Məhkəmə qərarları › İş №2(007)-3170/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3170/2022

08.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3170/2022 08.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 23 avqust 2013-cü il tarixdə faktiki nikaha daxil olaraq ailə qurmuşdur. Cavabdeh ilə faktiki nikahlarından 08 may 2015-ci ildə qızları X4 anadan olmuşdur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-5501/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh 08 may 2015-ci il təvəllüdlü X1 üçün hər ay 110 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 02 may 2018-ci il tarixli qətnaməsi ilə 08 may 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 5591/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirlmiş, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Qeyd edilənlərə əsasən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1331/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməsi, 08 may 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay 200 manat sabit pul məbləğində alimentin, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin əvəzi tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, o, iddia tələbini qəbul etmir. Hazırda “Yaşıllaşdırma Müəssisələri Baş İstehsalat İdarəsinin Su Quyularının İstismarı və Təmiri Xidməti Müəssisəsində işləyir, rəsmi maaşı 700 manat olsa da, 570 manat əmək haqqı alır. Onun başqa uşaqları da var. Hazırda əmək haqqının 1/3 hissəsi miqdarında aliment ödəməyə razıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli, 2(007)- 1331/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(007)-5591/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh faktiki nikahda olduqları müddətdə 08 may 2015-ci il tarixdə Elnar adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh uşaq yetkinlik yaşına çatanadək hər ay 110 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Bundan sonra isə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh uşaq yetkinlik yaşına çatanadək hər ay 154 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda ana uşağın saxlanılması üçün tutulan alimentin miqdarının artırılaraq, 200 manat məbləğində müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2022-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, uşağın saxlanılması üçün 2018-ci ildə hər ay 154 manat sabit pul məbləğində aliment məbləğinin tutulması müəyyən edildikdən sonra 4 il müddət keçmişdir, bu müddətdə uşaq böyümüş, onun tələbatları artmışdır. Bununla da, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2018-ci ildə müəyyən edilmiş alimentlə uşağı saxlamaqda çətinlik çəkir. Məhkəmə həmin halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalıdır. Məhkəmə dəyişdirilməli olan aliment məbləğinin həcmini müəyyən edərkən iddiaçının və onun himayəsində yaşayan uşağın mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, aliment məbləğinin 200 manat müəyyən edilməsinə dair iddia tələbi qismən təmin edilməlidir. Nəzərə alınmalıdır ki, burada, tələbi əsaslı edəcək, müəyyən edilməli olan hal - məhz məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra aliment ödəyən cavabdehin (atanın) ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Hansı ki, iddiaçı buna dair hər hansı sübutunu iddiasına əlavə etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, məhkəmədə də belə sübutlar təqdim edilməmişdir. Belə olan halda, məhkəmə qeyd edilənləri, nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı dəyişdirilən aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh iddia tələbinə etiraz edərək, onun X2 başqa iki övladının olduğunu da qeyd etmişdir. Məhkəmə göstərilənlərə münasibətdə aşağıdakıları qeyd edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın: 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə, yuxarıda istinad edilən maddi hüquq normaları, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı gəldikləri hüquqi mövqeləri baxımından məhkəmə hesab edir ki, cavabdehin ailə vəziyyətinin dəyişməsi halları alimentin miqdarının artırılmaması və ya alimenti ödəməkdən azad edilməsi üçün mütləq əsas kimi qəbul edilməməlidir. Belə ki, aliment ödənilən iddiaçı azyaşlı uşağı ilə cavabdehdən ayrı yaşayır, ondan ayrı yaşamasına baxmayaraq, cavabdehin həmin uşağın qarşısında bir valideyn kimi müvafiq öhdəlikləri vardır, cavabdeh uşağın maddi və mənəvi cəhətdən təminatını həyata keçirməlidir və bu, onun mənəvi borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 08 may 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli, 2(007)-1331/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 08 may 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya xidmətinə görə 50 manat məbləğində pulun ödənilməsi səbəbindən tərəflər iddia ərizəsinin verilməsi üçün ödəməli olduğu dövlət rüsumundan azad edilməli, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu dövlət büdcəsindən ona qaytarılmalı və iddiaçı tərəfindən ilkin mediasiya xidmətinə görə ödənilmiş 50 manat məbləğində pulun əvəzi cavabdehdən tutularaq ona ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 08 may 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli, 2(007)-1331/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 08 may 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcininin əvəzi kimi 50 manat məbləğində pul Cavabdeh tutulub, İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu dövlət büdcəsindən qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar