Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3263/2023 23.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qıznın sədrliyiı, Məhkəmə iclasının katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi : İddia tələbi :
1. İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət edərək, məhkəmədən elektron nəzarət qurğusunun dəyərinin, yəni 2277 (iki min iki yüz yetmiş yeddi) manat 40 (qırx) qəpik məbləğində pulun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. Cavabdeh Nizami Rayon Məhkəməsinin 1(007)-106/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökm və onun icrasına dair hakimin göstərişi xx.xx.2022-ci il tarixdə İddiaçı icraatına daxil olmuşdur. xx.xx.2022-ci il tarixdə məhkum Cavabdeh iştirakı ilə məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona elektron nəzarət vasitəsi tətbiq edilərək bu barədə müvafiq protokol tərtib edilmişdir. Müvafiq protokolla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd enerji toplayıcı iş üzrə cavabdeh məhkum Cavabdeh tətbiq edilərək təhvil verilmişdir. Nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə təkrar-təkrar izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixdə məhkum Cavabdeh elektron nəzarət vasitəsinə baxış keçirlimiş və bu zaman mobil qurğunun korpusunun əridiyi və bir-birindən aralandığı müəyyən edilmişdir. Bu barədə həmin tarixdə müvafiq qaydada protokol tərtib edilərək fotoşəkillərlə birlikdə şəxsi işə əlavə edilmişdir. Tərəfimizdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat idarəsinə mobil qurğunun qiymətinin müəyyən edilməsi və dəymiş ziyanın hesablanması üçün sorğu edilmiş və həmin vasitənin dəyəri 2277 manat 40 qəpik hesablanmışdır. Cavabdehin günahından, yəni lazımınca məsuliyyətli olmadığından elektron nəzarət qurğusu zədələnərək yararsız vəziyyətə düşmüş və maddi ziyan dəymişdir. Ədliyyə Nazirliyinin verdiyi maliyyə arayışına görə həmin avadanlığın dəyəri 2277 manat 40 qəpik təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir.
İş materialları :
3. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 1(007)-106/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən müəyyən edilir ki, Cavabdeh zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə, AR CM-nin 263.1-ci maddəsi ilə məsuliyyətdən azad edilmiş və barəsində olan cinayət işinin icraatına həmin hissədə xitam verilmişdir.
4. Cavabdeh xx.xx.2022-ci il tarixli izahatından görünür ki, ona cəzanın icrası qaydaları və həmin qaydaların pozulmasının hüquqi nəticələri izah edilmişdir.
5. “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması, təhvil verilməsi və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X1 1 ədəd “Attenti” markalı 35654446 seriya nömrəli elektron nəzarət qurğusu komplekti təhvil verilmiş və istifadə qaydaları izah edilmişdir.
6. “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin cəzanın icrası qaydalarına və şərtlərinə əməl etməsinin yoxlanılması barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Cavabdeh tətbiq edilmiş elektron nəzarət vasitəsinə baxış keçirilmiş və vizual baxış zamanı mobil qurğunun korpusunun əridiyi və bir-birindən aralandığı üçün qeyri-işlək vəziyyətdə oduğu aşkar edilmişdir.
7. Cavabdeh xx.xx.2022-ci il tarixli izahatından görünür ki, cavabdeh elektron nəzarət vasitəsinin qeyri-işlək vəziyyətdə olmasının səbəbini bilmədiyini bildirmişdir.
Tərəflərin mövqeləri :
8. İddiaçı Bakı Probasiya idarəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmədən yaranmış zərurət aradan qalxdığı üçün iddia ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir.
9. İddiaçı və cavabdeh məhkəmə hazırlıq iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü məhkəməyə bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
10. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq :
11. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarı 2-ci bənd :
Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
170.1. Bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər.
Məhkəmənin mövqeyi :
13. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
14. Belə ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, iş üzrə hazırlıq iclası təyin edilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən yaranmış zərurət aradan qalxdığı üçün iddia ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
16. Belə olan halda, məhkəmə iddiaçının və cavabdehin iştirakları olmadan hazırkı ərizənin müzakirə olunmasını mümkün hesab etmişdir.
17. Mülki prosessual qanunvericiliyə əsasən hazırlıq icraatında iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər.
18. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarına əsasən hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.
Nəticə :
19. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hazırlıq icraatı mərhələsində iddia ərizəsinin baxılmadan geri qaytarılması barədə ərizə verildiyindən mülki prosessual qanunvericiliyin tələbinə əsasən İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır.
20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva