Məhkəmə qərarları › İş №2(007)-3309/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3309/2022

27.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3309/2022 27.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi zərərin əvəzi olaraq 2000 (iki min) manat məbləğində pulun və ödənilmiş 40 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2017-ci ildə Bakı şəhərinə gələrək toxuculuq fabrikinə işə qəbul olunmuşdur. Həmin dövrlərdə maddi imkansızlıq ucbatından 1 ədəd boyunbağı, 1 ədəd qolbağı, bir cüt sırğa və 2 ədəd üzükdən ibarət qızıl-zinət əşyalarını lombarda qoyub pul götürmüşdür. Kirayə qaldığı mənzilin kirayə pulunu ödəməklə yanaşı uşaqlarının müalicəsini həyata keçirmişdir. Hər ay vaxtında lombardın müəyyən olunmuş aylıq faizini ödəmişdir. Maddi vəziyyəti yaxşılaşdıqdan sonra lombarddan götürmüş olduğu pulu tam şəkildə ödədikdən sonra qızılların geri qaytarılmasını tələb etmiş, lakin indiyədək ona yalnız 1 ədəd boyunbağı və 1 ədəd qolbağı qaytarılmış, dəyəri 2000 (iki min) manat olan 2 ədəd üzük və bir cüt sırğa indiyədək ona geri qaytarılmamışdır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 1(007)-12/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs Cavabdeh barəsində qəti cəza 4 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə ümumi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməsi müəyyən edilmişdir. Qeyd etdiyi hallar sözügedən hökmdə öz əksini tapmış və o, cinayət işində zərərçəkmiş şəxsqismində tanınmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 1(007)-12/2022 saylı, xx.xx.2022-ci il tarixli Hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(011)-315/2019 saylı hökmü ilə təyin edilmiş 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Cavabdeh qəti cəza – 4 (dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cavabdeh təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, və cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2019-cu il tarixdən hesablanması, Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, zərərçəkmiş şəxslər – mülki iddiaçılar X2, X6, X3, X5 və X1 mülki iddialarının baxılmamış saxlanılması, iddianın baxılmamış saxlanması üçün səbəb olan hallar aradan qaldırıldıqdan sonra cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddianın sonradan mülki mühakimə icraatı qaydasında verilə bilməsinin mülki iddiaçılara izah edilməsi, iş üzrə maddi ziyanı tələb edən zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüquqlarının izah edilməsi hökm edilmişdir. Həmin hökmdə zərərçəkmiş şəxs qismində tanınmış Süleymanova (Rəşidova) Mehriban Əhəd qızına münasibətdə qeyd edilmişdir ki, Cavabdeh təkrarən tamah niyyəti ilə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu yolu ilə ələ keçirmək məqsədilə oğlu X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 22 fevral 2010-cu il tarixli ********** VÖEN əsasında lombard fəaliyyəti göstərən zaman öz qulluq mövqeyindən istifadə edərək əldə etdiyi qızıl-zinət əşyalarını qaytarmaq fikrində olmadığı halda 2017-ci ilin oktyabr ayının sonlarında yaşadığı ünvan 1 ünvanında yerləşən evdə X4 götürdüyü məbləğə görə hər ay 6 faiz pul ödəmək şərtilə 300 manat məbləğində pul verib Mehriban Rəşidovaya məxsus ümumi dəyəri 1200 manat təşkil edən bir cüt qızıl sırğa və 1 ədəd qızıl üzüyü ələ keçirərək verilən pul faizi ilə birlikdə ödənilib qurtarandan sonra zinət əşyalarını qaytaracağına dair yalan vəd verib etibarından suiistifadə edərək aldatmış, Mehriban Rəşidova lombarda olan borcunu faizi ilə birlikdə tam ödəsədə qızıl-zinət əşyalarını geri qaytarmayıb Mehriban Rəşidovaya 1200 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. 1(007)-12/2022 saylı işdə məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində həmçinin bildirmişdir ki, ona qaytarılmayan qızıllarının dəyəri 1500 manatdır, hal-hazırda da qızılın qiymətinin qalxdığını nəzərə alaraq ona qaytarılmayan qızıllarının dəyəri 2000 manatdır. Ona dəymiş ziyanın ödənilməsini istəyir. Bütün bu hallara əsasən, iddiaçı hazırda məhkəmədə iddia qaldıraraq ona dəymiş ziyanın ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bu Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə hökmünün müəyyənləşdirdiyi faktlara münasibətdə preyudisiallıq məhdud olsa da, MPM-nin 82.4-cü maddəsinin mənasına görə, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmündə əks olunan hərəkətin olub-olmaması faktı, bu hərəkətin konkret şəxs tərəfindən edilib-edilməsi faktı mülki iş üzrə sübut olunmadan azaddır. Ona görə də iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş faktları yenidən sübut etməyə borclu deyildir. Məhkəmə qeyd edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, hökm əsasında cavabdehin iddiaçıya 1200 manat məbləğində maddi zərər vurduğu müəyyən olunmuşdur. Hazırda iddiaçı məhkəməyə iddia verərək ona dəymiş zərərin əvəzi olaraq 2000 manat məbləğində vəsaitin onun xeyrinə tutulmasını tələb etmişdir. Məhkəmə 2017-ci il tarixdən bu vaxtadək qızılların qiymətinin qalxmasını (https://banker.az/qizilin-qiym%C9%99tiqalxdi-m%C9%99bl%C9%99g/, digər saytlarda da qeyd edilmişdir), cavabdeh tərəfindən lombarda qoyulan qızılların iddiaçıya qaytarılmadığını, həmin qızılların iddiaçıya vaxtında qaytarılsaydı iddiaçının ondan istifadə etməsi, yenidən lombarda qoyması və ya satması hallarını, iddiaçının məhkəməyə müraciət edərkən, gəlib-gedərkən çəkdiyi xərcləri nəzərə alaraq iddiaçının 2000 manat dəymiş ziyanı tələb etməsini əsaslı hesab edərək qeyd edir ki, həmin məbləği iddiaçıya qaytarmalıdırlar. İddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 40 manat məbləğində vəsaitin əvəzi Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən Cavabdeh iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 2000 (iki min) manat və dövlət rüsumuna görə ödənilmiş 40 manat vəsaitin əvəzi tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin olunsun. Cavabdeh İddiaçı xeyrinə 2000 (iki min) manat və dövlət rüsumuna görə ödənilmiş 40 manat vəsaitin əvəzi tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar