Məhkəmə qərarları › İş №2(007)-3094/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3094/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3094/2021 28.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı X1 və Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə uyğun olaraq, İddiaçı MMC ilə Cavabdeh arasında 19 noyabr 2019-cu il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-yə 2906 (iki min doqquz yüz altı) manat borcunun olduğunu etiraf etmiş və həmin məbləği 19 dekabr 2019-cu il tarixindən, hər ay tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. 08 fevral 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh borcundan 811 (səkkiz yüz on bir) manat hissəsi, onun İddiaçı MMC-dən alacağı vəsaitlə qarşılanmışdır. Yekun olaraq cavabdehin İddiaçı MMC-yə 2095 (iki min doxsan beş) manat borcu qalmaqdadır. Cavabdeh tərəfindən həmin borcdan hazırki tarixədək heç bir məbləğ ödənilməmişdir və borc məbləği ödənilməmiş vəziyyətdə qalmışdır. Əlavə olaraq bildirir ki, Cavabdeh 09 avqust 2018-ci il tarixdə İddiaçı MMC-yə işə qəbul edilmiş və 22 noyabr 2019-cu il tarixdə isə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, Oba- 8 KM 3 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh cəmiyyətə zərər vurması faktı müəyyən edilmişdir. Cavabdeh ilə İddiaçı MMC arasında imzalanmış 19 noyabr 2019-cu il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilənin 2.3-cü bəndinə əsasən borclu ödəniş etmədiyi təqdirdə İddiaçı MMC-nin məhkəməyə müraciət etmək hüququ yaranır. İşə əlavə edilmiş xəbərnamədən (Mega Ekspress poçt qəbzi) görünür ki, İddiaçı MMC tərəfindən 27 noyabr 2020-ci il tarixdə Cavabdeh qeydiyyatda olduğu ünvanına borc məbləğinin ödənilməsi barədə pretenziya (xəbərdarlıq) məktubu göndərilmişdir. Buna görə də, Cavabdeh 2095 (iki min doxsan beş) manat məbləğində əsas borcun və eyni zamanda məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək, cavabdehdən 2095 manat əsas borcun, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edib, ərizənin məzmununa uyğun izahat verərək, əlavə olaraq göstərdi ki, cavabdehin borcu administrator vəzifəsinə keçdikdən sonra yaranmışdır və sonuncu işdən çıxdıqdan sonra borcundan heç bir ödəniş etməmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib izahatında göstərdi ki, İddiaçı MMC-dən işdən çıxarkən ona bildirilmişdir ki, “borcun var, sənədə imza çək, sonra əmək kitabçanı təqdim edək”. Lakin, o, işdən çıxarkən sənədə imza çəkmədiyi üçün, əmək kitabçasını götürmədən işdən ayrılmışdır. İddiaçı MMC-dən işdən çıxdıqdan sonra "xxxx" MMC-də işə düzəlmişdir, yeni iş yerindən əmək kitabçasını tələb etdikləri üçün İddiaçı MMC-dən əmək kitabçasını götürmək üçün getdikdə orada ona bildirilmişdir ki, “borcun etirafı barədə ərizəyə imza çəkməsən, əmək kitabçası verilmiyəcək”. O, üç saat gözlədikdən sonra məcbur olub ərizəyə imza çəkmişdir ki, əmək kitabçası verilsin. Bundan əlavə, o, hal-hazırda 325 manat əmək haqqı alır. İddiaçı MMC-də işlədiyi müddətdə əmək haqqından tutulmalar aparılmışdır. İddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -“X7” MMC ilə Cavabdeh arasında bağlanmış 09 avqust 2018-ci il tarixli əmək müqaviləsinin surətindən və “X7” MMC-nin 09 avqust 2018-ci il tarixli, 340-K saylı əmrindən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış 1 Şöbəsinə 09 avqust 2018-ci il tarixdən 3 (üç) ay sınaq müddəti müəyyən edilməklə Satıcıkassir vəzifəsinə işə qəbul edilməsi və əmək haqqının ştat cədvəlinə əsasən 153 manat olmaqla ödənilməsi əmr edilmişdir; -“X7” MMC ilə Cavabdeh arasında bağlanmış 09 avqust 2018-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh həmin müqavilə üzrə ona etibar edilmiş əmlakın maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmağı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamağı və ziyankarlıqla mübarizə aparmağı, bununla bağlı tam maddi məsuliyyət daşıdığını öhdəsinə götürmüşdür; -“X7” MMC ilə Cavabdeh arasında bağlanmış 05 mart 2019-cu il tarixli əmək müqaviləsinə əlavənin surətindən və “X7” MMC-nin 05 mart 2019-cu il tarixli, 101-K saylı əmrindən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinə 05 mart 2019-cu il tarixdən administrator vəzifəsinə işə keçirilməsi və əmək haqqının ştat cədvəlinə əsasən 345 manat olmaqla ödənilməsi əmr edilmişdir; -“X7” MMC ilə Cavabdeh arasında bağlanmış 05 mart 2019-cu il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh həmin müqavilə üzrə ona etibar edilmiş əmlakın maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmağı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamağı və ziyankarlıqla mübarizə aparmağı, bununla bağlı tam maddi məsuliyyət daşıdığını öhdəsinə götürmüşdür; -“X7” MMC-nin 19 sentyabr 2019-cu il tarixli, 410-K saylı əmrindən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinə 19 sentyabr 2019-cu il tarixdən baş satıcı vəzifəsinə işə keçirilməsi və əmək haqqının ştat cədvəlinə əsasən 280 manat olmaqla ödənilməsi əmr edilmişdir; -“X7” MMC ilə Cavabdeh arasında bağlanmış 19 noyabr 2019-cu il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilədən görünür ki, həmin müqaviləni, bir tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyi əsasında yaradılmış “X7” MMC Nizamnamə əsasında fəaliyyət göstərən Cəmiyyətin İdarə Heyətinin sədri X2 şəxsində, bundan sonra “Borc verən” adlandırılacaq, digər tərəfdən Cavabdeh (Ş/V AZE ********) bundan sonra “borclu” adlandırılacaq, (birlikdə “Borcverən” və “Borclu” “Tərəflər” adlandırılacaq) aşağıdakı şərtlərlə müqavilə bağlamışlar: “ 1. Müqavilənin predmeti: 1.1. 10 iyun 2019-cu il tarixində OBA-8 KM 3 (154) mağazasında administrator vəzifəsində çalışdığı zaman aparılmış invertarizasiya nəticəsində Cavabdeh 2906 (iki min doqquz yüz altı) manat məbləğdə zərər vurması müəyyən edilmişdir. Tərəflər arasında Tam maddi məsuliyyət haqqında müqavilənin bağlandığını nəzərə alaraq borclu (zərər vuran) 2906 (iki min doqquz yüz altı) manat məbləğində Cəmiyyətə zərər vurduğunu tam etiraf edir. 1.2.“Borclu” “borc verən”ə 2906 (iki min doqquz yüz altı) manat məbləğdə borcun olduğunu tam etiraf edir. 2.Ödəniş qaydası: 2.1.Tərəflər arasında razılaşdırılmış şərtə əsasən “borclu” borc məbləğini 19 dekabr 2019-cu il tarixdən başlayaraq hər ay 290.00 (iki yüz doxsan) manat 60 qəpik olmaqla 10 (on) ay ərzində tam olaraq “borcverən”ə ödəməyi öhdəsinə götürür. 2.2.Ödəniş 2 (iki) dəfə gecikdirildiyi təqdirdə hər gecikdirilən gün üçün ümumi məbləğin 0,5 %-i həcmində dəbbə pulu hesablanacaq. 2.3.Ödəniş ardıcıl olaraq 2 (iki) dəfə edilmədiyi təqdirdə “borcverən” məhkəməyə müraciət edəcək və hesablanmış dəbbə pulu əsas borc məbləğinin üzərinə əlavə ediləcək. 2.4.“Borclu” “borcverən”in bu müqaviləyə əsaslanan iddiasına qarşı etiraf olunan borcun əsaslandığı digər əqdlərə istinad edə bilməz. 2.5.“Borcverən” Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi inflyasiyanı nəzərə alaraq, borc məbləğini yenidən korreksiya etmək hüququna malikdir. Yekun müddəalar: 3.1.Hazırki müqavilə imzalandığı andan qüvvəyə minir. 3.2.Tərəflərin yekdil razılığına əsasən aralarında mübahisə yarandığı təqdirdə məhkəmə prosesi qanunla müəyyən edilmiş qaydada həll edilməlidir.....”. - 19 noyabr 2019-cu il tarixli ərizədən görünür ki, həmin tarixdə Cavabdeh ərizə ilə “X7” MMC-yə ərizə ilə müraciət edərək, 22 noyabr 2019-cu il tarixdən onun əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsini xahiş etmişdir; -“X7” MMC-nin 22 noyabr 2019-cu il tarixli, 516-K saylı əmrindən çıxarışdan və 22 noyabr 2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cəmiyyətin Satış Departamentinin Satış 5 Şöbəsinin baş satıcısı Cavabdeh əmək müqaviləsinə 22 noyabr 2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilməsi, son haqq-hesaba olaraq istifadə edilməmiş 18 (on səkkiz) təqvim günü əmək məzuniyyətinə görə pulun əvəzinin ödənilməsi əmr edilmişdir (Əsas: Cavabdeh ərizəsi); -2 saylı Ərazi Vergilər Baş İdarəsinin məlumatından görünür ki, İddiaçı MMC (əvvəlki adı: “X7” MMC), (VÖEN: **********) 03 iyun 2020-ci il tarixli çıxarışla qeydiyyata alınmışdır; -Cavabdeh ünvanlanmış 27 noyabr 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC-də işlədiyi dövrdə fəaliyyətinin yoxlanılması və 2906 AZN əskikgəlmənin aşkar edilməsi Cavabdeh bildirilmişdir (vəzifə təlimatına, eləcə də, “X7” MMC ilə bağlamış olduğu maddi məsuliyyət müqaviləsinə əsasən (işçi ona etibar edilmiş əmlakın maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı, ona etibar edilmiş maddi sərvətlərin, pııl vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalıdır). Qeyd olunanları nəzərə alaraq, hazırda faktiki qalıq borcunun 2095 AZN təşkil etməsi və 3 gün müddətində qeyd olunan borcun ödənilməsini təmin etməyi ondan xahiş edilmiş, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlər həyata keçiriləcəyinə dair sonuncuya xəbərdarlıq edilmişdir; -İddiaçı MMC-nin sabiq administratoru, Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə 17 mart 2021-ci il tarixli arayışdan görünür ki, 19 noyabr 2019-cu il tarixində Cavabdeh ilə “Borcun Etirafı və X3 Müqavilə” bağlanmışdır. “Borcun Etirafı və X3 Müqavilə” ilə Şirkətə olan borcunu qəbul edərək, həmin borcu ödəyəcəyini öhdəsinə götürmüşdür. Həmin “Borcun Etirafı və X3 Müqavilə”yə əsasən Cavabdeh 2906 (iki min doqquz yüz altı manat) AZN məbləğində borcu yaranmışdır. “Borcun Etirafı və X3 Müqavilə” bağlandığı dövrdən indiyə qədər 811 AZN məbləğ Cəmiyyət tərəfindən alacağı hesabına qarşılanmışdır. Yekun olaraq şəxsin şirkət qarşısında 2095 (iki min doxsan beş) AZN borcu qalmışdır; -26 may 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsi verilərkən İddiaçı MMC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir, bu zaman 0,40 manat bank xidmət haqqı tutulmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında 09 avqust 2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul edilmiş, bundan sonra tərəflər arasında bağlanmış 05 mart 2019-cu il və 19 sentyabr 2019-cu il tarixli əmək müqavilələrinə əsasən cavabdeh müvafiq olaraq administrator və baş satıcı vəzifələrinə keçirilmişdir. Sözügedən əmək müqavilələri bağlandığı anda cavabdehlə iddiaçı arasında eyni zamanda tam maddi məsuliyyət haqqında müqavilələr bağlanmış, müqavilələrə əsasən cavabdeh ona etibar edilmiş əmlakın maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmağı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamağı və ziyankarlıqla mübarizə aparmağı, bununla bağlı tam maddi məsuliyyət daşıdığını öhdəsinə götürmüşdür. 19 noyabr 2019-cu il tarixdə cavabdeh ərizə ilə iddiaçıya müraciət edərək, öz xahişi ilə 22 noyabr 2019-cu il tarixdən işdən azad edilməsini xahiş etmiş və iddiaçının 22 noyabr 2019-cu il tarixli əmri ilə cavabdeh işdən azad edilmişdir. Cavabdehin Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə təftiş yoxlaması aparılmış və yekunda sonuncunun iddiaçıya 2095 manat məbləğində ziyan vurması sübuta yetirilmişdir. Bundan sonra tərəflər arasında 19 noyabr 2019-cu il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmış, müqaviləyə əsasən cavabdeh 10 iyun 2019-cu il tarixində OBA-8 KM 3 (154) mağazasında administrator vəzifəsində çalışdığı zaman MMC-yə 2906 manat məbləğində ziyan vurmasını etiraf etmiş, 19 dekabr 2019-cu il tarixdən başlayaraq hər ay 290.00 (iki yüz doxsan) manat 60 qəpik olmaqla 10 (on) ay ərzində tam olaraq iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin etiraf olunmuş borcdan ümumilikdə 811 manat hissə cavabdehin alacağı vəsait hesabına qarşılanmış, qalan 2095 manat pul iddiaçıya halhazıradək ödənilməmişdir. Hazırda iddiaçı həmin pulun cavabdehdən onun xeyrinə ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iddia tələbinə baxılarkən iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olub-olmaması, yəni tərəflər arasında mülki-hüquqi münasibətlərin yaranması, şifahi və ya yazılı borc müqaviləsinin mövcudluğu, borcun qaytarılması müddətinin başa çatması və tələb hüququnun yaranması, həmin hallar mövcud olduqda cavabdehin etirazları nəzərə alınmaqla iddianın əsaslı olub-olmaması, iddiaçı tərəfindən iddianın müvafiq iddia müddəti ərzində qaldırılması və işin diqqətəlayiq digər halları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki qanunvericiliyə görə, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan mülki məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Yuxarıda istinad edilən 19 noyabr 2019-cu il tarixli borcun etirafı və ödəniş qaydası haqqında müqavilədən görünür ki, Cavabdeh 10 iyun 2019-cu il tarixində OBA-8 KM 3 (154) mağazasında administrator vəzifəsində çalışdığı zaman aparılmış invertarizasiya nəticəsində 2906 manat məbləğində cəmiyyətə zərər vurduğunu və iddiaçıya 2906 manat məbləğdə borcun olduğunu tam etiraf edərək, borc məbləğini 19 dekabr 2019-cu il tarixdən başlayaraq hər ay 290.00 manat 60 qəpik olmaqla 10 ay ərzində tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh borcunu qaytarmadığı və bunun üçün real hərəkətlər etmədiyi üçün iddiaçının məhkəməyə müraciət etməsi üçün əsaslar yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Qeyd edilənlərlə müəyyən edildi ki, borcun olması barədə tərəflər arasında olan 19 noyabr 2019-cu il tarixli müqavilə (əqd) yazılı qaydada bağlanmışdır, həmin müqavilə (əqd), müqavilə tərəfləri sayılan İddiaçı MMC və Cavabdeh özləri tərəfindən imzalanmışdır. Bu zaman müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, müqavilənin hüquqi nəticələri barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Məhkəmə iclasında müəyyən olundu ki, 19 noyabr 2019-cu il tarixli borcun etirafı müqaviləsi əsasında Cavabdeh İddiaçı MMC-yə 2906 manat borcu olduğunu etiraf etmiş, tərəflər arasında bununla bağlı mülki-hüquqi münasibətlər yaranmış, onlar arasında yazılı (sadə) qaydada təsdiq edilmiş müqavilə mövcud olmuşdur, qeyd olunan borcun 811 manat hissəsi cavabdehin iddiaçıdan alacağı vəsait hesabına qarşılanmış, 2095 manat qalıq borcun ödənilməsi barədə iddiaçının xəbərdarlıqlarına əhəmiyyət verməyən cavabdeh isə həmin borcunu qaytarmamışdır, bununla iddiaçının tələb hüququ yaranmışdır, bu zaman iddia müddəti ötürülməmişdir. Burada nəzərə alınmalıdır ki, cavabdehin borcu qaytarmaq üçün götürdüyü öhdəlik müddəti başa çatmışdır, borc öhdəliyinin yaranmasından müqavilənin 19 noyabr 2019-cu il tarixdə bağlanmasından ötən müddət ərzində cavabdeh borcu və ya onun müəyyən hissəsini ödəmək üçün real hərəkət etməmişdir. Cavabdeh məhkəmə baxışı müddətində də borcun ödənilməsinə yönəlmiş hərəkətlər etməmişdir ki, bunlar özlüyündə borclunun ödəniş qabiliyyətini itirməsi deməkdir. İşin faktiki halları ilə müəyyən edilir ki, istinad olunan müqavilə əsasında iddiaçının cavabdehə qarşı hazırkı halda borcun geri tələb edilməsi ilə bağlı müvafiq tələb (subyektiv) hüququ mövcuddur. Cavabdehin izahatında göstərdikləri ilə bağlı isə qeyd edilməlidir ki, o, burada sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, yeni düzəldiyi iş yerindən əmək kitabçası tələb olunduğu üçün məhz iddiaçının tələbi əsasında məcburiyyət qarşısında qalaraq borcun etirafı barədə müqaviləni imzalamasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir, hansı ki, yuxarıda istinad edilməklə məhkəmə tərəfindən sübut qismində qəbul edilmiş müqavilənin bağlanmasında cavabdeh şəxsən iştirak etməklə, 19 noyabr 2019-cu il tarixdən başlayaraq hər ay 290 manat olmaqla 10 ay ərzində “Borc verən”ə aldığı borcu qaytarmağı öhdəsinə götürmüşdür. Belə olan halda, məhkəmə cavabdehin göstərdiklərini əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edən kimi üzərinə düşmüş cavabdeh iddianı qəbul etməməsinə əsas kimi göstərdiyi halları sübut edə bilməmiş və bununla bağlı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2095 manat məbləğində əsas borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqının əvəzi tutularaq, İddiaçı MMC-nə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2095 manat məbləğində əsas borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqının əvəzi tutularaq, İddiaçı MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar