Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3172/2024 18.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “alimentin miqdarının artırılması” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi :
1. İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh tərəfindən ona xx.xx.2009-cıı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 235 manat aliment və mediasiya təşkilatına ödədiyi 50 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişlər. Cavabdehlə birgə nikahdan olan qızları 27 iyun 2009-cu il təvəllüdlü X4 dünyaya gəlmişdir. Aralarında baş vermiş narazılıqlar əsasında aralarında olan nikah pozulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 fevral 2012-ci il tarixli, 2(011)- 215/2012 saylı qətnaməsi ilə iddia ərizəm təmin olunmuş və Cavabdeh ilə X5 arasında Bakı Nikah Evində xx.xx.2008-ci il tarixdə bağlanmış 2894 saylı nikah qeyd ləğv edilməsi, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2009-cu il təvəllüdlü X4 anası X3 himayəsində saxlanması, xx.xx.2012-ci il tarixdən başlayaraq xx.xx.2009- cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 87 manat sabit pul məbləğində aliment X3 xeyrinə tutulması, xx.xx.2011 -ci il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X2 müalicə cərclərinə görə, müalicəsinin davam etdiyi müddət ərzində, Cavabdeh. Əzbala oğlundan hər ay 80 manat məbləğində pul X3 xeyrinə tutulması qət edilmişdir. Uşağın saxlanması üçün məhkəmə tərəfindən təyin olunmuş məbləğ yetərli deyildir və uşağın tələbatlarını heç cürə ödəmir.
Cavabdehin etirazı:
4. Cavabdeh iddia tələbinə etiraz edərək, İddiaçı alimentin miqdarının artırılması tələbinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Etiraz onunla əsasıandırmışdır ki, o, heç bir yerdə işləmir, gəlir və qazanc yeri yoxdur. İddiaçının tələb etdiyi 235 manat aliment: hər ay ödəməyə maddi imkanı çatmır. Bundan başqa cavabdeh İddiaçı özü də dəqiq bilmədiyi tibb müəssisəsində çalışır və onun qazancından da yüksək məbləğdə əmək haqqı alır. Bunu elektron hökümət portalına giriş etməklə yoxlamaq və dəlilinin doğru olub- olmamasını müəyyən edib hüquqi qiymət vermək mümkündür. Həmçinin İddiaçı tərəfindən xx.xx.2009-cu il təvəllüdlü övladları Selcanın sağaldığı və hazırda davamlı müalicəsinin aparılmasına ehtiyacının olmadığı məhkəmədən gizlədilir. Müalicənin davam etməsi və ona vəsait ödənilməsini təsdiq edən sübutlar (ödəniş qəbzləri və s. çeklər) ərizəyə əlavə edilməmişdir. Ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu hər iki valideynə münasibətdə qəbul edilmiş məbləğdir. Bir mənalı şəkildə uşağın saxlanılması hər iki valideynin borcu və valideynlik vəzifəsi olduğundan, uşaqların maddi ehtiyaclarının və uşaqların yaşayış minimumunun qarşılanmasında da hər iki valideyn iştirak etməlidir. Lakin iddiaçı övladının saxlanılmasında, maddi ehtiyaclarının qarşılanmasında iştirak etməyərək, iş yerini və aldığı əmək haqqı məbləğini gizləyərək, uşağın saxlanılması üçün tələb olunan yaşayış məbləğinin yalnız mən tərəfdən qarşılanması üçün alimentin artırılmasını tələb edir.
İş materialları :
6. AZ-İ seriyalı, 166163 nömrəli “nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə X5 qızı arasında bağlanılmış nikah ləğv edilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 213 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Ağakişiyeva” soyadı verilmişdir.
7. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2009-cu il tarixində doğulmuşdur.
8. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(011)-215/2012 saylı qətnaməsindən görünür ki, ilk iddia ərizəsi təmin edilməsi, Cavabdeh ilə X5 arasında Bakı Nikah Evində xx.xx.2008-ci il tarixdə bağlanmış 2894 saylı nikah qeydinin ləğv edilməsi, qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2009-cu il təvəllüdlü X2 anası X3 himayəsində saxlanılması, xx.xx.2012-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 87 manat sabit pul məbləğində aliment X3 xeyrinə tutulması, xx.xx.2011-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X2 müalicə xərclərinə görə, müalicəsinin davam etdiyi müddət ərzində, Cavabdeh hər ay 80 manat məbləğində pul vəsaitinin X3 xeyrinə tutulması, qarşılıqlı iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. “Mediasiya Şurası” Bakı 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞB/1/2024-00393 nömrəli “ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etsə də, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya və 10 manat poçt-kargüzarlıq xərci ödənilmişdir.
Tərəflərin izahatları :
10. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Həmçinin izahatında bildirmişdir ki, o uşağın müalicəsi ilə bağlı təyin edilmiş alimentin deyil, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş alimentin artırılması üçün müraciət etmişdir.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə ünvanlandığı iddia ərizəsinə etirazda bildirmişdir ki, maddi vəziyyəti aşağı olduğu üçün məhkəmə iclaslarında iştirak edə bilməyəcəkdir.
12. Belə olan halda məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşin faktiki halı :
13. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və tərəflərin birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X4 anadan olmuşdur.
14. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(011)-215/2012 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, uşaq ananın yanında saxlanılmış və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 87 manat və müalicə xərcləri üçün 80 manat sabit pul məbləğində aliment təyin edilmişdir.
15. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(011)-215/2012 saylı qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 235 manat sabit pul məbləğində aliment məbləğinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Məhkəmə baxışının hədləri:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq :
17. Azərbaycan Respublikası Konstitusiyasının :
Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 17. Vİ. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
19. Azərbaycan Respublikası Ailə Məcəlləsi :
75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
20. Uşaq Hüquqları haqqında Qanun :
4. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
19. Uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı
Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşaqların əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
22. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı :
8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. 8.4. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
23. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanunu :
2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
Məhkəmənin mövqeyi :
24. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
25. Məhkəmə ilk növbədə qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
26. Aliment öhdəliyi ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətidir ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur.
27. Qeyd etmək zəruridir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumu səviyyəsindən aşağı olmayan maddi təminat hüququ vardır və valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.
28. Hazırda İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbini irəli sürmüş və tələbini uşağın tələbatlarının və uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğinin artması ilə əsaslandırmışdır.
29. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi çıxış edir.
30. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
31. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun üçün ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
32. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(011)-251/2012 saylı qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra ödəmələrin miqdarının müəyyənləşdirilməsi üçün əsas olmuş hallar dəyişmiş, uşağın maddi tələbatları, uşaqlar üçün yaşayış minimumu məbləği artmışdır.
33. Məhkəmə qeyd edir ki, alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün yetərli olmayacaqdır və bu miqdar dəyişməlidir.
34. Qeyd edilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən istehlak qiymətləri və.s dəyişmiş, uşaq böyüməkdə davam etməklə onun müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir.
35. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, alimentin miqdarı müəyyən edilərkən uşaqların yaşayış minimumu səviyyəsindən aşağı olmayan maddi təminat hüququ olması, əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması nəzərə alınmaqla yanaşı aliment ödəməli olan valideynin maddi vəziyyəti də nəzərə alınmalıdır.
36. Belə ki, məhkəmə qətnaməsinin icrası məhkəmə icraatının tərkib hissəsi olduğundan, məhkəmə qətnamə çıxararkən onun icrasının mümkünlüyünü nəzərə almalı, dövlətin adından çıxarılmış məhkəmə qətnaməsinin icrası mümkün olmalıdır. İddiaçı tərəfindən isə Cavabdeh 235 manat məbləğində aliment ödəmək imkanına malik olmasını təsdiq edən mötəbər sübut məhkəmə təqdim edilməmişdir.
37. Məhkəmə qərarının icrası ilə bağlı İnsan hüquqları üzrə Avropa məhkəməsinin təcrübəsi də maraq doğurur. Bu məhkəmə Xornsbin Yunanıstana qarşı iş üzrə qəbul etdiyi 1997-ci il 19 mart tarixli qərarında qeyd edir ki, iştrakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan “məhkəmə baxışına hüquq” xəyal xarakterli olacaqdır...Hər hansı bir məhkəmə tərəfindən çıxarılmış qərarın icrası həmin maddədə nəzərdə tutulmuş “məhkəmə icraatı” anlayışının ayrılmaz tərkib hissəsidir.
38. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə (Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə edilmiş sorğu məlumatı) müəyyən edilmişdir ki, iddiaçı əmək fəaliyyəti ilə məşğul olur, "Bakı Baş Səhiyyə Mərkəzi " X8 həkim işləyir və onun aylıq əmək haqqısı 1199.40 manat təşkil edir.
39. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, cavabdeh Qubra rayonunda yaşayır, aylıq sabit gəlirinin olması ilə bağlı iş materiallarında sübut yoxdur, iddiaçı tərəfindən onun 235 manat aliment ödəmək imkanı olduğunu təsdiq edən sübut təqdim edilməmişdir və “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə əldə edilmiş sorğu məlumatlarında da gəlir məlumatları aşkar edilməmişdir.
40. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın yaşı, təhsili, inkişafı üçün zəruri olan digər xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşağı saxlamağa borclu olduğunu, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğini, cavabdehin yaşayış yerini nəzərə alaraq qeyd edir ki, xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat məbləğində aliment təyin edilməsi qanuni və əsaslıdır.
41. Alimentin miqdarının sabit pul məbləğində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən alimentin sabit məbləğində tutulması məhkəmənin öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında deyil, yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkün olduğundan və İddiaçı alimentin miqdarının hər ay tutulmalı olan sabit pul məbləğində müəyyən edilməsi ilə bağlı müraciət etdiyindən alimentin miqdarı hər ay uşaq üçün 200 manat ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir.
42. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
Məhkəmə xərcləri :
43. “Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələbinə görə, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faiz dövlət rüsumu ödənilməlidir.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
45. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin məbləği 113 manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 1356 (113x12=1356) manat müəyyən edildiyindən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən dövlət mədaxilinə 33.56 manat məbləğində dövlət rüsumu alınmalıdır.
46. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
47. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən çəkilmiş mediasiya xərci (50 manat) hazırki mülki iş üzrə hesablanmış dövlət rüsumunun məbləğindən (33.56 manat) çox olduğu üçün mülki iş üzrə dövlət rüsumu tutulmamalıdır.
48. “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 36.5.-ci maddəsinə əsasən mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
49. Məhkəmə qeyd edir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən iddiaçı müvafiq tələb irəli sürdüyündən ilkin mediasiya sessiyasında iştirak üçün iddiaçının çəkdiyi 50 manat xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir
Nəticə :
50. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi Cavabdeh tutularaq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva