Məhkəmə qərarları › İş №2(007)-3084/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3084/2021

16.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3084/2021 16.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 İddiaçı QSC ilə bağladığı 20.04.2015-ci il tarixli uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 50.000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit Razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 İddiaçı QSC ilə bağladığı 12.07.2019-cu il tarixli kredit razılaşması əsasında 60 ay muddətinə, aylıq faiz dərəcəsi 0.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2061.42 manat məbləğində kredit götürmüşdür. Cavabdeh3 kredit razılaşmasının tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 12.08.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü kredit borcundan 2.26 manat ödəmiş, onun 2059.16 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasına əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 16.04.2021-ci il tarixə 247 gün üçün hesablanmış faiz borcu 12.83 manat təşkil edir. Kredit razılaşmasına uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. 16.04.2021-ci il tarixə 247 gün üçün hesablanmış cərimə 508.61 manat təşkil edir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 04.08.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması Cavabdeh3 ilə bağlanmış kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə kredit razılaşması üzrə 2059.16 manat məbləğində kredit borcu, 12.83 manat məbləğində faiz borcu və 508.61 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 2580 manat 60 qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh3 ilə İddiaçı QSC arasında bağlanmış 20 aprel 2015-ci il tarixli 002L**********74 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, bank Cavabdeh3 50.000 ABŞ dolları məbləğində uzunmüddətli kredit xəttini açır. İş materiallarında olan Cavabdeh3 ilə İddiaçı QSC arasında bağlanmış qalıq borcun ödənilməsi məqsədilə “restrukturizasiya olunmuş borc” üzrə 20 aprel 2015-ci il tarixli 002R********** saylı krdetit razılaşmasından görünür ki, cavabdeh aylıq faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2061.42 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan 12.07.2019-cu il tarixli 002R********** saylı krdetit razılaşmasının ödəniş cədvəlindən görünür ki, cavabdeh 60 ay müddətinə 2061.42 manat krediti hər ayın 12-dan gec olmayaraq 12 ay ərzində 1.78 manat, 48 ay ərzində isə 44 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 12.07.2019-cu il tarixli kreditin verilməsi üzrə köçürmə qəbzindən görünür ki, bank tərəfindən Cavabdeh3 2061.42 manat təhvil verilmişdir. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 20.04.2015-ci il tarixli 002S**********03 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüş, həmin zaminlik müqaviləsinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. İş materiallarında olan Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış 20.04.2015-ci il tarixli saylı 002S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüş, həmin zaminlik müqaviləsinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, "xxxx" QSC ilə Cavabdeh3 arasında bağlanılan kredit müqaviləsinə əsasən ödəniş planına uyğun olaraq 60 ay müddətinə aylıq ödəmək şərti ilə 2061.42 AZN məbləğində kredit götürülmüşdür. Kredit borcunun ödənilməsi barədə dəfələrlə şifahi xəbərdarlıq olunmasına baxmayaraq, hazırki vaxtadək kredit borcu ödənilməmişdir. İş materiallarında olan 21.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 12.07.2019-cu il tarixli 002R********** saylı kredit razılaşması üzrə 16.04.2021ci il tarixədək banka 2059.16 manat əsas borc, 12.83 manat faiz borcu və 508.61 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2580.60 manat borcu vardır. İş materiallarında olan 22.06.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də sonuncu öz öhdəliklərinə əməl etməmiş və layiqincə icra etməmişdir. İşə əlavə olunmuş 12.07.2019-cu il tarixli 002R********** saylı krdetit razılaşmasının ödəniş cədvəlindən görünür ki, qeyd olunan kredit cavabdehə 60 ay müddətinə verilmişdir və sonuncu ödəmə müddəti 12.07.2024-cü il qeyd olunmuşdur. “Restrukturizasiya olunmuş borc” üzrə 20 aprel 2015-ci il tarixli 002R********** saylı krdetit razılaşması bağlanmasına səbəb olmuş 20 aprel 2015-ci il tarixli 002L**********74 saylı uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin a) yarımbəndindən görünür ki, kredit alan bu müqavilə əsasında verilmiş hər hansı bir kredit üzrə kredit borcunu, faizi və digər ödənişləri qaytarma planına uyğun olaraq qaytara bilmədikdə bank müqaviləyə vaxtından əvvəl xitam verməyə haqlıdır. Eyni zamanda “restrukturizasiya olunmuş borc” üzrə 20 aprel 2015-ci il tarixli 002R********** saylı krdetit razılaşmasının 4.1.1-ci bəndinin a) yarımbəndində kredit alan krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə bank müqaviləyə vaxtından əvvəl xitam verməyə haqlıdır. Belə ki, Cavabdeh3 İddiaçı QSC-dən qalıq borcun ödənilməsi məqsədilə “restrukturizasiya olunmuş borc” üzrə 20 aprel 2015-ci il tarixli 002R********** saylı krdetit razılaşmasına əsasən faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2061.42 manat məbləğində kredit götürmüşdür. Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüş, həmin zaminlik müqaviləsinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq, dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə onun banka 2059.16 manat məbləğində kredit borcu, 12.83 manat məbləğində faiz borcu və 508.61 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 2580 manat 60 qəpik məbləğində borcu qalmışdır. Ona görə də iddia əsas borcun və faizlərin tələb olunması hissəsində əsaslıdır. Tərəflər arasında bağlanmış müqavilə ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, qalıq borcun ödənilməsi məqsədilə “restrukturizasiya olunmuş borc” üzrə 20 aprel 2015-ci il tarixli 002R********** saylı krdetit razılaşması üzrə 508.61 manat məbləğində cərimənin tələb olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğu üçün, həmin cərimənin məbləği azadılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 508.61 manat məbləğində dəbbə pulu azaldılmalı və 100 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh3 ilə bağlanmış kredit razılaşması ləğv edilməli, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2059.16 manat əsas borc, 12.83 manat faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 2171.99 manat və dövlət büdcəsinə köçürülmüş 25.20 manat dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun 4.80 manatı iddiaçıya aid edilməlidir. İddia tələbi qalan hissədə təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh3 ilə bağlanmış kredit razılaşması ləğv edilsin, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2059.16 manat əsas borc, 12.83 manat faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 2171.99 manat və dövlət büdcəsinə köçürülmüş 25.20 manat dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 4.80 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar