Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3324/2021 22.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, Hüseynova Bəturə Xaqani qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh 23 iyun 2003-cü il təvəllüdlü qızı X1 təmin olunması, həmçinin tərbiyəsi ilə əlaqədar digər xərclərin ödənilməsi məqsədi ilə ali təhsil müəssisəsinin məzuniyyətinə qədər stabil pul məbləğində aylıq 200 manat alimentin tutulması” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən və ona əlavə edilən sənədlərdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən müvafiq prosessual pozuntulara yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər; 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. İlk növbədə məhkəmə qeyd edir ki, İddiaçı yetkinlik yaşına çatmış qızı X1 adından hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır, Siyarə Səmədova tam fəaliyyət qabiliyyətlidir, hazırda ali təhsil müəssisəsinin tələbəsidir, təhsil müəssisəsinə özü gedib-gəlməklə orada oxuyur. Siyarə Səmədovanın özü yetkinlik yaşına çatmış şəxs olaraq həmin tələblə məhkəməyə müraciət etmək hüququna malikdir. Cavabdehin uşağa görə əlavə xərclərdə iştirakı barədə iddia, tələb hüququ olmayan şəxs - İddiaçı tərəfindən verilmiş, bu zaman həmin şəxsdə subyektiv hüququn elementi, yəni başqa şəxsdən tələb etmək hüququ yaranmamışdır. Ailə qanunvericiliyinin yuxarıda istinad olunan normalarının mənasına görə, valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı iki halda nəzərdə tutulmuşdur: birinci yetkinlik yaşına çatmamış ağır xəstə, şikəst olan uşaqlara; ikinci əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış uşaqlara. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Xüsusilə qeyd etmək lazımdır ki, yetkinlik yaşına çatmış övladlar üçün alimentin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququ prosessual qanunvericiliyin tələbi baxımından yetkinlik yaşına çatmış övladın özü tərəfindən həyata keçirilməlidir. Çünki o, tam fəaliyyət qabiliyyətlidir. Yetkinlik yaşına çatmış övlad ilə birlikdə yaşayan valideynlərdən birinin bu barədə tələb irəli sürməsi prosessual qanunvericiliyin tələblərinə uyğun deyil və o, əsl iddiaçı hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, hesab edirəm ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, nöqsanları aradan qaldırdıqdan sonra yetkinlik yaşına çatmış uşağının ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Nöqsanları aradan qaldırdıqdan sonra yetkinlik yaşına çatmış uşağının ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması İddiaçı izah olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-3324/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-3324/2021
22.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver