Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-314/2024 15.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1961 -ci il tarixdə Fizuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Cavabdeh 32900 (otuz iki min doqquz yüz) manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün onun tərəfindən ödənilmiş 188 (bir yüz səksən səkkiz) manat 70 (yetmiş) qəpik məbləğində olan dövlət rüsumunun, cəmi 33088 (otuz üç min səksən səkkiz) manat 70 (yetmiş) qəpik məbləğində pulun Cavabdeh onun xeyrinə tutulması haqqında müvafiq yekun məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin İŞ-nin baş müstəntiqi, polis mayoru X1 03 avqust 2023-cü il tarixli qərarından görünür ki, ünvan 2 ünvanında yaşayan İddiaçı 29 may 2023-cü il tarixdə ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı PB-nə müraciət edərək, bildirmişdir ki, tanışı Cavabdeh 2013-cü ilin noyabr ayından etibarən hissə-hissə olmaqla ondan ümumilikdə, 32900 (otuz iki min doqquz yüz) manat borc pulu faizi ilə qaytarmaq şərti ilə alsa da aldığı pulları qaytarmaqdan imtina etmişdir. İddiaçı müraciəti xx.xx.2023-cü il tarixdə Nərimanov Rayon Polis İdarəsinin 16-cı PŞ-də törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında 879 nömrəsi ilə qeydə alınaraq araşdırma aparılmış və Nərimanov Rayon Polis idarəsinin TŞ-nin baş təhqiqatçısı, polis baş leytenantı Toğrul Məmmədovun xx.xx.2023-cü il tarixli raportuna əsasən araşdırmanın davam etdirilməsi üçün Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İŞ-nə xx.xx.2023-cü il tarixdə daxil olmuş material üzrə araşdırmanın davam etdirilməsi həmin tarixdə ona həvalə edilmişdir. Araşdırma dövründə izahatı alınmış İddiaçı göstərmişdir ki, 2013-cü ilin noyabr ayında tanışı Cavabdeh şəxsi işləri ilə əlaqədar problemi olduğunu bildirib, ondan borc pul istəmiş, o da Vüsalə adlı tanışından 10000 manat pul götürüb, Cavabdeh vermiş, Cavabdeh 1 ay sonra 11000 manat qaytarmağı öhdəsinə götürmüşdür. Təxminən 15 gün sonra Cavabdeh ona əlavə olaraq 15000 manat pul lazım olduğunu bildirdiyindən, o, təkrarən Vüsalə adlı tanışından 15000 manat götürüb Cavabdeh vermiş, Cavabdeh də 15000 manat pulun müqabilində 1 ay sonra 16000 manat qaytarmağı öhdəsinə götürmüşdür. Bundan başqa, Cavabdeh İrandan kimyəvi maddə idxal etməsi ilə əlaqədar pul lazım olduğunu bildirmiş, o da Vüsalə adlı tanışından 5600 manat götürüb Cavabdeh vermişdir. Bundan başqa, Cavabdeh ondan bir dəfə də 2300 manat borc pul almışdır. Lakin Cavabdeh borc aldığı, ümumilikdə, 32900 manat pulu qaytarmaqdan imtina etmişdir. İddiaçı izahatında göstərmişdir ki, Cavabdeh ona xx.xx.2022-ci il tarixədək cəmi 20500 manat pul isə onun yerinə faizlərə verdiyi puldan qaytarmış, əsas borc isə qalmışdır. Araşdırma dövründə izahatı alınmış Cavabdeh göstərmişdir ki, İddiaçı onun üçün bir dəfə 10000 manat, bir dəfə də 15000 manat faizlə borc pul götürüb vermişdir. İddiaçı onun üçün 15000 manat borc pul təşkil edərkən həmin puldan 1000 manatı özünə götürmüşdür. 2020-ci ilin sonlarında o, İddiaçı 500 manat qaytarmış, bundan başqa da ona dəfələrlə hissə-hissə müxtəlif məbləğlərdə pul vermişdir. İddiaçı tələbinin mülki xarakterli olmasını nəzərə alaraq, Azərbaycan Respublikası MPM-nin 6-cı maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası CPM-nin 39.1.2 və 212-ci maddələrini rəhbər tutaraq, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkibi olmadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, qərarın surəti İddiaçı göndərilməklə qərardan narazı olduğu təqdirdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokuroruna, yuxarı prokurora, yaxud məhkəmə nəzarəti qaydasında Nərimanov Rayon Məhkəməsinə şikayət etmək hüququnun olması ona izah olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, Vüsalə xanımdan ilkin olaraq 10000 manat pul alaraq cavabdehə verib, bu vaxt cavabdeh ona 11000 manat qaytaracağını bildirib. Bundan 15 gün sonra cavabdehin xahişinə əsasən Vüsalə xanımdan yenə də 15000 manat pul alaraq cavabdehə verib, cavabdeh 16000 manat qayataracağını bildirib. Həmin pullar 2013-cü ildə verilib. Sonra cavabdeh ondan İrandan məhsulları gəldiyi üçün 5600 manat pul istəyib, o, Vüsalə xanımdan həmin pulu alaraq cavabdehə verib. Ondan sonra yenə cavabdehin pulu çatmadığı üçün 2300 manat əlavə pul verib. Bütün bu hadisələr devalvasiyadan əvvəl olub. O, həmişə Vüsalə xanımla işlədiyi üçün Vüsalə ona etibar edib. Hazırda cavabdeh külli miqdarda pul ələ keçirməsi ilə bağlı axtarışdadır. Cavabdeh ona ümumilikdə 20500 manat, 2016-cı ildə 500 manat və 2017-ci ildə 300 manat olmaqla, ümumilikdə 21300 manat pul qaytarıb. O, cavabdehə pulu 2013-cü ildə verib, 10 ildən artıq müddət keçib, onun borcu artıq 100000 manatdan çox edir. O, 2016-cı ildə evini 165000 manata sataraq, Vüsalə xanımdan götürdüyü pullara görə ona 67500 ABŞ dolları pul ödədi. O, cavabdehdən onun əvəzində Vüsalə xanıma ödədiyi pulu istəməyib. Onun ödədiyi 20500 manata faiz borcuna çıxır, ona ödənilməmiş qalan əsas borc kimi 32900 manatı tələb edir. Cavabdeh dəfələrlə pulu qaytaracağı ilə bağlı vədlər verərək, onu aldadıb. Cavabdeh indi isə ona borcunu qaytardığını iddia edir. Onun şahidi var. O, bütün qeyd edilənləri təsdiq edə bilər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia tələbində qeyd edilənlər yalandan ibarətdir. O, iddiaçıdan 14000 manat, Sabir adlı şəxs isə 16500 manat götürüb. O, özü iddiaçıdan 24000 manat pul götürüb, Sabir adlı şəxslə birlikdə isə iddiaçıdan ümumilikdə 40000 manat pul götürüblər. Borclun qarşılığında ikisi iddiaçıya 80000 manat pul ödəyib. O, iddiaçıya 20500 manat və ayrı-ayrı vaxtlarda müxtəlif məbləğdə pul qaytarıb. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid kimi dindirilmiş X2 ifadəsində göstərdi ki, o, iddiaçını 10 ildən artıqdır ki, tanıyır. Onunla bir yerdə işləyirlər. İddiaçı ona dəfələrlə cavabdehə zəng edib səsini qeydə almağını xahiş edib. Bunda məqsədi cavabdeh tərəfindən pul qaytarılmadığını sübut etmək olmuşdur. İddiaçının dəfələrlə cavabdehdən pulu tələb etməsinin şahidi olub. İddiaçının Vüsalə xanımdan 33000 manat pul alaraq cavabdehə verdiyini bilir. Cavabdehin nə qədər borcunun qaldığını bilmir. İddiaçı cavabdehə 33000 manat pul verəndə görməyib, şahidi olmayıb, lakin bilir ki, pul verilib. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidin ifadəsini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin xx.xx.2023-cü il tarixli qərarnın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkibi olmadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, qərarın surəti İddiaçı göndərilməklə qərardan narazı olduğu təqdirdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokuroruna, yuxarı prokurora, yaxud məhkəmə nəzarəti qaydasında Nərimanov rayon Məhkəməsinə şikayət etmək hüququnun olması ona izah olunmuşdur; - Cavabdeh Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə araşdırılma aparılan zaman verdiyi izahatlndan görünür ki, İddiaçı tanışı Sabir Hüseynovun vasitəsilə tanıyıb. Onunla münasibəti normal olub, aralarında düşmənçilik və ya ədavətləri olmayıb. Həmin ərəfədə Sabir yükdaşıma avtomobili ilə tikinti materialları daşıyıb müxtəlif şirkətlərə satırdı. Bundan sonra Sabir söhbət zamanı ona işləri ilə əlaqədar ona maliyyə ehtiyaclarının olduğunu deyib və ona köməklik etməyini ondan xahiş edib. Onu tanıdığından və aralarında hörmətetibar olduğundan ona köməklik etmək qərarına gəlib. Bu məqsədlə havalimanı yolu istiqamətinə aparan avtomobil yolu kənarında olan özünə məxsus obyektini baş etibarnamə ilə Sabirə verdi ki, obyekti girov kimi banka qoyub işləri üçün pul götürsün. Həmin vaxt o, özü xarici ölkədə idi, Sabirdən obyektlə bağlı maraqlandıqda o, işin ləngidiyini deyirdi. O, Azərbaycan Respublikasına geri qayıtdıqdan sonra ona məlum oldu ki, qeyd etdiyi obyektə dair çıxarış Qoşqar tərəfindən saxtalaşdırılıb. Belə ki, obyektə dair çıxarış onun və şəriki Adilin adına idi, yəni çıxarışda onun və şərikinin adı qeyd olunaraq obyektin 1/2 hissəsinin ona məxsus olması qeyd olunub. Qoşqar isə həmin çıxarışı saxtalaşdıraraq obyektin ona aid hissəsi ilə Adilə aid hissəsini birləşdirib notariusdan obyektə dair Elşən Rəfiyevin adına vahid çıxarış alıb. Qeyd etmək istəyir ki, Qoşqarın bankdan kredit götürməməsinə səbəb onlar obyekti girov qoyub 300000-350000 manat kredit götürmək istəyirdilər, lakin bankdan onlara həmin məbləğdən aşağı məbləğdə kredit pul veriləcəyi bildirilib. Əlavə olaraq qeyd edir ki, İddiaçı onun üçün faiz olaraq 15000 manat pul götürüb, Qoşqar ona 15000 manat pulu verəndə 1000 manat özünə götürdü. Sonradan Qoşqar ona əlavə olaraq 10000 manat borc pul verdi. Qoşqarın ona 25000 manat borc verməsinə səbəb onun obyektini girov qoyduqdan sonra bankdan götürəcəyi puldan həmin borcu artıqlaması ilə özünə götürəcəkdir. Qoşqar düşünmüşdü ki, bankdan götürəcəyi puldan 200000 manatına qızıl axtaran aparat alacaq və ölkə ərazisində qızıl axtarıb taparaq onları varlı edəcəkdir. 2020-ci ilin son aylarında o, Qoşqara 500 manat pul geri qaytarıb, həmçinin ona dəfələrlə hiss-hissə müxtəlif məbləğlərdə pul verib; - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə 188 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında işin faktiki əsaslarına əsasən müəyyən olundu ki, İddiaçı 2013-cü ilin noyabr ayından etibarən hissə-hissə olmaqla Cavabdeh ümumilikdə 32900 manat borc pul verdiyini, lakin həmin pulun hazırkı vaxtadək qaytarılmadığını qeyd etmişdir. Bu səbəbdən hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 14.2.6-cı maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Belə ki, iddiaçı yaranmış mübahisə ilə bağlı daha əvvəl hüquq mühafizə orqanlarına müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsini İstintaq şöbəsi tərəfindən iddiaçının müraciəti əsasında araşdırma aparılmış, lakin cavabdehin əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkibi olmadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Hazırda iş materiallarına iddiaçı tərəfindən cavabdehə ümumilikdə 32900 manat məbləğində pulun verilməsinə dair hər hansı mötəbər sübut əlavə edilməmişdir. Məhkəmə iclasında iddiaçının vəsatətinə əsasən şahid kimi dindirilmiş X2 ifadəsində iddiaçının cavabdehə 32900 manat pul verdiyinin birbaşa şahidi olmadığını, lakin iddiaçının cavabdehdən verilmiş borcu tələb etdiyinin şahidi olduğunu qeyd etmişdir. Belə ki, iddiaçı cavabdehə 32900 manat pulun verildiyi iddia etsə də, cavabdeh iddiaçı tərəfindən ona 15000 manat və 10000 manat pul verildiyini, 15000 manat pulun 1000 manatının iddiaçı tərəfindən özünə götürüldüyünü və ona ümumilikdə 24000 manat pul verildiyini etiraf etmişdir. Belə olan halda, cavabdehin etirafına əsasən iddia 24000 manat pulun verilməsi hissəsində öz təsdiqini tapır. Həmçinin, cavabdeh iddiaçıya borclu olduğu pulu qaytardığını iddia edir. Bu səbəbdən 24000 manat pulun qaytarılması hissəsində sübutetmə yükü cavabdehin üzərində düşür. İddiaçı polis bölməsində vermiş olduğu izahatında cavabdeh tərəfindən ona 20500 manat pulun qaytarıldığını, məhkəmə iclasına isə cavabdeh tərəfindən ona əlavə olaraq 500 manat və 300 manat ödənildiyini qeyd etmişdir. Belə olan halda, iddiaçı cavabdeh tərəfindən ona ümumilikdə 21300 manat pulun qaytarıldığını qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə bir daha qeyd edir ki, hazırkı iddia üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 32900 manat pulun verilməsi halı öz təsdiqini tapmamış, tərəflərin izahatları və iş materiallarını tətqiqi nəticəsində iddiaçı tərəfindən cavabdehə 24000 manat pul verildiyi (cavabdehin etirafına əsasən) və həmin puldan 21300 manat pulun iddiaçıya qaytarıldığını (iddiaçının izahatına əsasən) müəyyən edilir. Cavabdeh borc olaraq aldığı 24000 manat pulun hamısının iddiaçıya qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehdən 2700 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh məhkəməyə müxtəlif qeydlərin əks olunduğu vərəq təqdim edərək, onunla birlikdə Sabir adlı şəxsin iddiaçıdan borc pul götürdüyünü qeyd etmişdir. Məhkəmə göstərilənlə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı iş üzrə tərəflərin və Nərimanov rayon polis idarəsində izahatı alınmış bir çox şəxsin arasında borc pul münasibətlərinin olduğunu müəyyən edilsə də, məhkəmə iş üzrə hazırkı araşdırmasını ancaq iddiaçının tələb etdiyi 32900 manat pula münasibətdə etmiş və gəldiyi qənaətini yuxarıda əsaslandırmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun 172,57 manatı iddiaçıya, 15,43 manat cavabdedə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2700 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 15,43 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, məhkəmə xərclərinə aid olan, ödənilmiş dövlət rüsumunun 172,57 manatı İddiaçı aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2700 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 15,43 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Məhkəmə xərclərinə aid olan, ödənilmiş dövlət rüsumunun 172,57 manatı İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-314/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-314/2024
15.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver