Məhkəmə qərarları › İş №2(007)-3179/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-3179/2021

09.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3179/2021 09.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, Hüseynova Bəturə Xaqani qızının katibliyi ilə, İddiaçı cavabdeh “X1 Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “ailəsinə vurulmuş fiziki və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh “X1 Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “ailəsinə vurulmuş fiziki və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, ərizə verilərkən aidiyyət qaydaları pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı iddia ərizəsində cavabdehin ünvanını ünvan 1 Lakin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarının yoxlanılması zamanı müəyyən edildi ki, “X1 Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı hüquqi şəxs kimi Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 2 ünvanında qeydiyyata alınmışdır. Buna baxmayaraq, iddiaçı tərəfindən aidiyyət qaydaları pozulmaqla hazırkı iddia ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edilmişdir. Bundan əlavə, iddiaçı ərizəsində yetkinlik yaşına çatmış tam fəaliyyət qabiliyyətli oğlunun hüquqlarının pozulmasını göstərməsinə baxmayaraq, sonuncunun mənafeyinin müdafiəsi məqsədilə məhz özünün məhkəməyə müraciət etməklə, ailəsinə vurulmuş ziyanın əvəzinin ödənilməsini xahiş etməsinin əsaslarını təşkil edən sübutları iddia ərizəsinə əlavə etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 5.1-ci maddəsinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; 5.2-ci maddəsinə əsasən, qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlana bilər. Bununla yanaşı, iddia ərizəsindən görünür ki, İddiaçı fiziki və mənəvi ziyanın tutulması barədə iddia tələbində hər iki zərərin məbləğini ümumilikdə, 300.000 manat məbləğində qiymətləndirməklə tələb etmiş, zərərlərin məbləğinin həcmini ayrılıqda müəyyən etməmiş, həmçinin zərərlərin ödənilməsinin formalarını göstərməmişdir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən mənəvi zərərin məbləği, habelə zərərin ödənilməsinin digər formaları iddia ərizəsində konkret göstərilməlidir. Buna əməl olunmaması Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə olan halda, hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh “X1 Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “ailəsinə vurulmuş fiziki və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ İddiaçı izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar