən çıxmağını tələb etmişdir və bu zaman sahədə 82 ədəd un məhsulu, hər birinin qiyməti 27 manat olmaqla qalmış, yalnız polis şöbəsinə müraciət etdikdən sonra un tayının qaytarılmasına razılıq vermiş və bu zaman çərçivəsində məhsul tam formada zay olmuşdur. Həmçinin, 03 oktyabr 2021-ci ildən fəaliyyəti dayanmış, gəlir əldə edə bilməmişdir. Qeyd edilənlərə əsasən, cavabdehin təqsiri üzündən yararsız vəziyyətə düşmüş 82 ədəd un tayının bir tayının dəyəri olan 27 manat, cəmi 2214 manat, 16 avqust 2021-ci il tarixdən müqavilənin sonu 16 avqust 2023-cü il tarixə qədər cəmi 730 gün hər gün üçün 50 manat əldən çıxmış gəlir 36500 manat, məhkəməyə müraciət olunması ilə bağlı rüsum kimi 234 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, ilk növbədə işin faktiki halları ilə əlaqədar bildirir ki, öhdəlik münasibətləri üzrə əks tərəf olan qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə 16.08.2021-ci il tarixdə əmlak icarə müqaviləsi bağlayaraq mülkiyyətlərində olan və ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 304,70 kv.m dən ibarət qeyri-yaşayış sahəsini onun icarəsinə vermişdir. Müqavilə Bakı şəhəri 12 saylı notariat ofisinin 16.08.2021-ci il tarixli, 3m-1751 reyestr qeydli müqaviləsi ilə rəsmiləşdirilmişdir. Müqavilənin şərtlərinə əsasən icarəyə verən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 304,7 kv.m olan qeyri-yaşayış binasının tam mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən 120 kv.m hissəni 16.08.2023-cü il tarixədək icarəyə verir. İcarə haqqı 120 manat müəyyən olunmuşdur. Əlavə şərtlərdən biri də odur ki, icarə müddətinin bitməsinə bir ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha bir il müddətinə uzadılmış hesab edilir və icarəçi 16.02.2022-ci il tarixindən əvvəl çıxarsa sonrakı altı aylıq icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 11-ci bəndinin məzmununa əsasən kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqları icarəçi tərəfindən ödənilir. Lakin cavabdeh tərəf öz üzərinə götürdüyü öhdəlik şərtlərinə riayət etməyərək müqavilədə razılaşmanı pozmuşdur. İcarə haqı verməmiş, əşyaları obyektdə saxlamaqla ona əmlakı digər şəxslərə icarə verməyə maneə yaratmış, müqavilənin 4-cü bəndinin tələblərinə riayət etməmişdir (icarəçi 16.02.2022-ci il tarixindən əvvəl çıxarsa sonrakı altı aylıq icarə haqqını ödəməyi öz öhtəsinə götürür). Mövcud mübahisəli işdə cavabdeh bu şərtlərə riayət etməmişdir. İcarə obyektini vaxtından əvvəl tərk etmiş, işlədiyi elektrik enerjisinin dəyərini ödəməmiş və icarəyə verənə maddi ziyan vurmuşdur. Hətta bununla yanaşı ona əlavə maddi ziyan da vurulmuşdur. İstifadə etdiyi müddət ərzində işlətdiyi elektrik enerjisinin dəyəri olan 245 (iki yüz qırx beş) manat məbləğində pulu da cavabdeh ödəməyərək getmişdir. Həmin məbləği müəssisənin elektrik təhcizatı kəsilməsin deyə ödəmişlər. Odur ki, əks tərəfə, yəni qarşılılı iddia üzrə cavabdehə qarşı icarə müqaviləsi üzrə pul və maddi ziyana görə pul tələbi barədə iddia qaldıraraq müqaviləyə xitam verilməsini istəyir. Qeyd edilənlərə əsasən, əsas iddianın rədd olunması, qarşılıqlı iddianın təmin olunaraq cavabdehdən tərəflər arasında bağlanmış Bakı şəhəri 12 saylı notariat ofisinin 16.08.2021-ci il tarixli, 3m-1751 rayestr qeydli müqaviləsinə xitam verilməsi, iddia verilən günə hesablanmaqla Cavabdeh xeyrinə icarə müqaviləsi üzrə 480 (dörd yüz səksən) manat, vaxtından əvvəl müqaviləni pozduğuna görə 720 (yeddi yüz iyirmi) manat məbləğində pulun, vurulmuş maddi ziyana görə 245 (iki yüz qırx beş) manat pulun, ümumilikdə 1445 (bir min dörd yüz qırx beş) manat pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə uyğun olaraq qarşılıqlı iddia ərizəsinə əlavə verərək qeyd etmişdir ki, mübahisə üzrə cavabdehə məxsus əşyalar icarə obyektində qalmış və qərəzli olaraq götürülməmişdir. Tərəf bununla müəssisənin gəlir obyektində müvafiq maneə yaratmışdır və maddi ziyan vurmaqda davam edir. Dəfələrlə tərəfə bildirilməsinə baxmayaraq cavabdeh İddiaçı özünə məxsus bir ədəd xəmir yoğurma aparatını, bir ədəd çörək bişirmə peçini, bir ədəd tefal çaynikini, bir ədəd kündə çəkilməsi üçün tərəzini, bir ədəd köhnə yararsız soyuducunu və 15 tay un dolu kisələri çıxarmır. Bu isə öz növbəsində sahibkar olaraq onların fəaliyyətlərini məhdudlaşdırır və maddi ziyanla müşayiət olunan mühit formalaşdırır. Qeyd edilənlərə əsasən, əsas iddianın rədd olunması, qarşılıqlı iddianın təmin olunaraq tərəflər arasında bağlanmış Bakı şəhəri 12 saylı notariat ofisinin 16.08.2021-ci il tarixli, 3m-1751 rayestr qeydli müqaviləsinə xitam verilməsi, iddia verilən günə hesablanmaqla Cavabdeh Kiçik Müəssisəsinin xeyrinə icarə müqaviləsi üzrə 480 (dörd yüz səksən) manat, vaxtından əvvəl müqaviləni pozduğuna görə 720 (yeddi yüz iyirmi) manat məbləğində pulun, vurulmuş maddi ziyana görə 245 (iki yüz qırx beş) manat pulun, ümumilikdə 1445 (bir min dörd yüz qırx beş) manat pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq geri ödənilməsi və əmlakdan istifadəyə maneə aradan qaldırılmaqla cavabdehə məxsus bir ədəd xəmir yoğurma aparatının, bir ədəd çörək bişirmə peçinin, bir ədəd tefal çaynikinin, bir ədəd kündə çəkilməsi üçün tərəzinin, bir ədəd köhnə yararsız soyuducunun və 15 tay un dolu kisələrin cavabdehin hesabına çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək ilkin iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, Cavabdeh ilə müqaviləni iki illik müddətə bağlamışdır. Müqaviləni bağladığı zaman müqavilənin vaxtından əvvəl pozulacağı təqdirdə əlavə 6 ayın pulunu verməsi ilə bağlı şərtdən xəbəri olmamışdır. Belə ki, o, Cavabdeh adından çıxış edən Nümayəndə2 bildirmişdir ki, obyektdə olan siçanların əlindən işləmək mümükün deyil. O isə demişdir ki, obyektdən çıxsın. Açarları alıb onu obyektə buraxmamışdır. Hətta onun anbardan çıxmağını tələb etməsi ilə bağlı səs yazısı da var. Polislə münaqişələri olmuşdur. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə1 ilkin iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək ilkin iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, Nümayəndə2 obyektdə siçanlar olduğuna görə işləmək mümkün olmadığını, Nümayəndə2 isə ona obyektdə işləməyə məcbur olduğunu demişdir. Nümayəndə2 03 oktyabr 2021-ci il tarixdə obyektin açarını ondan almışdır, bu zaman onların listləri, un kisələri obyektdə qalmışdır. İcarə haqqı kimi 400-440 manat pulu Mahir adlı şəxsə verib, o da pulu aparıb sahibkara çatdırmışdır. Bundan başqa, obyektdə müqavilə bağlanmamışdan əvvəl 17 gün əlavə işləmişlər. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X9 ilkin iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək ilkin iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə2 qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək qarşılıqlı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, ilkin iddia üzrə iddiaçı tərəfə obyektdə işləyə bilibbilməyəcəyini müəyyən etmək üçün 16 avqust 2021-ci ilə qədər möhlət verilmişdir. Bundan sonra aralarında icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, icarəyə götürən 6 aydan tez obyektdən çıxarsa, o zaman sonrakı 6 aylıq icarə haqqını ödəməlidir. İlkin iddia üzrə iddiaçı tərəf bir dəfə 120 manat ödəniş etmişdir. Qarşı tərəf özü obyektdən çıxaraq onu təhqir edib obyektin açarını onun üzərinə atmışdır. Obyektdə siçan olmamış, Nümayəndə1 açarı ona verəndə yanlarında heç kim yox idi. Obyektdə bir ədəd tefal çaynik, 15 kisə un, soyuducu qalmışdır. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək qarşılıqlı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, ilkin iddia tələbi əssasızdır. Belə ki, qarşı tərəfə obyektdə işləyə biləcəklərini müəyyən etmək üçün əvvəlcə bir ay möhlət verilmişdir. Bundan sonra tərəflər arasında müqavilə bağlanmışdır. Qarşı tərəf obyektdə normal fəaliyyət göstərmiş, sonradan onların polislə münaqişəsi olduğu üçün artıq obyektdə sərbəst şəkildə işləyə bilməmiş, obyektin açarını gətirib təqdim etmişlər. Hal-hazırda onlar başqa bir yerdə obyekt açıblar və fəaliyyət göstərirlər. Onlara əşyalarını gəlib götürməklə bağlı dəfələrlə müraciət edilsə də, əşyalarını götürməmişlər. Həmçinin, onlar bir dəfə 120 manat olmaqla icarə haqqı ödəmişlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri 12 saylı notariat kontorunda icarə verən Cavabdeh və icarəçi İddiaçı arasında 16 avqust 2021-ci il tarixdə bağlanmış və reyestrdə 3M-1751 №-si ilə qeyd edilmiş icarə müqaviləsindən görünür ki, icarə verən Cavabdeh ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 304,7 kv.metr olan qeyri-yaşayış sahəsin 120 kv.m hissəsini 16.08.2023-cü il tarixinədək icarəçi İddiaçı icarəyə vermişdir. Müqavilənin: 3-cü bəndinə əsasən icarə müddətinin bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir. 4-cü bəndinə əsasən icarəyə götürən İddiaçı icarə verən Cavabdehnə aylıq 120 manat icarə haqqı ödəyir, icarəçi 16.02.2022-ci il tarixdən əvvəl çıxarsa sonrakı altı aylıq icarə haqqını ödəməyi öhdəsinə götürür. - "xxxx" ASC-nin 02.09.2021-ci il tarixli bildiriş-xəbərdarlığından görünür ki, Cavabdeh (çörək sexi) 269,93 AZN borcu vardır. Sonuncu ödəniş 89 manat olmaqla 30.08.2021-ci il tarixdə olmuşdur. - 27.09.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh tərəfindən 217 manat məbləğində pul "xxxx" ASC-nin hesabına ödənimişdir. - 04.11.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh tərəfindən 245 manat məbləğində pul "xxxx" ASC-nin hesabına ödənimişdir. - Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 15.10.2021-ci il tarixli Pretenziya məktubundan görünür ki, 16 avqust 2021-ci il tarixli müqavilə üzrə yaranmış bütün öhdəliklərin tam icra edilməsi, yaranmış bütün borcları dərhal ödənilməsi xahiş edilmiş, əks təqdirdə İddiaçı 16 avqust 2021-ci il tarixli müqavilə üzrə yaranmış öhdəliklərin icra edilməsi ilə bağlı 10 gün ərzində məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. - Nümayəndə2 Nizami RPİ-nin 24-cü PŞ-yə verdiyi 13.10.2021-ci il tarixli ərizədən görünür ki, İsmayıl Məmmədov küçəsi, 160 F küçəsində yerləşən “çörək sexi” ona məxsusdur. 2021-ci ilin avqust ayında İddiaçı və oğlu Nümayəndə1 çörək sexini notarial qaydada icarəyə vermişdir. İcarə haqqını vaxtında ödəyə bilmədiyi üçün obyekti bağlayıb açarı özündə saxlamışdır. Hazırda obyekti başqasına icarəyə vermək istəyir, amma həmin şəxsin əşyaları orada qaldığı üçün icarəyə verə bilmir. Dəfələrlə Nümayəndə1 zəng edib desə də, əşyalarını götürməmiş və ona hədə-qorxu gəliblər ki, əşyalarını çıxarmasın. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin MTT(007)-7/2022 saylı 17.01.2022-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin icraatında olan 2(007)-303/2022 saylı müllki iş üzrə ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdehnə qarşı “maddi ziyan və əldən çıxmış faydanın ödənilməsi” barədə ilkin iddiası və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “öhdəliyə xitam verilməsi və pul” tələbi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktının icrasına qədər, cavabdeh İddiaçı məxsus bir ədəd xəmir yoğurma aparatı, bir ədəd çörək bişirmə peçi, bir ədəd tefal çayniki, bir ədəd kündə çəkilməsi üçün tərəzi, bir ədəd köhnə yararsız soyuducu və 15 tay un dolu kisələri siyahıya alınması qərara alınmışdır. - Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X1, iş üzrə Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə2, hal şahidləri X2 və X5 iştirakları ilə tərtib edilmiş 07.02.2022-ci il tarixli Aktdan görünür ki, adları qeyd edilmiş şəxslər Bakı şəhəri Nizami Rayon Məhkəməsinin MTT(007)-7/2022 saylı 17.01.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar ünvan 1 ünvanında olmuşlar. İcra sənədində müəyyən edilmiş əmlaklarla Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə baxış keçirilmiş, göstərilən əmlakların həmin ünvanda mövcud olması müəyyən edilmişdir. Əlavə olaraq qeyd edilir ki, icra sənədində qeyd olunan İddiaçı ona məxsus olan əmlakların siyahıya alınması barədə əlaqə saxlanılaraq məlumat verilsə də, o icra yerində iştirak etməmişdir. İcra sənədində qeyd edilən əşyalar saxlanması üçün Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 verilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı arasında 16 avqust 2021-ci il tarixdə ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 304,7 kv.metr olan qeyriyaşayış sahəsin 120 kv.m hissəsinin icarəyə verilməsinə dair müqavilə bağlanmışdır. Müqavilədə icarə müddəti 16.08.2023-cü il tarixinədək göstərilmişdir. Tərəflər arasında olan razılaşmaya əsasən İddiaçı icarə müddəti ərzində Cavabdehnə hər ay 120 manat ödəməyi öhdəsinə götürmüşdür. Hazırda tərəflər arasında mübahisə yaranmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin təqsiri üzündən yararsız vəziyyətə düşmüş 82 ədəd un tayının bir tayının dəyəri olan 27 manat, cəmi 2214 manat, 16 avqust 2021-ci il tarixdən müqavilənin sonu 16 avqust 2023-cü il tarixə qədər cəmi 730 gün hər gün üçün 50 manat əldən çıxmış gəlir 36500 manat, məhkəməyə müraciət olunması ilə bağlı dövlət rüsumu kimi 234 manat pul vəsaitinin onun xeyrinə tutulması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “əsas iddianın rədd olunması, qarşılıqlı iddianın təmin olunaraq cavabdehdən tərəflər arasında bağlanmış Bakı şəhəri 12 saylı notariat ofisinin 16.08.2021-ci il tarixli, 3m-1751 rayestr qeydli müqaviləsinə xitam verilməsi, iddia verilən günə hesdablanmaqla Cavabdeh xeyrinə icarə müqaviləsi üzrə 480 (dörd yüz səksən) manat, vaxtından əvvəl müqaviləni pozduğuna görə 720 (yeddi yüz iyirmi) manat məbləğində pulun, vurulmuş maddi ziyana görə 245 (iki yüz qırx beş) manat pulun, ümumilikdə 1445 (bir min dörd yüz qırx beş) manat pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ödənilməsini xahiş etmişdir. Daha sonra isə qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbinə əlavə verərək, əmlakdan istifadəyə maneə aradan qaldırılmaqla cavabdehə məxsus bir ədəd xəmir yoğurma aparatının, bir ədəd çörək bişirmə peçinin, bir ədəd tefal çaynikinin, bir ədəd kündə çəkilməsi üçün tərəzinin, bir ədəd köhnə yararsız soyuducunun və 15 tay un dolu kisələrin cavabdehin hesabına çıxarılması da xahiş etmişdir. Məhkəmə qeyd edir ki, mövcud mübahisə ilə bağlı ardıcıllığı təmin etmək məqsədi ilə ilk öncə qarşılıqlı iddia tələbinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (1) və ya bu Məcəllədə (2) və ya müqavilədə nəzərdə tutulan digər hallarda (3) dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə qeyd edir ki, hazırda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh icarə müqaviləsini mübahisələndirmiş və qarşı tərəf isə icarə müqaviləsinə xitam verilməsinə etiraz etməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə tərəflərin icarə müqaviləsinə xitam verilməsi ilə bağlı istəklərini nəzərə alaraq hesab edir ki, icarəyə verən Cavabdeh ilə icarəçi İddiaçı arasında 16 avqust 2021-ci il tarixdə bağlanmış icarə müqaviləsinə xitam verilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiasında mübahisələndirdiyi digər məsələ icarə haqqı ilə bağlı olmuşdur. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiasında göstərmişdir ki, icarə obyektinin aylıq icarə haqqı 120 manat müəyyən edilmişdir. İcarəçi ilk ay icarə haqqını ödəsə də, sonrakı aylarda ödəniş etməmişdir. Qeyd edilənlərə əsasən qarşı tərəfdən 480 manat məbləğində icarə haqqının tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 16 avqust 2021-ci il tarixli müqavilənin 4-cü bəndi ilə aylıq icarə haqqı məbləği 120 manat müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ilkin iddia üzrə İddiaçı tərəfindən ilk ayın ödənişi edilmişdir. Həmin halı hər iki tərəf qəbul edərək mübahisələndirməmişdir. Belə ki, icarəçi İddiaçı müqavilə üzrə 16 avqust 2021-ci il tarixdən çörək sexindən istifadə etmişdir. Həmçinin hər iki tərəf qəbul edir ki, icarəçi 03 oktyabr 2021-ci il tarixdən obyekti tərk etmişdir. Qeyd edilənlərlə müəyyən edildi ki, müqavilə üzrə icarəçi tərəf olan İddiaçı icarə obyektindən 16 avqust 2021-ci il və 03 oktyabr 2021-ci il tarixlərində istifadə etmiş və ilk ayın, yəni 16 avqust 2021-ci il tarixdən 16 sentyabr 2021-ci il tarixinə kimi olan müddət üçün icarə haqqını ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi “ödənilməmiş icarə haqqının tutulması” hissəsində qismən təmin edilməli, 16 sentyabr 2021-ci il-03 oktyabr 2021-ci il tarixləri üçün ödənilməmiş icarə haqqı kimi 68 manat icarə haqqı İddiaçı alınaraq Cavabdehnə ödənilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin “vaxtından əvvəl müqavilənin pozulmasına görə 720 manat pulun alınması” hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış 16 avqust 2021-ci il tarixli müqaviləsinin 4-cü bəndinə əsasən icarəçi 16.02.2022-ci il tarixdən əvvəl obyektdən çıxarsa sonrakı altı aylıq icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. İlkin iddia üzrə İddiaçı obyektdən çıxma səbəbini iddia tələbində icarə haqqının artırılması kimi, məhkəmə də isə obyektdə siçanların olması ilə əlaqələndirmişdir. Cavabdeh nümayəndəsi isə müqaviləyə qeyd edilən şərtin daxil edilmə səbəbini pandemiya şəraiti ilə əlaqələndirmiş, məhkəmədə isə icarəçinin polislərlə problem yaşadığını qeyd etmişdir. Belə ki, icarəçi İddiaçı onun üçün mövcud şəraitin dəyişməsi ilə əlverişsiz vəziyyətə düşmüş və çörək sexini tərk etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi mübahisələndirilən hissədə təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin “vurulmuş maddi ziyana görə 245 (iki yüz qırx beş) manat pulun alınması” hissəsinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən 04 noyabr 2021-ci il tarixdə 245 manat məbləğində pul "xxxx" ASCnin hesabına ödənilmişdir. Həmçinin, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən məhkəməyə sübut kimi qiymətləndirilməsi məqsədi ilə "xxxx" ASC-nin xəbərdarlığı və qəbzləri təqdim edilmişdir. Belə ki, 30 avqust 2021-ci il tarixli bildiriş-xəbərdarlıqdan görünür ki, Cavabdeh 269,93 manat borcu var. Daha sonra isə 27 sentyabr 2021-ci il tarixdə 217 manat ödəniş edilmişdir. Həmçinin məhkəməyə təqdim edilmiş bir digər çıxarışdan görünür ki, müəssisənin 25 oktyabr 2021-ci il tarixinə 336,09 manat ödənilmiş borcu vardır. Çıxarışdan borcun 02 sentyabr 2021-ci il tarixdən 04 oktyabr 2021-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisinin haqqı olduğu qeyd edilsə də, yuxarıda da qeyd edildiyi kimi 27 sentyabr 2021-ci il tarixdə borc üzrə ödəniş edilmişdir. Nəticədə, məhkəmə araşdırması zamanı icarəçi İddiaçı icarə obyektindən istifadə zamanı ödənilməmiş 245 manat elektrik enerjisi borcunun olduğu və həmin borcun məhz icarəçi tərəfindən icarə obyektindən istifadə zamanı yaranması halı müüəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qanunvericiliyin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə araşdırması zamanı qarşılıqlı iddia üzrə iddiaçı tərəf icarəçi tərəfindən ona 245 manat maddi ziyan vurması ilə bağlı iddia tələbini sübut edə bilməmiş, iddia tələbini mübahisələndirilən hissədə əsaslandıra biləcəyi mötəbər sübutları məhkəməyə təqdim etməmiş və qarşılıqlı iddia ərizəsində göstərilən faktlar öz təsdiqini tapmamışdır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən qarşılılıqlı iddia üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda qarşılılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilmədiyindən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi “vurulmuş maddi ziyana görə 245 (iki yüz qırx beş) manat pulun alınması” hissəsində təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin “əmlakdan istifadəyə maneə aradan qaldırılmaqla cavabdehə məxsus bir ədəd xəmir yoğurma aparatının, bir ədəd çörək bişirmə peçinin, bir ədəd tefal çaynikinin, bir ədəd kündə çəkilməsi üçün tərəzinin, bir ədəd köhnə yararsız soyuducunun və 15 tay un dolu kisələrin cavabdehin hesabına çıxarılması” hissəsinə mübasibətdə aşağıdakıları bildirir. Belə ki, Cavabdeh müvəqqəti təminat tədbirinin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmənin 17.01.2022-ci il tarixli qərardadı ilə İddiaçı məxsus bir ədəd xəmir yoğurma aparatı, bir ədəd çörək bişirmə peçi, bir ədəd tefal çayniki, bir ədəd kündə çəkilməsi üçün tərəzi, bir ədəd köhnə yararsız soyuducu və 15 tay un dolu kisələri siyahıya alınması qərara alınmışdır. Daha sonra, icra sənədinin icrası ilə əlaqədar icra məmuru tərəfindən akt tərtib edilərək qeyd edilən əşyalar siyahıya alınmış və saxlanc üçün Cavabdeh nümayəndəsinə təhvil verilmişdir. Beləliklə, qeyd edilən İddiaçı məxsus əşyaların Cavabdeh sahibliyində olması iş materiallarında olan aktla təsdiqlənmişdir. Hazırda, Cavabdeh adı çəkilən əşyaların müəssisədə olması səbəbindən öz mülkiyyət hüquqlarının həyata keçirməsi zamanı məhdudiyyətlərlə qarşılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkı̇ yyətçi dsəq̇ edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyəçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsi üzərində əmlak hüquqlarının realizəsinə maneələrin yaradıldığından müəssisə əmlakla bağlı mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi mübahisələndirilən hissədə təmin edilməli, cavabdeh İddiaçı tərəfindən Cavabdehnə məxsus əmlakdan istifadəyə yaradılmış maneə aradan qaldırılmalı, bir ədəd xəmir yoğurma aparatı, bir ədəd çörək bişirmə peçi, bir ədəd tefal çayniki, bir ədəd kündə çəkilməsi üçün tərəzi, bir ədəd soyuducu və 15 tay un dolu kisələri cavabdeh İddiaçı hesabına Cavabdehnə məxsus icarə obyektindən çıxarılmalıdır. Məhkəmə ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, ilkin iddia üzrə İddiaçı iddia tələbində cavabdehin təqsiri üzündən yarasız vəziyyətə düşmüş 82 ədəd ün tayının dəyəri olan 2214 manat pulun onun xeyrinə tutulmasını xahiş edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, 03 oktyabr 2021-ci il tarixdə icarə obyektini tərk edən zaman 82 ədəd un məhsulu müəssisədə qalmış, polisə müraciət etdikdən sonra un tayı ona qaytarılmış və bu zaman çərçivəsində məhsul xarab olmuşdur. Məhkəmə göstərilənlərə münasibətdə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı 82 ədəd un tayının ona nə vaxt qaytarılmasına dair məhkəməyə dəqiq məlumat verməmiş və belə olan halda da həmin məhsulların xarab olması üçün zəruri olan müddətin məhkəmə tərəfindən müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, iddiaçı yaranmış mübahisəli məqamla bağlı polisə şikayət edildiyini qeyd etsə də, buna dair məhkəmə hər hansı bir sübut təqdim edə bilməmişdir. Belə olan halda isə iddia tələbinin mübahisələndirilən hissədə əsaslı olması sübuta yetirilməmişdir. Məhkəmə iddia tələbinin digər “16 avqust 2021-ci il tarixdən müqavilənin sonu 16 avqust 2023-cü il tarixə qədər cəmi 730 gün hər gün üçün 50 manat əldən çıxmış gəlir 36500 manat pul vəsaitinin onun xeyrinə tutulması” hissəsinə münasibətdə qeyd edir ki, göstərilən hissədə iddia tələbinin əsaslı olması üçün ilk öncə ilkin iddia üzrə İddiaçı tərəfindən icarə obyektinin qarşı tərəfin təqsirli hərəkətləri nəticəsində tərk ediləməsi halı təsdiq edilməlidir. Belə ki, ilkin iddia üzrə iddiaçı iddia tələbində müqavilədə aylıq icarə haqqının 120 manat qeyd edilsə də, faktiki 500 manat ödəməsinə, qarşı tərəfin icarə haqqı kimi ondan 800 manat tələb edib müəssisənin açarını ondan almasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, ilkin iddia üzrə iddiaçı müqavilə şərtlərinin müəssisə tərəfindən pozulduğunu düşünsə də, bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etməmiş, əksinə müəssisənin mülkiyyətçisi Nümayəndə2 müqavilə üzrə müəyyənləşdirilmiş icarə haqqının ödənilməməsi, mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılmış maneələrlə bağlı Nizami RPİ-nin 24-cü Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Həmçinin, qeyd edilməlidir ki, icarə müqaviləsi üzrə ilk ayın yəni, 16.08.2021- 16.09.2021-ci il tarixləri üçün icarə haqqı ödənilmiş və bu hal mübahisələndirilməmişdir. Belə ki, tərəflər arasında icarə obyekti ilə bağlı mübahisə 03.10.2021-ci il tarixdən yaranması iş materialları ilə müəyyən edilmişdir. İlkin iddia üzrə iddiaçı qarşı tərəfin 800 manat məbləğində icarə haqqı tələb edib, ödəməməsi səbənindən müəssisənin açarının ondan almasını qeyd etsə də, iddiaçı tərəfindən 16.09.2021-ci il tarixdən ikinci ayın ödənişi edilməli olduğu halda, ödəniş edilməmiş və qeyd edilən hal da icarə haqqının qərəzli olaraq ödənilməsindən yayınma kimi qiymətləndirilməsi üçün məhkəməyə əsas verir. Yəni, məhkəmə araşdırması zamanı ilkin iddia üzrə iddiaçının icarə obyektini qarşı tərəfin təqsiri üzündən tərk etməsi halı müəyyən edilməmişdir. MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına əsasən Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı 16.08.2021-16.08.2023-cü il tarixləri üçün hər gün üçün 50 manat olmaqla, ümumilikdə 36500 manat məbləğində əldən çıxmış fayda kimi pul tələb etsə də, əldə edəcəyi gəlirlər, bu gəlirin həcmi barədə məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, iddia etdiyi halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müvafiq sübutlar olmadığından, həmçinin yuxarıda qeyd edilən hallarla bağlı iddia tələbi əldən çıxmış faydanın tutulması ilə bağlı hissədə də təmin edilməməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə qarşı “maddi ziyan və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddası təmin edilməməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri 12 saylı notariat kontorunda icarə verən Cavabdeh və icarəçi İddiaçı arasında 16 avqust 2021-ci il tarixdə bağlanmış və reyestrdə 3M-1751 №-si ilə qeyd edilmiş icarə müqaviləsinə xitam verilməli, 16.09.2021-ci il-03.10.2021-ci il tarixləri üzrə 68 (altmış səkkiz) manat ödənilməmiş icarə haqqı İddiaçı tutularaq Cavabdehnə ödənilməli, cavabdeh İddiaçı tərəfindən Cavabdehnə məxsus əmlakdan istifadəyə yaradılmış maneə aradan qaldırılmalı, bir ədəd xəmir yoğurma aparatı, bir ədəd çörək bişirmə peçi, bir ədəd tefal çayniki, bir ədəd kündə çəkilməsi üçün tərəzi, bir ədəd soyuducu və 15 tay un dolu kisələri ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hesabına Cavabdehnə məxsus icarə obyektindən çıxarılmalı, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilmədiyindən İddiaçı tərəfindən ödənilmiş 208 manat dövlət rüsumu ona aid edilməlidir. Həmçinin qarşılılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün ödənilmiş dövlət rüsumu da Cavabdehnə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə qarşı “maddi ziyan və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddası təmin edilməsin. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Bakı şəhəri 12 saylı notariat kontorunda icarə verən Cavabdeh və icarəçi İddiaçı arasında 16 avqust 2021-ci il tarixdə bağlanmış və reyestrdə 3M-1751 №-si ilə qeyd edilmiş icarə müqaviləsinə xitam verilsin. 16.09.2021-ci il-03.10.2021-ci il tarixləri üzrə 68 (altmış səkkiz) manat ödənilməmiş icarə haqqı İddiaçı tutularaq Cavabdehnə ödənilsin. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən Cavabdehnə məxsus əmlakdan istifadəyə yaradılmış maneə aradan qaldırılsın. Bir ədəd xəmir yoğurma aparatı, bir ədəd çörək bişirmə peçi, bir ədəd tefal çayniki, bir ədəd kündə çəkilməsi üçün tərəzi, bir ədəd soyuducu və 15 tay un dolu kisələri ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hesabına Cavabdehnə məxsus icarə obyektindən çıxarılsın. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar