Məhkəmə qərarları › İş №2(007)-3100/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-3100/2024

13.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3100/2024 13.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı X1 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :

1. İddiaçı Lapitova Valentina İvanovna Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 1000 manat dəymiş maddi ziyanın, 30 manat dövlət rüsumunun, ümumilikdə 1030 manatın tutulması və ona ödənilməsi, mənzilə axıdılan suyun qarşısının alınması üçün su boruları və kanalizasiya xətlərinin dəyişdirilməsi və təmir edilməsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yaşayır və həmin qeydiyyat əsasında daşınmaz əmlak ona məxsusdur. Cavabdeh qonşu olmaqla Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, ev 61, mənzil 64 saylı mənzilin sahibidir. Cavabdeh həmin mənzili kirayəyə verib və uzun müddətdir ki, mənzilinin kanalizasiya xətti təmir olmadığı üçün o problemlərlə üzləşir. Belə ki, cavabdehin qanunsuz hərəkətləri və səhlənkarlığına görə yaşadığı mənzil sahəsi artıq neçə ildir ki, mütəmadi şəkildə suyla daşqın edilir. Cavabdeh özünəməxsus olan mənzilin şaxtasından yaşadığı sahə su ilə daşqın edilmiş və ona böyük məbləğdə maddi ziyan dəymişdir. Dəymiş ziyanla bağlı ustalar tərəfindən mənzilə ilkin baxış keçirilərək, mənzil sahəsinin yenidən qurma və bərpa işləri hazırki vaxta qədər 1000 manat müəyyən edilmişdir. Hadisədən sonra cavabdehə onun mənzilinə ciddi ziyan dəydiyini bildirsə də, o, dəymiş ziyanın ödənilməsindən imtina edir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur.

İş materialları :

3. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, şikayətçinin yaşadığı mənzilə, yəni Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, ev 61, mənzil 64 saylı mənzilə baxış keçirilmiş və mənzildə müxtəlif saralmalar müşahidə edilmişdir.

4. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Qeydiyyat vəsiqəsindən görünür ki, Rüstəmov küçəsindəki 60 nömrəli yaşayış evinin 61 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüquqi ilə qeydiyyatdan keçirilmişdir və bu barədə reyestr kitabında qeydiyyat aparılmışdır.

5. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir.

Tətbiq edilən hüquq :

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa.

Məhkəmənin mövqeyi :

7. Məhkəmə iddia ərizəsini araşdıraraq qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələblərinə riayət etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.

8. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsində iddiaçının və cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) göstərilməlidir.

9. İddia ərizəsi öyrənilərkən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar göstərilməmişdir. Bu səbəbdən cavabdehin şəxsiyyətini müəyyən etmək tərəfimizdən mümkün olmamışdır.

10. Həmçinin iddaçı mübahisəli mənzilin Cavabdeh mülkiyyətində, sahibliyində olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

11. Məhkəmə onu da qeyd edir ki, iddiaçının iddia tələbi 2 hissədən ibarətdir:

1. Cavabdeh 1000 manat dəymiş maddi ziyanın tutulması (qiymətləndirilən iddia tələbi).

2. mənzilə axıdılan suyun qarşısının alınması üçün su boruları və kanalizasiya xətlərinin dəyişdirilməsi və təmir edilməsinin Cavabdeh üzərinə qoyulması (qiymətləndirilməyən iddia tələbi).

12. Göründüyü kimi iddiaçının iddia tələbinin bir hissəsi qiymətləndirilməyən iddialara aid olsa da, digər tələbi qiymətləndirilməyən iddialara aiddir. Odur ki, iddiaçı məhkəməyə müraciət edərkən, qiymətləndirilməyən iddia tələbləri üzrə ödənilməli olan dövlət rüsumunu ödəməlidir. Lakin iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

13. Halbuki, “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia tələbləri üzrə ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir.

14. Mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.

Nəticə :

15. Beləliklə, məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələbinə riayət olunmadığı üçün iddiaçı X1 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.

16. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (Ödənişi qəbul edən təşkilat: "xxxx" ASC, VÖEN:**********; büdcə səviyyə kodu: 142211; GPP qəbz nömrəsi:**********; tarix:xx.xx.2024; saat:09:34) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır

17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

İddiaçı X1 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (Ödənişi qəbul edən təşkilat: "xxxx" ASC, VÖEN:**********; büdcə səviyyə kodu: 142211; GPP qəbz nömrəsi:**********; tarix:xx.xx.2024; saat:09:34) dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın. İddiaçı Lapitova Valentina İvanovnaya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar