Məhkəmə qərarları › İş №2(007)-333/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-333/2021

19.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-333/2021 19.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada borcun məbləği olan 4480 (dörd min dörd yüz səksən) manat miqdarında pulun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2016-cı ildə Ceyranbatan qəsəbəsində yerləşən 10 sot torpaq sahəsinin içərisində yarımtikili almışdır. 2017-ci ildə isə həmin yarım tikilini söküb, 2020-ci ilin əvvəllərində həmin yerdə anbar tikintisinə başlamışdır. Əvvəldən tanışı olan və tikinti sahəsində işlətdiyi Cavabdeh2 həmin tikintiyə nəzarətçi təyin etmişdir. Orxana gördüyü işin müqabilində ayda 900 manat məbləğində əmək haqqı verirmiş. Belə ki, 14 may 2020-ci il tarixdə saat 09:00 radələrində Bakı şəhərində yerləşən Dərnəgül bazarı deyilən yerdə anbarın dam örtüyünə istifadə etmək üçün 99 ədəd, uzunluğu 9,70 metr olan listləri 6400 manat pula alıb yük maşınına yüklətmişdir. Daha sonra isə cavabdeh Orxana mobil telefon vasitəsi ilə zəng edərək anbarın dam örtüyü üçün nəzərdə tutulmuş dəmir materialdan olan listləri alıb yük maşını ilə Ceyranbatan qəsəbəsində yerləşən tikinti sahəsinə göndərdiyini demişdir. Orxan isə həmin listləri dam örtüyünün üstünə qaldırmaq üçün kran lazım olacağını bildirmişdir. O, cavabında Orxana bildirmişdir ki, ucuz başa gəlməsi üçün kranı Ceyranbatan qəsəbəsində tikinti sahəsinə yaxın yerdən sifariş etsin. Orxan da onunla razılaşmışdır. Təxminən saat 14:00 radələrində Orxan ona zəng edərək, kran listləri qaldıran zaman sürüşüb listləri yerə düşmüşdür. O, dərhal Ceyranbatan qəsəbəsində yerləşən tikinti sahəsinə getmişdir. Görmüşdür ki, listlərin hamısı yerdədir və əzilmiş, yararsız haldadır. Orxan bildirmişdir ki, 99 ədəd listin 60 ədədinin 2 metrlik hissələri əzilib, 39 ədəd list isə normal vəziyyətdədir. Həmin əzilmiş hissələri kəsilərək yenisi ilə əvəz etmək mümkün olduğunu bildirmişdir. Daha sonra isə kran sürücüsü ilə birlikdə ona dəymiş ziyanı ödəməyə hazırdır. Yəni listlərin əzilmiş hissələrini kəsib yenisi ilə birləşdirmək üçün təxminən 2000 manat pul verəcəklərini ona sözlə bildirmiş, o isə bununla razılaşmamışdır. Daha sonra o, hadisə ilə bağlı Abşeron Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Hər iki cavabdehin izahatı alınmış və törətdiyi əməli hər iki cavabdeh etiraf etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, anbarın ikinci mərtəbəsində yerə yığılmış metal listlərə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, anbann ikinci mərtəbəsində yerdə 40 ədəd üzərində heç bir zədə əlaməti olmayan 9,70 x 1,14 metr ölçüdə dam örtükləri olan metal listləri ayrı yığılmış və 56 ədəd müxtəlif hissələri zədələnmiş 9,70 x 1,14 metr ölçüdə dam örtükləri olan metal listlərin ayrı yığıldığı müəyyən edilmişdir. Beləliklə faktla bağlı ona dəymiş zərərin müəyyən edilməsi məqsədi ilə 18.05.2020-ci il tarixdə məhkəməəmtəəşünasüq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 11.06.2020ci il tarixli 6/973-9/1569 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrini nəzərə alaraq ekspertiza tədqiqatına nümunə əsasında təqdim edilmiş 9,70 x 1,14 metr ölçülü dam örtüyü olan təzə vəziyyətdə, gümüşü rəngli metal listin (profnastil) 1 ədədinin 2020-ci ilin may ayına orta bazar qiyməti təxminən 80,0 manat təşkil edir ki, 56 ədədi 4480,0 manat müəyyən edilmişdir. Sonda məlum olmuşdur ki, ona məxsus yarımtikili anbarın dam örtüyü üçün aldığı 99 ədəd uzunluğu 9,70 x 1,14 metr ölçüdə olan metal listlərin anbarın damına qaldırılması üçün Cavabdeh2 tapşırıq vermiş, kran sürücüsü Cavabdeh1 dəvət etmiş, Cavabdeh1 avtokarnı ilə həmin metal listləri anbarın damına qaldıran zaman metal listlərin ehtiyatsızlıqdan sürüşərək düşməsi nəticəsində 56 ədəd metal list (profnastil) müxtəlif hissələrindən əzilərək zədələnmiş və nəticədə ona ümumilikdə 4480 (dörd min dörd yüz səksən) manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirdi ki, iddiaçının tikintisinə o nəzarət edirmiş. İddiaçı tikinti üçün listlər almış, həmin listlərin alınmasında şəxsən iştirak etməsə də, bir neçə gün əvvəl iddiaçı ilə gedib alınmalı olan listləri seçmişlər. İddiaçı ona zəng edərək listləri aldığını və tikinti yerinə göndərdiyini bildirmişdir. O da iddiaçıya kran lazım olduğunu demiş, o da razılaşmışdır. Kran sürücüsü digər cavabdeh olan Cavabdeh1 olmuşdur. Fəqani işçilərlə birlikdə listləri krana yerləşdirmişdir. O, Fəqaniyə demişdir ki, diqqətli olsun. Listlər isə tikintinin damına yerləşdirilmədən sürüşüb yerə düşmüşdür. Əgər listlər dama yerləşdirildikdən sonra yerə düşsəymişlər, onlar məsuliyyət daşıyarmış, amma kran sürücü listləri dama yerləşdirə bilməmişdir. İddiaçıya əzilmiş hissələrin yenisi ilə birləşdirilməsini təklif etmiş, lakin o razılaşmamışdır. İddiaçının ona 4200 manat verəcəyi var, o da demişdir ki, listlərin əzilmiş hissələrinin yenisi ilə əvəz edilməsi üçün lazım olan pulun yarısının ona verəcəyi puldan çıxılmasını istəmişdir. İddiaçı isə buna razı olmamış, yeni listlər istəmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. 12 aprel 2021-ci il tarixli məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirdi ki, hadisə olan vaxt onun kranına 10000 manat ziyan dəymişdir. Ondan sonra iddaçı ilə dəfərlərlə danışmış, pul təklif etmiş, iddiaçı isə buna razılaşmayaraq listlərini istəmişdir. Əgər puldan imtina etməsəymiş, pulu ödəyəcəkmiş. Lakin hazırda 6 aydır ki, işsizdir. İddiaçıya pul vermək imkanı yoxdur. Listləri dama yerləşdirmiş, bu zaman işə nəzarət edən Orxan ona demişdir ki, listləri bir az qaldırsın, altına taxta yerləşdirilsin ki, rahat yerləşdirmək mümkün olsun. O demişdir ki, qaldırsa listlər yerə düşəcək, amma Orxan yenə də listləri qaldırmağını istəmişlər. Digər cavabdeh ona ehtiyatlı olmağı, listləri yerləşdirməyi ilə bağlı heç bir göstəriş verməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Abşeron rayon Polis İdarəsinin İştintaq şöbəsinin 12 iyun 2020-ci il tarixli qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - Cavabdeh2 Abşeron rayon Polis İdarəsinin İştintaq şöbəsində vermiş olduğu 16.05.2020-ci il tarixli izahatından görünür ki, o, təxminən 2019-cu ilin may ayından Qorxmaz adlı şəxslə birlikdə tikinti sahəsində işləyir. Qorxmazın Ceyranbatan qəsəbəsində yerləşən torpaq sahəsi var imiş. Onlar təxminən 4-5 ay əvvəl həmin torpaq sahəsində anbarın tikintisinə başlamışlar. Tikinti zamanı Qorxmaz ustalara və tikintiyə nəzarət etməyi ona tapşırmışdır. Həmin tikintidə hər gün saat 08:00-dan saat 18:00-dək işləyirlər. Gördüyü işin müqavilində Qorxmazdan aylıq təxminən 900 manat pul alır. 14 may 2020-ci il tarixdə saat 09 radələrində Qorxmaz ona mobil telefon vasitəsi ilə zəng edərək anbarın dam örtüyü üçün nəzərdə tutulmuş dəmir materialdan olan listləri yük maşını ilə göndərdiyini demişdir. O da həmin yük maşınını Ceyranbatan qəsəbəsində qarşılayıb tikinti sahəsinə aparmışdır. Yük maşınında anbarın dam örtüyünə istifadə etmək üçün 99 (doxsan doqquz) ədəd uzunluğu 9,70 metr olan listlər varmış. Həmin listləri anbarın damına qaldırmaq üçün kran lazım olmuşdur. O, Qorxmaza zəng edib kran lazım olduğunu demişdir. Qorxmaz isə ona kranı tikinti aparılan Ceyranbatan qəsəbəsinə yaxın yerdən danışmağını bildirmişdir. O, əvvəllər də onların işini görmək üçün sifariş etdiyi kran sürücüsü Fəqaniyə zəng vurmuşdur. Fəqaniyə görüləcək işi izah etmiş, həmin listləri anbarın damına qaldırmaq üçün 100 manat pul istəmişdir. O da razılaşmışdır. 14 may 2020-ci il tarixdə saat 11 radələrində Fəqani kran ilə birlikdə tikinti sahəsinə gəlmiş, orada olan fəhlələr ilə birlikdə həmin listləri Fəqanin məsləhəti ilə kranın tutacaq hissəsinə qoşmuşlar. O, Fəqaniyə demişdir ki, listləri başqa formada qoşsunlar. Fəqani isə ona demişdir ki, 30 ildir ki, bu işlə məşğul olur, belə listləri qaldırmışdır, narahat olmamağını, düz qaldırdığını bildirmişdir. Daha sonra Fəqani həmin listləri anbarın dam örtüyünə qaldırmışdır. O, Fəqaniyə listlərin damın hansı hissəsinə qoyulacağını göstərmişdir. Fəqani listləri anbarın üst hissəsinə kimi kranla qaldırmış, elə həmin an listlər kranın tutacaq hissəsi olan remendən sürüşərək yerə düşmüşdür. Bu zaman həmin listlər əzilmişdir. Bu barədə o Qorxmaza zəng edərək baş vermiş vəziyyəti ona demişdir. Qorxmazdan tikinti sahəsinə gəlməsini istəmişdir. Qorxmaz bir neçə saat sonra tikinti sahəsinə gəlmişdir. O, Qorxmaza yaxınlaşıb demişdir ki, 99 ədəd listin 60 ədədinin 2 metrilik hissəsi əzilmiş, qalan 39 ədəd list isə normal vəziyyətdədir. Həmin əzilmiş hissələr kəsilərək yenisi ilə əvəz etməyin mümkün olduğunu demişdir. Bunun müqavilində o, kran sürücüsü Fəqani ilə zərəri ödəmək üçün danışaraq razılığa gəlmişdir. Onların hesablamalarına görə listlərin əzilmiş hissələrini kəsib yenisi ilə birləşdirmək üçün təxmini 2000 manata yaxın vəsaitin lazım olduğunu müəyyən etmişlər. Kran sürücüsü Fəqani ona düşündükləri 2000 manatın 1000 manatını verəcəyini demişdir. Onlar bu barədə Qorxmaza desələr də, o buna razılaşmamışdır. - Cavabdeh1 Abşeron rayon Polis İdarəsinin İştintaq şöbəsində vermiş olduğu 17.05.2020-ci il tarixli izahatından görünür ki, o, 1984-cü ildən kran sürücüsü işləyir. Hazırda etibarnamə ilə idarə etdiyi “ATV AM Comander XT” markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtokranı sürür. 14 may 2020-ci il tarixdə saat 10 radələrində əvvəllər də iş əsnasında tanıdığı Orxan ona mobil telefon vasitəsilə zəng edib demişdir ki, Ceyranbatan qəsəbəsində yerləşən anbarın dam örtüyünü örtmək üçün dəmir listləri anbarın üstünə qaldırmaq lazımdır. O da həmin işin müvabilində 100 manat alacağını demişdir. Onlar razılaşmışlar. O, idarə etdiyi avtokranla Orxanın dediyi Ceyranbatan qəsəbəsində yerləşən tikinti sahəsinə getmişdir. Tikinti sahəsində olan yük maşınında anbarın dam örtüyünə istifadə etmək üçün 99 (doxsan doqquz) ədəd uzunluğu 9,70 metr olan listlər varmış. Onlar orada olan fəhlələr ilə birlikdə həmin listləri anbarın damına qaldırmaq üçün kranın tutacaq hissəsinə remen vasitəsilə qoşmuşlar. O, avtokran vasitəsilə həmin listləri yuxarı anbarın damına qaldıraraq göstərilən yerə qoymuşdur. Anbarın damında olan adını bilmədiyi usta ona təxminən 20 sm yükü qabağa verməyi demişdir. O isə ona remenin sürüşdüyünü demişdir. Bu zaman Orxan ona heç nə olmaz deyib listləri yuxarı qaldırmağını istəmişdir. O da listləri yuxarı qaldıran zaman həmin listlər sürüşərək onun avtokranından mühərrik hissəsinə tökülmüş və avtokranın mühərrik hissəsi əzilərək yararsız hala düşmüşdür. Bu zaman həmin listlər əzilmişdir. Bu barədə Orxan Qorxmaza zəng edərək baş vermiş vəziyyəti ona demişdir. Qorxmaz bir neşə saat sonra tikinti sahəsinə gəlmişdir. Orxan Qorxmaza yaxınlaşıb 99 ədəd listin 60 ədədinin 2 metrlik hissələrinin əzildiyini, qalan 39 ədəd listlərin isə normal vəziyyətdə olduğunu, həmin əzilmiş hissələrin kəsilərək yenisi ilə əvəz etməyin mümkün olduğunu demişdir. Bundan sonra Orxan onunla zərəri ödəmək üçün danışaraq razılığa gəlmişlər. Onların hesablamalarına görə listlərin əzilmiş hissələrini kəsib yenisi ilə birləşdirmək üçün təxminən 2000 manata yaxın vəsaitin lazım olduğunu müəyyən etmişlər. O, Orxana düşündükləri 2000 manatın 1000 manatını verəcəyini demişdir. Onlar bu barədə Qorxmaza desələr də, o, bununla razılaşmamışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyun 2020-ci il tarixli 6/973-9/1569 saylı ekpert rəyindən görünür ki, aparılmış fiziki-kimyəvi tətqiqatın nəticələri nəzərə alaraq, ekspertiza tətqiqatlna nümunə əsasında təqdim edilmiş, 9,70 x 1,14 metr ölçülü dam örtüyü olan təzə vəziyyətdə gümüşü rəngli metal listin (profnastil) 1 ədədinin 2020-ci ilin may ayına orta bazar qıyməti təxminən 80 manat, 56 ədədi 4480 manat müəyyən edilir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı 2016-cı ildə Ceyranbatan qəsəbəsində yerləşən 10 sot torpaq sahəsinin içərisində yarımtikili almışdır. 2017-ci ildə isə həmin yarım tikilini sökmüş, 2020-ci ilin əvvəllərində həmin yerdə anbar tikintisinə başlamışdır. Əvvəldən tanışı olan və tikinti sahəsində işlətdiyi Cavabdeh2 həmin tikintiyə nəzarətçi təyin etmişdir. Cavabdeh2 gördüyü işin müqabilində ayda 900 manat məbləğində əmək haqqı verirmiş. Belə ki, 14 may 2020-ci il tarixdə saat 09:00 radələrində Bakı şəhərində yerləşən Dərnəgül bazarı deyilən yerdə anbarın dam örtüyünə istifadə etmək üçün 99 ədəd, uzunluğu 9,70 metr olan listləri 6400 manat pula alıb yük maşınına yüklətmişdir. Daha sonra isə Cavabdeh2 mobil telefon vasitəsi ilə zəng edərək anbarın dam örtüyü üçün nəzərdə tutulmuş dəmir materialdan olan listləri alıb yük maşını ilə Ceyranbatan qəsəbəsində yerləşən tikinti sahəsinə göndərdiyini demişdir. Cavabdeh isə həmin listləri dam örtüyünün üstünə qaldırmaq üçün kran lazım olacağını bildirmişdir. O, cavabında Orxana bildirmişdir ki, ucuz başa gəlməsi üçün kranı Ceyranbatan qəsəbəsində tikinti sahəsinə yaxın yerdən sifariş etsin. Cavabdeh2 da onunla razılaşmışdır. Təxminən saat 14:00 radələrində cavabdeh ona zəng edərək, kran listləri qaldıran zaman sürüşüb listləri yerə düşmüşdür. O, dərhal Ceyranbatan qəsəbəsində yerləşən tikinti sahəsinə getmişdir. Görmüşdür ki, listlərin hamısı yerdədir və əzilmiş, yararsız haldadır. Orxan bildirmişdir ki, 99 ədəd listin 60 ədədinin 2 metrlik hissələri əzilib, 39 ədəd list isə normal vəziyyətdədir. Həmin əzilmiş hissələri kəsilərək yenisi ilə əvəz etmək mümkün olduğunu bildirmişdir. Daha sonra isə kran sürücüsü ilə birlikdə ona dəymiş ziyanı ödəməyə hazırdır. Yəni listlərin əzilmiş hissələrini kəsib yenisi ilə birləşdirmək üçün təxminən 2000 manat pul verəcəklərini ona sözlə bildirmiş, o isə bununla razılaşmamışdır. Daha sonra ididaçı hadisə ilə bağlı Abşeron Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Hər iki cavabdehin izahatı alınmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, anbarın ikinci mərtəbəsində yerə yığılmış metal listlərə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, anbarın ikinci mərtəbəsində yerdə 40 ədəd üzərində heç bir zədə əlaməti olmayan 9,70 x 1,14 metr ölçüdə dam örtükləri olan metal listləri ayrı yığılmış və 56 ədəd müxtəlif hissələri zədələnmiş 9,70 x 1,14 metr ölçüdə dam örtükləri olan metal listlərin ayrı yığıldığı müəyyən edilmişdir. Hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada borcun məbləği olan 4480 (dörd min dörd yüz səksən) manat miqdarında pulun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh2 şifahi razılığa əsasən iddiaçıya məxsus tikintidə işlərin yerinə yetirilməsinə nəzarət etmiş, tapşırıqların icra edilməsi üçün məsuliyyət daşımışdır. İddiaçıya məxsus olan listlərin tikintinin damına qaldırılması üçün kran sürücüsü olan digər Cavabdeh1 işin görülməsi üçün özü çağırmış, onun işinə nəzarət etmişdir. Lakin listlər tikintinin damına yerləşdirilərkən sürüşərək yerə düşmüş, bunun nəticəsində iddiaçıya məxsus əmlaka ziyan dəymişdir. Hər iki cavabdeh Abşeron rayon Polis İdarəsinin İştintaq şöbəsində izahat verərkən bildirmişdir ki, 99 ədəd listin 60 ədədinin 2 metrlik hissələrinin əzilmiş, qalan 39 ədəd listlərin isə normal vəziyyətdə olmuşdur. Həmin əzilmiş hissələrin kəsilərək yenisi ilə əvəz etməyin mümkün olduğundan onun dəyəri olan 2000 manatının yarısını ödəyə biləcəklərini iddiaçıya bildirmişlər. Lakin iddiaçı bununla razılaşmamışdır. Nəticədə, hər iki cavabdeh gördükləri işlərin nəticəsində iddiaçıya maddi ziyan vurduqlarını qəbul etmişlər. Məhkəmə iclasında Cavabdeh1 qeyd etmişdir ki, Abşeron rayon Polis İdarəsinin İştintaq şöbəsində araşdırma aparılan zaman iddiaçıya pulun ödənilməsini təklif etmiş, lakin iddiaçı listlərini istəmişdir. Hazırda isə iddiaçıya ödəniş etməyə imkanı yoxdur və hadisə nəticəsində idarə etdiyi krana da ziyan dəymişdir. Göründüyü kimi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan İddiaçı ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdehlər mülki hüquq pozuntusu (delikt) törətdiyindən vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyun 2020-ci il tarixli 6/973-9/1569 saylı ekpert rəyi ilə 9,70 x 1,14 metr ölçülü dam örtüyü olan təzə vəziyyətdə gümüşü rəngli metal listin (profnastil) 1 ədədinin 2020-ci ilin may ayına orta bazar qiyməti təxminən 80 manat, 56 ədədi isə 4480 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının əmlakına vurulmuş ziyanın əvəzi olara 4480 manat məbləğində pul müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 4480 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu müştərək tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 4480 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu müştərək tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar