Məhkəmə qərarları › İş №2(007)-3296/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3296/2021

02.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3296/2021 02.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məmmədov İbrahim Alim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili- “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə faktiki nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan 16.09.2009-cu il təvəllüdlü X9 dünyaya gəlmişdir. Sonradan münasibətlər korlanmış və hal-hazırda ayrı yaşayırlar. Azyaşlı uşağı onun yanındadır. Bildirir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1370 saylı qətnaməsinə əsasən, 03.04.2014-cü il tarixdən başlayaraq 16.09.2009-cu il təvəllüdlü X1 üçün hər ay 70 manat alimentin tutulması müəyyən edilmişdir. Qətnamə icra edilməsi üçün Bərdə rayon İcra Şöbəsinə göndərilmişdir. Hazırkı dövrdə o, övladına qulluq etdiyi üçün işləmir və övladının dolanacaq xərclərini tam təmin edə bilmir. Məhz bu səbəbdən yetkinlik yaşına çatmayan övladının saxlanılması üçün xərclər tələb edildiyindən, uşağının gündəlik xərcləri artıdığından və o, bu xərcləri təkbaşına təmin edə bilmədiyindən, birgə nikahdan olan Aminin saxlanması üçün cavabdeh də, valideynlik vəzifələrini həyata keçirərək aliment ödəməlidir. Belə ki, övladı məktəblidir, onun qidası, məktəb və.s xərclər pul tələb edir. Əlavə olaraq bildirir ki, 16.09.2009-cu il təvəllüdlü X9 “Astiqmatizm, OU-mürəkkəb miopatik astiqmatizm, yanaşı olaraq binokulyar ağır görmə pozğunluğu, müştərəf xarici çəpgözlük, perigerik retinal degenerasiya” xəstəliklərindən əziyyət çəkir. Bəllidir ki, onun sağalması, müalicə üçün kifayət qədər vəsait lazımdır. Lakin, cavabdeh öz övladının müalicəsi üçün heç bir yardım etmir. Cavabdehin ödədiyi 70 manat pulla o, həm övladının maddi məsrəflərini, həm də müalicə xərclərini qarşılamalıdır. Bəllidir ki, bu qeyrimümkündür. Məhz bu səbəbdən 16.09.2009-cu il təvəllüdlü X5 müalicəsi üçün əlavə xərc də tutulmalıdır. Əlavə olaraq bildirir ki, cavabdeh işləyir və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Bununla yanaşı, cavabdeh elə münasibət sərgiləyir ki, sanki valideyn olaraq uşağı maddi cəhətdən təmin etmək, onun müalicə xərclərini qarşılamaq ancaq onun xərcidir. Buna görə də, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1370 saylı qətnaməsi ilə cavabdehlə faktiki nikahlarından doğulmuş 16.09.2009-cu il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və hər ay 175 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi, 16.09.2009-cu il təvəllüdlü X5 müalicəsi üçün hər ay 60 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyib izahatında bildirdi ki, o, hal-hazırda qüvvədə olan qətnamə ilə nəzərdə tutulan 70 manat alimenti vaxtı-vaxtında ödəyir. O, iddiaçının irəli sürdüyü iddia tələbində müəyyən edilmiş 175 manat sabit pul məbləğində alimenti və əlavə xərclərə görə 60 manat pulu ödəmək iqtidarında deyil, ona görə ki, özü “nevroz” xəstəsidir və ikinci dəfə ailə həyatı qurduğu üçün həmin nikahdan da övladı var. Bundan əlavə, qeyd etmək istəyir ki, o, iddiaçı ilə qeyri-rəsmi münasibətdə olmuş və sonradan atalıq faktı məhkəmə qaydasında müəyyən edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı Türkiyə Respublikasında yaşayır və müğənni kimi fəaliyyət göstərir, kifayət qədər maddi imkanı da vardır. İddianın təmin edilməməsini xahiş etmişdir. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və xəstə olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -AZ-İİİ seriyalı, 196276 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 16 sentyabr 2009-cu il tarixdə doğulmuşdur, bu barədə Bərdə rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 25 may 2011-ci il tarixdə, 944 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır; -Bərdə rayon icra şöbəsinin icra məmuru X7 tərəfindən qəbul edilmiş 14 noyabr 2014-cü il tarixli, 2383/04 saylı icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1370/2014 saylı, 05 sentyabr 2014-cü il tarixli icra sənədinə əsasən, Cavabdeh 1 uşağın saxlanması üçün 03 aprel 2014-cü il tarixdən etibarən hər ay 70 (yetmiş) manat alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir; -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 19 saylı Uşaq Poliklinikası tərəfindən verilmiş ambulator kitabçadan çıxarışın surətindən və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 24 oktyabr 2019-cu il tarixli tibbi rəyindən görünür ki, 16.09.2009-cu il təvəllüdlü X6 “Astiqmatizm, OU-mürəkkəb miopatik astiqmatizm, yanaşı olaraq binokulyar ağır görmə pozğunluğu, müştərəf xarici çəpgözlük, perigerik retinal degenerasiya” diaqnozu qoyulmuşdur; -ƏƏSMN-nin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın surətindən görünür ki, 16.09.2009-cu il təvəllüdlü X9 “Astiqmatizm, OUmürəkkəb miopatik astiqmatizm, yanaşı olaraq binokulyar ağır görmə pozğunluğu, müştərəf xarici çəpgözlük, perigerik retinal degenerasiya” diaqnozu qoyulmuş və o, sağlamlıq imkanları məhdud uşaq kimi qeydə alınmışdır; -X4 18 saylı Ərazi Məşğulluq filialının 22 oktyabr 2021-ci il tarixli, **********0 saylı arayışının surətindən görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Yoxlamalar” altsistemində hazırda qüvvədə olan aktiv əmək müqaviləsi aşkar edilməmişdir; -AZ-İ seriyalı, 919917 saylı nikah haqqında şəhadətnamənin və AZ-İİİ seriyalı, 374044 saylı doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Cavabdeh ilə X3 22 yanvar 2014-cü ildə Bərdə rayon Qeydiyyat şöbəsində nikahlarını bağlamışlar, birgə nikahdan 21 iyun 2014-cü il təvəllüdlü X10 adlı uşaqları doğulmuşdur; -Bərdə Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 15 noyabr 2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh şəhər poliklinikasının nevroloji kabinetində “Nevrosteniya, vegetativ damar distoniyası” diaqnozu ilə dispanser qeydiyyatındadır. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh faktiki nikah münasibətində olmuşlar, tərəflərin birgə münasibətindən 16 sentyabr 2009-cu il təvəllüdlü X9 doğulmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1370/2014 saylı, 05 sentyabr 2014-cü il tarixli icra sənədinə əsasən, Cavabdeh 1 uşağın saxlanması üçün 03 aprel 2014-cü il tarixdən etibarən hər ay 70 (yetmiş) manat alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin vaxtdan sonra alimentin miqdarı dəyişdirilməmişdir. Hazırda ana uşağın saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını, o cümlədən xəstəlikdən əziyyət çəkən uşağının müayinə və müalicəsinə çəkdiyi xərcə görə cavabdehdən pul alınmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş aliment məbləği ilə uşağı saxlamaqda çətinlik çəkir. Məhkəmə həmin halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə münasibətindən doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalıdır. Məhkəmə dəyişdirilərək artırılmalı olan aliment məbləğinin həcmini müəyyən edərkən iddiaçının və onun himayəsində yaşayan uşağın mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, aliment məbləğinin 175 manat müəyyən edilməsinə dair iddia tələbi qismən təmin edilməlidir. Nəzərə alınmalıdır ki, burada, tələbi əsaslı edəcək, müəyyən edilməli olan hal - məhz məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra aliment ödəyən cavabdehin (atanın) ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Hansı ki, iddiaçı buna dair hər hansı sübutunu iddiasına əlavə etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, məhkəmədə də belə sübutlar təqdim edilməmişdir. Məhkəmə iddiaçının ərizəsində cavabdehin fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla tələb olunan alimenti ödəməyə kifayət qədər yaxşı maddi imkanının olması barədə göstərdiklərinə münasibətdə isə qeyd edir ki, Cavabdeh “Nevrosteniya, vegetativ damar distoniyası” diaqnozu ilə dispanser qeydiyyatında olması, qüvvədə olan əmək müqaviləsinin mövcud olmaması, qeyri-müntəzəm gəlir əldə etməsi və digər hallar da nəzərə alınmaqla, iddiaçının göstərdikləri cavabdehin maddi vəziyyətində əhəmiyyətli dəyişikliyin baş verməsini təsdiq edən sübut qismində qəbul edilə bilməz. Bu zaman məhkəmə onu da nəzərə alır ki, yuxarıda qeyd olunanlara əsasən iddiaçının tələb etdiyi miqdarda alimentin tutulması barədə iddianın təmin edilməsi gələcəkdə qətnamənin icrasının mümkünsüzlüyünə, ədalətli məhkəmə araşdırmasının xəyali hüquqa çevrilməsinə səbəb ola bilər. Bununla yanaşı, məhkəmə cavabdehin məhkəmə iclasında hazırda nikahda olmasını və həmin nikahdan da bir övladının olması və iddianın təmin olunmaması ilə bağlı göstərdiklərinə münasibətdə isə qeyd edir ki, cavabdeh hazırda rəsmi nikahda olduğu ailəsi ilə birlikdə yaşayır, həmin nikahdan doğulmuş uşağı onun himayəsindədir, onun saxlanılması üçün birlikdə yaşadığı həyat yoldaşına aliment ödəmir. Aliment ödənilən iddiaçı isə azyaşlı uşağı ilə cavabdehdən ayrı yaşayır, ondan ayrı yaşamasına baxmayaraq, cavabdehin həmin uşaq qarşısında bir valideyn kimi müvafiq öhdəlikləri vardır, cavabdeh uşaqlarının maddi və mənəvi cəhətdən təminatını həyata keçirməlidir və bu, onun mənəvi borcudur. O cümlədən, qeyd edilməlidir ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2014-cü ildə müəyyən edilmiş 70 manat məbləğində alimentlə uşağı saxlamaqda çətinlik çəkir, yaşayış minimumu məbləği hər il artırılsa da, iddiaçı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etməmişdir, bununla da məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin qeyd etdiklərini nəzərə alaraq, iddianın təmin edilməməsi üçün hər hansısa əsas yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur; 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli Qərarına əsasən Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər - digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Qeyd edilənlərlə müəyyən olundu ki, azyaşlı X9 “Astiqmatizm, OU-mürəkkəb miopatik astiqmatizm, yanaşı olaraq binokulyar ağır görmə pozğunluğu, müştərəf xarici çəpgözlük, perigerik retinal degenerasiya” diaqnozlu xəstəliklərdən əziyyət çəkir, tibbi müəssisələrdə müayinə və müalicə olunmuşdur, hazırda da müayinə və müalicələri davam edir, xəstəliklərinə görə o, sağlamlıq imkanları məhdud uşaq kimi qeydə alınmışdır. Bütün bu müayinə və müalicələrin pulunu iddiaçının özü ödəyir, cavabdeh buna görə iddiaçıya heç bir maddi kömək göstərmir ki, qeyd edilənlər cavabdehin çəkilən xərcləri ödəməsi barədə iddia tələbini əsaslı edir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını, eyni zamanda azyaşlı X2 xəstəlikdən əziyyət çəkməsini, bu xəstəliyə görə sağlamlıq imkanları məhdud uşaq kimi qeydə alınmasını, onun mənafeyini, habelə işin faktiki hallarını nəzərə almaqla yanaşı həmçinin cavabdehin də mənafeyini nəzərə alır. İddiaçı cavabdehdən hər ay 60 manat sabit məbləğdə əlavə xərc tələb etsə də, cavabdehin həmin məbləği ödəyə biləcək kifayət qədər maddi imkana malik olmasını təsdiq edən hər hansı sübut növünü məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə qeyd edilənləri, o cümlədən cavabdehin həmin uşağın yetkinlik yaşına çatanadək aliment ödəməli olmasını nəzərə alaraq, belə qənaətə gəlir ki, 60 manat məbləğində əlavə xərcin tutulması ilə bağlı iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, 16 sentyabr 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Gəncə Apellyasiya Məhkəməsinin 05 sentyabr 2014-cü il tarixli 2(104)-1370/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilməli, bundan başqa, Cavabdeh, İddiaçı 16 sentyabr 2009-cu il tarixdə doğulmuş X6 çəkilən əlavə xərclərə cəlb edilməli və ondan, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, əlavə xərclərə görə hər ay sabit pul məbləğində 50 manat İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun (01 oktyabr 2021-ci il tarixədək qüvvədə olmuş redaksiyası): 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 16 sentyabr 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Gəncə Apellyasiya Məhkəməsinin 05 sentyabr 2014-cü il tarixli 2(104)- 1370/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 16 sentyabr 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilsin. Cavabdeh, İddiaçı 16 sentyabr 2009-cu il tarixdə doğulmuş X6 çəkilən əlavə xərclərə cəlb edilsin və ondan, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, əlavə xərclərə görə hər ay sabit pul məbləğində 50 (əlli) manat İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri Cavabdeh aid edilsin, iddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar