Məhkəmə qərarları › İş №2(007)-313/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-313/2023

01.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-313/2023 01.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun olmaması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun olmaması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən 50 nömrəli mənzil üzərində istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya RX №0272956 nömrəli, reyestr nömrəsi **********90-05301- 093071, qeydiyyat nömrəsi ********** olan, xx.xx.2013-cü il qeydiyyat tarixli Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 50 nömrəli mənzil onun xüsusi mülkiyyətindədir. Sözügedən mənzil onun xüsusi mülkiyyətində olsa da, özü Naxçıvan Muxtar Respublikasının, Şərur rayonu, Dəmirçi kəndində qeydiyyatdadır. Həmin mənzildə yalnız Cavabdeh qeydiyyatdadır. Belə ki, oğlu Cavabdeh ilə ailə qurduqdan xeyli müddət sonra ona məxsus həmin mənzildə yaşamağa başlamışlar. Sonradan zərurətlə əlaqədar olaraq cavabdeh qeyd edilən mənzilə passport qeydiyyatına alınmışdır. Cavabdeh sözügedən mənzilə passport qeydiyyatına alınarkən, həmin mənzilə dair istifadə hüququnun yaranması, başqa sözlə istifadə hüququnun əldə olunması ilə bağlı aralarında notariat qaydasında təsdiq edilmiş hər hansı yazılı razılaşma, yaxud müqavilə bağlanmamışdır. Odur ki, Cavabdeh onun mülkiyyətində olan mənzilə dair istifadə hüququ yoxdur. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçının oğlu ilə cavabdeh 2017-ci ildə nikaha daxil olmuş və onlar Naxçıvanda yaşamışlar. Son bir il olar ki, Bakıya köçmüş və iddiaçı cavabdehi uşağın bağçaya düzəldilməsi üçün qeydiyyata salmışdır. Cavabdehin köçmək üçün başqa yaşayış yeri, qohumlarının və valideynlərinin evi var. Hazırda cavabdeh və iddiaçının oğlu mübahisəli evdə yaşamırlar və onlar faktiki nikah münasibətlərindədirlər. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən iddiaçının vəkili-nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 50 nömrəli mənzil iddiaçı X3 xüsusi mülkiyyətindədir. İddiaçının oğlu X2 ilə Cavabdeh xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar və birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X1 adlı övladları anadan olmuşdur. Elektron portaldan əldə edilmiş Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə mübahisəli mənzilə qeydiyyata düşmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” qərarının 1-ci bəndinə görə 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh 2019-cu ildən mübahisəli mənzildə qeydiyyatda olduğundan ona münasibətdə mübahisəyə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı X5 ilə gəlini Cavabdeh arasında, sonuncunun həmin mənzildə yerləşən yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma bağlanmamış, sadəcə cavabdeh iddiaçı tərəfindən mübahisəli mənzilə passport qeydiyyatına salınmışdır. Göstərilənlərə əsasən müəyyən edilir ki, Cavabdeh mübahisəli mənzildə yerləşən yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ünvan 2 ünvanında yerləşən 50 nömrəli mənzil üzərində istifadə hüququnun olmadığı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri qismində iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 2 ünvanında yerləşən 50 nömrəli mənzil üzərində istifadə hüququnun olmadığı müəyyən edilsin. İddiaçı Cavabdeh tərəfindən məhkəmə xərcləri qismində ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar