Məhkəmə qərarları › İş №2(007)-3240/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3240/2021

13.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3240/2021 13.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 29 iyun 2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahdan 06 yanvar 2016-cı il təvəllüdlü X4 və 14 iyul 2017-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Nizami Rayon Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə nikah pozulmuş, birgə nikahdan olan uşaqlar X4 və X6 anaları İddiaçı yanında qalması və uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün 11 iyun 2018-ci il tarixdən Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləği ilə 154 manat, cəmi 308 manat miqdarında aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Lakin, nikahın pozulması ilə bağlı iddia qaldıran zaman azyaşlı uşaqların 3 yaşına çatanadək saxlanılmaları üçün iddiaçının xeyrinə alimentin tutulması barədə iddia qaldırmamışdır. Bununla əlaqədar, yenidən Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Nizami Rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh 05 noyabr 2018-ci il tarixdən başlayaraq, 06 yanvar 2016-ci il tarixdə doğulmuş X4 və 14 iyul 2017-ci il tarixdə doğulmuş X2 3 yaşına çatana qədər hər ay hər birinə 50 manat olmaqla, cəmi 100 manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Lakin, hal-hazırda 06 yanvar 2016-ci il tarixdə doğulmuş X4 və 14 iyul 2017-ci il tarixdə doğulmuş X2 3 yaşları tamam olduğuna görə Nizami Rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli qətnaməsi ilə 100 manat məbləğində alimentin tutulması da dayandırılmışdır. Beləliklə, uşaqların böyüməsi, təhsillə əlaqədar zəruri və digər xərclər, həmçinin sağlamlıq və tərbiyə edilmələri, qayğılarına qalınması üçün hazırda məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment kifayət etmir. Belə ki, yuxarıda qeyd olunan qətnamə ilə birgə nikahdan doğulmuş övladlarının saxlanılması üçün qət edilən aliment məbləği bugünki günün iqtisadi göstəriciləri ilə uzlaşmır. Qiymətlərin qalxması və digər zəruri amillər onların maddi təminatlarının artmasına səbəb olmuşdur. Uşaqların saxlanılmasında iddiaçının bir valideyn kimi iştirak etməyinə baxmayaraq onların maddi təminatlarının təminində bəzi problemlərlə üzləşir. Uşaqların maddi təminatlarının təmini ilə yanaşı cavabdehin də vəzifə borcudur. Onların saxlanılmasında iddiaçının iştirakından başqa qətnamə ilə müəyyən edilmiş məbləğ çox azlıq təşkil edir. Cavabdeh alimentin ödənilməsindən boyun qaçırır. Nizami Rayon Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini dəyişərək, birgə nikahdan doğulmuş 06 yanvar 2016-cı il təvəllüdlü X4 və 14 iyul 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbinin məzmuna uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin başqa ailəsi yoxdur. Cavabdehin rəsmi iş yeri yoxdur. Birgə nikahdan iki övladları var. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasına gələməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsi Vəkil1 izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli 2(007)-2823/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında 3 saylı Bakı «Asan Xidmət» X3 29 iyun 2015-ci il tarixdə bağlanmış və 1696 №-si ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından anadan olmuş 06 yanvar 2016-cı il təvəllüdlü X4 və 14 iyul 2017-ci il təvəllüdlü X6 anası İddiaçı himayəsində saxlanılması, Cavabdeh 06 yanvar 2016-cı il təvəllüdlü X1 və 14 iyul 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 11 iyun 2018-ci il tarixdən başlayaraq hər ay hər uşağa 154 (bir yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması, aliment tutulması hissədə qətnamə dərhal icra edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli 2(007)-4420/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh 05 noyabr 2018-ci il tarixdən başlayaraq, 06 yanvar 2016-ci il tarixdə doğulmuş X5 və 14 iyul 2017-ci il tarixdə doğulmuş X2 3 yaşına çatana qədər hər ay hər birinə 50 manat olmaqla, cəmi 100 manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 365137 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında № 287 nömrəsi ilə 25 noyabr 2020-ci il tarixdə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı 773029 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından olan 06 yanvar 2016-cı il təvəllüdlü X4 anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı 933358 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından olan 14 iyul 2017-ci il təvəllüdlü X6 anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 (yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli 2(007)-2823/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında 3 saylı Bakı «Asan Xidmət» X3 29 iyun 2015-ci il tarixdə bağlanmış və 1696 №-si ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından anadan olmuş 06 yanvar 2016-cı il təvəllüdlü X4 və 14 iyul 2017-ci il təvəllüdlü X6 anası İddiaçı himayəsində saxlanılması, Cavabdeh 06 yanvar 2016-cı il təvəllüdlü X1 və 14 iyul 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 11 iyun 2018-ci il tarixdən başlayaraq hər ay hər uşağa 154 (bir yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması, aliment tutulması hissəsində qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli 2(007)-4420/2018saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh 05 noyabr 2018-ci il tarixdən başlayaraq, 06 yanvar 2016-ci il tarixdə doğulmuş X4 və 14 iyul 2017-ci il tarixdə doğulmuş X2 3 yaşına çatana qədər hər ay hər birinə 50 manat olmaqla, cəmi 100 manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Məhkəmə cavabdehin maddi vəziyyətini nəzərə alaraq, yetkinlik yaşına çatmayanlar üçün 2021-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia təmin edilməli, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli 2(007)-2823/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, Cavabdeh 06 yanvar 2016-ci il təvəllüdlü X1 və 14 iyul 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, məhkəmə xərcləri Cavabdeh aid edilsin, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli 2(007)- 2823/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. Cavabdeh 06 yanvar 2016-ci il təvəllüdlü X1 və 14 iyul 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Məhkəmə xərcləri Cavabdeh aid edilsin, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar