Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3154/2025 26.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Hüseynova Aytən Bəxtiyar qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh Bı̇ lallı (Əkbərov) Asəf Bı̇ lal oğlunun iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Bilallı (Əkbərov) Asəf Bilal oğluna qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı "xxxx" MMC cavabdeh Bilallı (Əkbərov) Asəf Bilal oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 ilə xx.xx.2009-cu il tarixdə bağlanmış VİP 6050 saylı nisiyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 352 ABŞ dollarının əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1% (bir)-i həcmində 50 ABŞ dollarının cərimə, cəmi 402 ABŞ dollarının və 10 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, borclu ilə kreditor arasında xx.xx.2009-cu il tarixli, VİP 6050 saylı nisiyə alqı-satqı müqaviləsi bağlandıqdan sonra ilkin olaraq xx.xx.2009-cu il tarixində 99 ABŞ dolları xx.xx.2010-cu il tarixində 43 ABŞ dolları ödəmiş, lakin sonradan ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununla da borclu müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən alıcı ödənişi gecikdirildiyi məcmu borcun 1%-i həcmində satıcının xeyirinə cərimə ödəyir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1394/2010 saylı, xx.xx.2010-cu il tarixli məhkəmə əmri ilə X3 ilə xx.xx.2009-cu il tarixdə bağlanmış VİP 6050 saylı nisiyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 352 ABŞ dollarının əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1 % (bir)-i həcmində 50 ABŞ dollarının cərimə, cəmi 402 ABŞ dollarının və 10 manat dövlət rüsumunun tutulması əmr edilmişdir. Məhkəmənin 2(007)-1394/2010 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə borclunun məhkəmə əmrinə vermiş olduğu etirazı təmin edilərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1394/2010 saylı, xx.xx.2010-cu il tarixli əmri ləğv edilmiş və iş əmr icraatından iddia icraatına keçirilmişdir. Cavabdeh Bilallı (Əkbərov) Asəf Bilal oğlu xx.xx.2025-ci il tarixdə iddia tələbinə etiraz verərək bildirmişdir ki, iddiaçının yuxarıda qeyd etdiyi alqı-satqı müqaviləsindən onun xəbəri yoxdur və o belə bir müqaviləyə qol çəkməmişdir. İddianın qeyd etdiyi “Nokia 8800 sirocco” markalı mobil telefonunu iddiaçıdan almamışdır. Beləliklə iddiaçı "xxxx" MMC-nin verdiyi iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilmişdir. İddiaçı "xxxx" MMC tərəfindən vəsatət və vəsatətə əlavə verilərək bildirilmişdir ki, müqaviləyə əsasən borcluya “Nokia 8800 Sirocco” markalı, İMEİ: **********41355 olan mobil telefon təhvil verilmişdir. Həmin məhsul üzrə 168 AZN məbləğində ilkin ödəniş qəbzi və ödəniş qrafiki mövcuddur. Bu hallar borclunun məhsulu faktiki olaraq qəbul etdiyini və öhdəliyin yarandığını təsdiq edir. xx.xx.2010-cu il tarixində məhkəmə tərəfindən "xxxx" MMC-nin xeyrinə qərar çıxarılmışdır. Lakin borclu bu müddət ərzində öhdəliyi yerinə yetirməmiş, cəmi bir dəfə xx.xx.2010-cu ildə 95 manat ödəniş etmişdir və xx.xx.2025-ci il tarixində əmrin icrasından şikayət vermişdir. Məhkəmə prosesində borclu imzanın ona məxsus olmadığını bildirib və iş qrafoloji ekspertizaya göndərilmişdir. xx.xx.2025-ci il tarixli ekspertiza rəyi ilə sənəddəki imzanın borclu Ələkbərov Asəfə məxsus olduğu təsdiqlənmişdir. Müqavilənin şərtlərinə əsasən borc gecikdirildiyi halda hər gün üçün 1% cərimə nəzərdə tutulmuşdur. Borclu 15 ilə yaxın müddətdə ödənişi yerinə yetirmədiyindən cərimənin hesablanması hüquqi əsasını saxlayır. Qeyd olunanlara əsasən borclunun şikayətinin əsassız hesab edilərək rədd edilməsini, qətnamənin icra şöbəsinə qaytarılaraq icranın davam etdirilməsini, borcun məcburi qaydada ödənilməsi barədə qərar verilməsini, məhkəmə xərclərinin borclunun öhdəsinə yönəldilməsini, müqavilənin şərtlərinə uyğun olaraq borc məbləğinə gecikdirilmiş müddət üçün hər gün 1% cərimənin (penyanın) hesablanaraq tutulmasını məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, ekspert rəyini qəbul edirlər. tərəflərindən mübahisəli müqavilənin əsli təqdim edilmiş və müqavilənin nömrəsi qeyd olunan ilkin ödəniş qəbzi qarşı tərəfə təqdim edilmişdir. Cavabdeh ödəniş olmasa həmin qəbzə imza çəkməzdi. Müqavilə tərtib edilib, cədvəldə nə qədər ödəniş edəcəyi qeyd edilib və Asəf bəy müqavilə öhdəliyinə imza çəkib. İmza da ekspert rəyi ilə cavabdehin imzası çıxmışdır. Cavabdehin sinif yoldaşı əgər müqavilə yoxdursa ərizəni niyə yazsın, niyə icra şöbəsinə getsin? Cavabdehin 2008-ci ildə onlarda başqa tələbə krediti olub. Məhkəmə iclasında cavabdeh Bı̇ lallı (Əkbərov) Asəf Bı̇ lal oğlu iddia tələbini qəbul etmədiyini bildirərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, ekspert rəyinə əsasən imzanın onun olması müəyyən edilmiş, müqavilə 15 il bundan öncə bağlanılmışdır. İmza çəkilmiş müqavilə üzrə rəyi qəbul etməmək kimi şansı yoxdur. Əgər təkrar xətşünaslıq ekspertizası da Ekspertiza Mərkəzinə göndəriləcəksə təkrar ekspertiza keçirilməsinin də heç bir önəmi yoxdur. İddiaçının qeyd etdiyi “Nokia 8800 Sirocco” markalı mobil telefonunu iddiaçıdan almamışdır. Onda başqa şirkətlərin müqavilələri var ki, orada məhsulun adını qeyd edirlər. Həmin vaxt o, əsgərlikdə olmuşdur. Onun hazırki müqavilədən məlumatı yoxdur. O, 2004-2008-ci illərdə tələbə krediti olan zaman iddiaçı MMC-dən əşya almışdır. Ola bilsin ki, müqavilə onunla bağlı olan müqavilədir və imza da ona görə onun çıxmışdır. Həmçinin borclu qismində onu icra şöbəsinə çağıranda onun dostu gəlib izahat vermiş və ərizəni o imzalamışdır. Buna niyə icazə verirlər? Ona telefon almasını göstərən müqaviləni təqdim etsinlər. Bundan əlavə məhkəmə əmri icra şöbəsində olarkən onun yerinə dostu X2 izahat yazıb imzalamış, ödənişlərin onun tərəfindən həyata keçirilməsini bildirmişdir. Buna icra şöbəsi niyə icazə vermişdir? Həmin dostunun məhkəmə iclasında dindirilməsini istıyir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Bilallı (Əkbərov) Asəf Bilal oğlu arasında bağlanmış xx.xx.2009-cu il tarixli, VİP6050 saylı nisyə alqı-satqı müqaviləsinə və ona əlavəyə əsasən Bilallı (Əkbərov) Asəf Bilal oğluna ümumi dəyəri 494 ABŞ dolları olan mobil telefon satılmış və cavabdeh tərəfindən həmin tarixdə 99 manat ilkin ödəniş edilmişdir. Cavabdeh müqavilə üzrə qeyd olunan müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürməsinə baxmayaraq müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Bilallı (Əkbərov) Asəf Bilal oğlunun qalıq borcu 285 ABŞ dollarıdır. Məhkəmə əmri çıxandan sonra borclu 117 ABŞ dolları ödəniş etmişdir. cavabdeh müqavilədə olan imzanın ona məxsus olmadığını və həmin müqaviləni onun imzalamadığını bildirmiş, məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/1725 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 25-ci vərəqində olan xx.xx.2025-ci il tarixli məhkəmə əmrinə etirazın sonunda “İmza:” qrafasındakı imza, mülki işin 44-cü vərəqində olan xx.xx.2025-ci il tarixli etirazın sonunda “İmza:” qrafasındakı imza, mülki işin 48a-cı vərəqində olan xx.xx.2009-cu il tarixli, VİP 6050 saylı nisyə “alqısatqı” müqaviləsində “Alıcı” qrafasındakı imza, mülki işin 49b-ci vərəqində olan AZE seriyalı, 01698616 nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətindəki imza, Bilallı (Əkbərov) Asəf Bilal oğlunun AZE CO1169495 nömrəli xarici pasportundakı imza, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli zəmanət talonunda “Alıcının imzası, ad, soyad, atasının adı” qrafasındakı imza, mülki işin 52-ci vərəqində olan “mülki iş üzrə məhkəmə bildirişinin kötüyü”ndə olan “Qəbul etdi:” qrafasındakı imza – eyni şəxs - Bilallı (Əkbərov) Asəf Bilal oğlunun tərəfindən icra olunmuşdur. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib tərəflərin izahatını dinləyib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 442-ci, 448.1-ci, 462.1-ci, 467-ci maddələrinə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 586.3-cü maddəsinə əsasən əgər qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində satıcının alıcıya verilən əşyanın keyfiyyətini yoxlamaq vəzifəsi (sınama, analiz, müayinə və i.a.) nəzərdə tutulmuşdursa, satıcı əşyanın keyfiyyətinin yoxlanıldığına dair alıcıya sübutlar təqdim etməlidir. 588.1-ci maddəsinə görə əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” qərarında formalaşdırdığı mövqeyə görə əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Məhkəmə ilk öncə bildirir ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Hazırda cavabdeh məhkəmə iclaslarında müqavilədə olan imzanın ona məxsus olmamasını bildirərək müqavilən mübahisələndirmiş, məhkəmə tərəfindən xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyi ilə imzanın cavabdehə məxsus olması öz təsiqini tapmışdır. Cavabdeh təkrar ekspertizanın keçirilməsini istəmədiyini, müqavilədəki imzanın iddiaçı MMC-dən aldığı başqa əşyaya görə bağladığı müqaviləyə görə onun ola biləcəyini, lakin həmin müqavilənin “Nokia 8800 Sirocco” markalı mobil telefon ilə bağlı olmadığını, tərəfindən belə bir telefon alınmadığını bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdeh rəy ilə razı olub-olmadığını, imzanın ona məxsus olması məsələsini konkret göstərməmişdir. Həmçinin tərəflər arasında bağlanılmış müqavilədə və digər sənədlərdə telefon markası göstərilməməsi də həmin müqavilənin onun tərəfindən bağlanmaması, həmin malın cavabdeh tərəfindən alınmaması və onlar arasında ümumiyyətlə müqavilə münasibətlərinin olmaması qənaətinə gələmə əsas vermir. Bununla bağlı sübutlar da cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə ki, Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Beləliklə, tərəflər arasında xx.xx.2009-cu il tarixli, VİP 6050 saylı nisiyə alqı-satqı müqaviləsi bağlanaraq tərəflər öz üzərlərinə öhdəliklər götürmüşlər. Cavabdeh də 99 ABŞ dolları ilkin ödəniş etmiş və iddiaçı tərəfin təqdim etdiyi sonuncu maliyyə arayışına əsasən borc məbləğindən 127 ABŞ dolları ödəniş edildiyi müəyyən edilmişdir. Beləliklə, cavabdeh bildirdikləri ilə alqısatqı müqaviləsini təkzib etsə də, iş materiallarına əlavə edilmiş sənədlər ilə cavabdehin həmin müqavilənin şərtlərini qəbul etməsi və bunun nəticəsindən həmin müqavilə üzrə ödənişlər etməsi öz əksini tapmış, mübahisəli müqavilə 2009-cu ildən bəri daha öncə məhkəmə qaydasında mübahisələndirilməmişdir. Həmçinin məhkəmə cavabdehin məhkəmə əmri icra şöbəsində olarkən onun yerinə dostu X1 ərizə yazıb imzalaması, ödənişlərin həmin şəxs tərəfindən həyata keçirilməsi və həmin şəxsin məhkəmə iclasında dindirilməsi dəlili ilə bağlı bildirir ki, həmin ərizədə Namil Abdullayev zamin, Bilallı (Əkbərov) Asəf Bilal oğlu isə müştəri qismində qeyd olunmuş, xx.xx.2009-cu il tarixli, VİP 6050 saylı nisiyə alqı-satqı müqaviləsi üzrə borcun olması qəbul edilmişdir. Hazırki mübahisə üzrə isə həmin müqavilə tərəfi kimi borclu qismində Bilallı (Əkbərov) Asəf Bilal oğlu göstərilmiş və müqavilə onun tərəfindən imzalanmışdır. Həmçinin cavabdeh X1 şahid qismində dindirilməsini istəsə də həmin şəxs məhkəməyə şahid qismində təqdim edilməmiş, hazırki iş üzrə şahid qismində dinlənilməmişdir. Ümumiyyətlə isə X2 adlı şəxs tərəfindən belə bir ərizənin yazılması tərəflər arasında yaranmış müqavilə münasibətləri üzrə cavabdehi öhdəliklərindən azad etmir. Eyni zamanda məhkəmə iddiaçı tərəfin vəsatətinə əlavəsində qeyd etdiyi qətnamənin icra şöbəsinə qaytarılaraq icranın davam etdirilməsi, borcun məcburi qaydada ödənilməsi barədə qərar verilməsi dəlillərə qiymət verərək bildirmişdir ki, Məhkəmənin 2(007)- 1394/2010 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə etiraz təmin edilərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1394/2010 saylı, xx.xx.2010-cu il tarixli əmri ləğv edilmiş və materiallar iddia icraatına keçirilərək iddiaçının tələbinə yenidən baxılmışdır. Hazırki iş üzrə yeni qətnamə qəbul edilərək qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti icra şöbəsinə göndəriləcək və ondan sonra borclu barəsində icra mərhələsində tədbirlər görüləcəkdir. Beləliklə, qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh Bilallı (Əkbərov) Asəf Bilal oğlu xx.xx.2009-cu il tarixli, VİP 6050 saylı nisiyə alqı-satqı müqaviləsi əsasında iddiaçı "xxxx" MMC-dən müvafiq əşya(lar) almış, lakin, o, müqavilə üzrə ödənişi tam həyata keçirməmişdir. Göründüyü kimi, cavabdeh Bilallı (Əkbərov) Asəf Bilal oğlu alqı-satqı müqaviləsi üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə iddia tələbinin “352 ABŞ dollarının əsas (qalıq) borcun cavabdehdən iddiaçının xeyrinə tutulması “ hissəsi ilə bağlı bildirir ki, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışı ilə Bilallı (Əkbərov) Asəf Bilal oğlunun qalıq borcunun 285 ABŞ dolları olması müəyyən edildiyindən iddia tələbi bu hissədə qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 285 ABŞ dolları əsas borc tutulmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının tələb etdiyi 50 ABŞ dolları cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 8 ABŞ dolları cərimə borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə onu da qeyd edir ki, iddia tələbi üzrə dollar ilə ifadə olunan borc məbləği qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla, cavabdehlərdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bilallı (Əkbərov) Asəf Bilal oğlundan "xxxx" MMC-nin xeyrinə xx.xx.2009-cu il tarixli, VİP 6050 saylı nisiyə alqı-satqı müqaviləsi üzrə məhkəmə qətnaməsinin icra edildiyi vaxta dolların manat məzənnəsi nəzərə alınmaqla 285 ABŞ dolları əsas borc, 8 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 293 ABŞ dolları tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən 10 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Bilallı (Əkbərov) Asəf Bilal oğlundan "xxxx" MMC-nin xeyrinə xx.xx.2009-cu il tarixli, VİP 6050 saylı nisiyə alqı-satqı müqaviləsi üzrə məhkəmə qətnaməsinin icra edildiyi vaxta dolların manat məzənnəsi nəzərə alınmaqla 285 ABŞ dolları əsas borc, 8 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 293 ABŞ dolları borc və 10 manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-3154/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3154/2025
26.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver