Məhkəmə qərarları › İş №2(007)-3341/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3341/2025

10.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3341/2025 10.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 5400 ABŞ dolları, 1000 AZN və dövlət rüsumu hesabına ödədiyi 122,40 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair məhkəmə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, bacısı Xanoğlanzadə Kəmalə vasitəsi ilə cavabdehlərlə tanış olub. Belə ki, bacısı cavabdehlərlə qonşu olub. 23 dekabr 2022-ci il tarixdə saat 21 radələrində Yelçu və arvadı Zümrüd onların evlərinə gəlib və söhbət zamanı bildirib ki, evlərini satır. Çünki onlar bir neçə vaxt idi ki, ev axtardılar. Yelçugil də bundan xəbər tutub. Onların evlərində söbhət zamanı Cavabdeh1 evini satmaq istədiyini bildirib, ona evi almağını təklif edib. Onlar qiyməti ilə maraqlandıqda, Yolçu Ocaqverdiyev iki otaqdan ibarət olan yaşadığı evi 57000 manata satdığını deyib, onlar da razılaşıblar. Elə həmin dəqiqə o bacısı Kəmalə ilə birlikdə gedib Yelçugilin evinə baxıblar. Ev xoşuna gəldiyindən o, Cavabdeh1 evi alacağını deyib, evdən çıxarkən Yelçu oğlu Rafaeli onlara qoşub evin behini verməyini deyib. Onlar da evə gəliblər, evlərində Yelçudan alacaqları həmin evə görə ilkin olaraq beh kimi 1200 ABŞ dolları məbləğində pulu Yelçunun oğlu Rəfaelə evinin həyətində veriblər. Onlar pulu verməyi ilə bağlı hər hansısa kağızı yazıdır, imza etməsini onda tələb etdikdə, Rəfael polis əməkdaşı olduğunu deyib, bu barədə özü mobil telefonla çəkiliş aparıb. O, pulu da götürərək gedib. Yolçu Ocaqverdiyev onlardan möhlət istəyib ki, ev axtarıb-tapmaqda 1 ay möhlət versin. 04 fevral 2023-cü il tarixdə saat 15 radələrində o, 29200 ABŞ dolları məbləğində və 1000 manat pulu öz evində, mətbəxdə masa arxasında oturarkən alacağı evə görə sayıb Cavabdeh1 verib. Evin sənədlərini Cavabdeh1 tələb etdikdə isə, Yolçu Ocaqverdiyev evin sənədlərinin evdə olduğunu, buna görə də, narahat olmamağını bildirib, pulları da götürüb evlərindən çıxıb gedib. Aradan bir müddət keçdikdən sonra Cavabdeh1 gəlib onun alacağı evin alınmadığını deyib, bir ay əlavə də ondan vaxt istəyib. O bu dəfə razılaşmayıb. 2023-cü ilin fevral ayının 20-dək vaxtı uzatmaq istədikdə, Cavabdeh1 uzatmamasını, fevral ayının 15-də evi tərk edib getmələrini deyib. 2 gün keçdikdən sonra onu Yelçugili evlərinə çağırıblar ki, pulu götürüb gedərkən evi notarial qaydada adına keçirəcəyinə söz verib. Cavabdeh1 onlara demişdir ki, işdən vaxtı yoxdur. Vaxt edib gedəcəklərini və narahat olmamağını deyib. O, Yelçugildən sənəd tələb etdikdə, sonuncu yenə də ona deyib ki, narahat olma, hər şey qaydasındadır, evin sənədi var. Bundan sonra çıxıb gediblər. 11 fevral 2023-cü il tarixdə saat 19 radələrində Cavabdeh1 arvadı Zümrüdün istifadəsində olan ***-***-**-** mobil nömrəsində “WhatsApp” proqramı vasitəsi ilə məhkəmə qətnaməsinin kserosutərini ona göndərib. Həmin qətnamələri oxuyanda ona məlum olub ki, Cavabdeh1 həmin evə yaşamaq hüquq var. Halbuki, Cavabdeh1 hər dəfə ona evin sənədlərini qaydasında olduğunu deyib. O, qətnamə ilə tanış olduqdan sonra həmin gün saat 21 radələrində Yelçugilin evinə gedərək deyib ki, bu ev sənədi deyil, ona sənəd versin, yoxsa evi almır. Onun pulunu geri qaytarsın. Cavabdeh1 ondan möhlət istəyib, pullarını geri qaytaracağını deyib. Cavabdeh1 15 fevral 2023-cü il tarixdə saat 2 radələrində onu evinə çağırıb. O, Yelçugilin evinə gedib. Oraya gedəndə Cavabdeh1 onun verdiyi 30400 ABŞ dollarından və 1000 manat puldan ona 25000 ABŞ dolları məbləğində pul qaytarıb. Yerdə qalan 5400 ABŞ dollarını və 1000 manat pulu isə 3- günə qayataracaqlar. Lakin Cavabdeh1 ona qalan 5400 ABŞ dolları və 1000 manat pulun batdığını deyib, vədinə əməl etməyib. O, cavabdehin bu hərəkətləri barədə Bakı şəhəri Nizami rayon Polis idarəsinin 23-cü Polis Bölməsinə müraciət esib, lakin həmin vaxtı cavabdehlər polisin danışıq və çağırışlarına gəlməyiblər, əksinə onu və bacısını hədələyərək, Rafaelin polis işçisi olduğunu, başlarına oyun açacağını deyərək, onları hədələyib, həmin vaxtdan bu günə kimi pulunu dəfələrlə tələb etsə də, vermirlər, axırda məhkəmə müraciət etməyə məcbur olub. Əlavə olaraq bildirir ki, o, həmin vaxtı polis idarəsinə, cavabdehlərin ona borclu qalmaları, onlara ev almağı üçün pul verməyini təsdiq edən, Whatsapp proqramından olan yazışmalarını və videoçəkilişi əks etdirən diskdə təqdim edib, həmin diskin birini də ərizəsinə əlavə edir, burada cavabdehlərin qarşısında onlara verdiyi dollar aydın şəkildə görünür.

Cavabdehlərin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi:

3. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişlər ki, iddia tələbi əsassız olmasından əlavə, iddiaçı hazırkı mübahisə üzrə iddia müddətini heç bir üzrlü səbəb olmadan ötürüb. Odur ki, iddia iddia müddəti tətbiq edilərək hazırkı iddia rədd edilməlidir. Belə ki, iddiaçının özünün iddia ərizəsində də istinad etdiyi işin faktiki hallarından aydın şəkildə göründüyü kimi, iddiaçının iddia tələbinin hüquqi əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. İddiaçının iddia ərizəsində göstərdiyi faktlardan aydın olur ki, mübahisə 2022-ci ilin dekabr ayında yaranıb. İddiada həmçinin göstərilib ki, 2023-cü ilin fevralında pulun bir hissəsi verilsə də, guya qalan hissəsi verilməyib və o, bundan sonra polisə müraciət edib. Bu o deməkdir ki, iddiaçı hüquqlarının pozulduğunu həmin vaxtdan bilib. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən də görünür ki, onun şikayəti əsasında “cinayət işinin başlanmasının rədd edilməsi barədə” polisin qərarı da xx.xx.2023- cü il tarixdə qəbul edilib. İddiaçı isə məhkəməyə yalnız xx.xx.2025-ci il tarixdə müraciət edib. Qeyd edilənlər onun (iddiaçının) iddia müddətini ötürdüyü qənaətinə gəlməyə əsas verir. İddia müddəti ötürüldüyündən iddia tələbi təmin edilə bilməz. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən edib ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq məhkəmədən tələb edə bilər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Göründüyü kimi, iddia müddətinin tətbiq edilməsi mülki hüquq münasibətlərinin tənzimlənməsində əhəmiyyətli rol oynayır və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət edir. Qeyd edilənlərə əsasən İddiaçı bizə qarşı “pul” tələbinə dair iddiasının iddia müddəti tətbiq edilərək təmin edilməməsini xahiş etmişlər.

İş materialları:

4. Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində gösterilənlərə əsasən, X1 ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş və ərizəçi vətəndaşa mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

5. Məhkəməyə iddiaçı tərəfindən fotoşəkillər, səs və video yazılarının qeyd edildiyi 1 ədəd disk təqdim edilmişdir.

6. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 122,40 manat dövlət rüsumu ödəmişdir.

Tərəflərin izahatları:

7. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirməklə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişlər.

9. Belə olan halda, məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halı:

10. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı bacısı Kəmalə Xanoğlanzadə vasitəsi ilə tanıdığı cavabdehlərlə evin alqı-satqı ilə bağlı razılaşıb. Razılıqlarına əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 onlara məxsus olan ünvan 1 ünvananında yerləşən mənzili 57000 manat iddiaçıya satacaqdılar. İddiaçının bildirdiyinə əsasən razılıqlarına uyğun olaraq cavabdehlərə 2022-ci ili dekabr ayında 1200 ABŞ dolları, xx.xx.2023-cü ildə isə 29200 ABŞ dolları və 1000 manat məbləğində pul verib. Cavabdehlər isə 23-cü polis bölməsində izahat verən zaman onlara 2022-ci ili dekabr ayında 1200 ABŞ dolları, xx.xx.2023-cü ildə isə 28500 ABŞ dolları və 1000 manat məbləğində pul verildiyini qeyd ediblər. Hazırda iddiaçı cavabdehlərə verdiyi puldan cəmi 25000 ABŞ dollarının qaytarıldığını qeyd edərək, qalan 5400 ABŞ dolları və 1000 manat məbləğində pulun ona ödənilməsini xahiş etmişdir.

Məhkəmə baxışının hədləri:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

10.10. Şəxsi yazışma məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 95.1. Elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. 95.2. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 441.3. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 599.4. Satıcı qabaqcadan ödənilmiş əşyanı vermək vəzifəsini icra etmədikdə və alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda əşyanın müqaviləyə görə verilməli olduğu gündən alıcıya verildiyi və ya qabaqcadan ödədiyi məbləğin ona qaytarıldığı günədək qabaqcadan ödəniş məbləğindən bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə satıcının alıcıdan qabaqcadan ödəniş məbləğini aldığı gündən həmin məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

Məhkəmənin mövqeyi:

14. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.

15. Göründüyü kimi, tərəflər arasında olan şifahi razılığa əsasən iddiaçı cavabdehlərə məxsus olan ünvan 2 ünvanında yerləşən evin 57000 manata alınması barədə razılaşıb. Göründüyü kimi, tərəflər arasında müqavilə münasibətləri mövcud olub. Hazırda cavabdehlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1095-ci maddəsinə istinad edərək, iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş ediblər.

16. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

17. Məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə münasibətləri olub və həmin məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Yəni iddiaçı qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürməyib. Bununla belə məhkəmə qeyd edir ki, hazırki iddia xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olsa da, daha əvvəl iddiaçı xx.xx.2024-cü ildə eyni tələblə məhkəməyə müraicət edib və məhkəmənin xx.xx.2024-cü il tarixi qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılıb, bundan sonra iddiaçı yenidən xx.xx.2025-ci ildə məhkəməyə müraciət edib və məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş baxılmamış saxlanılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı evin alqı-satqısı üzrə qabaqcadan ödədiyi pulun geri qaytarılması tələbi üzrə iddia müddətini ötürməyib.

18. Məhkəmə iddiaya münasibətdə qeyd edir ki, iddiaçı daha əvvəl pozulmuş hüquqlarının müdafiəsi məqsədi ilə 23-cü polis bölməsinə müraciət edib və araşdırma aparılan zaman cavabdehlərin hər birinin izahatı alınıb.

19. Cavabdehlər izahatlarında iddiaçı ilə evin 57000 manata satılması barədə razılıq əldə etdiklərini, 2022-ci ilin dekabr ayında iddiaçı tərəfindən 1200 ABŞ dolları cavabdehlərin evində, xx.xx.2023-cü ildə isə iddiaçının evində 28500 ABŞ dolları və 1000 manat məbləğində pulun verildiyini, bir neçə gün sonra iddiaçının xahişinə əsasən ona 1500 ABŞ dolları qaytardıqlarını, daha sonra iddiaçı evi almaqla bağlı fikrini dəyişdiyi üçün xx.xx.2023-cü ildə 28500 ABŞ dollarını öz evlərində iddiaçıya qaytardıqlarını, 1000 manatı isə evin təmirinə çəkdikləri xərclə əvəzlədikləri üçün qaytarmaqdan imtina etdiklərini qeyd ediblər.

20. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə təqdim etdiyi məlumatda alqısatqının baş tutmaması səbəbini ona satılacaq evin sənədlərinin cavabdehlərə məxsus olmaması ilə, cavabdehlər isə iddiaçının evi almaq istəməməsi ilə əsaslandırıb. Cavabdehlər iddiaçının dəlillərini təkzib etmək üçün evlə bağlı mülkiyyət sənədlərinin mövcudluğuna dair məhkəməyə heç bir sübut təqdim etməyiblər. Bu səbəbdən məhkəmə iddiaçının dəlillərini əsaslı hesab edir.

21. Hər bir halda, tərəflər arasında şifahi müqavilə bağlanılıb və həmin əqd onların qarşılıqlı razılığına əsasən ləğv edilib. Bu səbəbdən də, tərəflər arasında mövcud olan münasibətlər ilkin vəziyyətinə qaytarılmaqla, cavabdehlər qabaqcadan onlara ödənilmiş məbləği alıcı olan iddiaçıya qaytarmalıdırlar, iddiaçı həmin pulu tələb etməkdə haqlıdır.

22. İddiaçı cavabdehlər tərəfindən ona cəmi 25000 ABŞ dolları məbləğində vəsaitin qaytarıldığını və 5400 ABŞ dolları və 1000 manat məbləğində vəsaitinin qaytarılmalı olduğunu qeyd etmiş, cavabdehlər isə iddiaçıya 1500 ABŞ dolları, daha sonra isə 28500 ABŞ dollarının qaytarıldığını, 1000 manatın isə evin təmirinə çəkilmiş 6000 manat xərclə əvəzləşdirdiklərindən, borclarının olmadığını qeyd ediblər.

23. Qeyd ediləməlidir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 vermiş olduğu izahatlarda ziddiyyətlər var. Belə ki, cavabdehlər onlara ilkin olaraq 1200 ABŞ dolları, daha sonra isə 28500 ABŞ dolları və 1000 manat verildiyini, onlar tərəfindən isə ilkin olaraq 1500 ABŞ dolları və daha sonra 28500 ABŞ dolları məbləğində pulun qaytarıldığını, 1000 manatı isə qaytarmaqdan imtina ediklərini qeyd ediblər. Göründüyü kimi, verilmiş izahatlara əsasən cavabdehlər iddiaçıya artıq məbləğdə pul qaytarıblar. Qeyd edilənlər halların araşdırması üçün cavabdehlər məhkəmə iclasında iştiraklarını təmin etməyiblər. Bu səbəbdən həmin izahatlar məhkəmədə şübhə yaradıb.

24. Məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillər tətqiq edilən zaman vizual baxış zamanı Cavabdeh1, Cavabdeh3, İddiaçı və Kəmalə Xanoğlanzadənin iştirakı ilə masa üzərində sayının və miqdarının dəqiq bilinmədiyi ABŞ dolları və manatların yerləşdirildiyi müşahidə edilib.

25. Təqdim edilmiş səs və video yazılarında isə cavabdehlər 25000 ABŞ dollarının qaytarıldığı, 5400 ABŞ dolları və 1000 manat məbləğində vəsaitin qaldığı qeyd edilir.

26. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbi isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 evin alınması üçün ümumilikdə 30400 ABŞ dolları və 1000 manat məbləğində pul verildiyi, evin alqı-satqısı baş tutmadığından həmin puldan 25000 ABŞ dollarının qaytarıldığı, qalan 5400 ABŞ dolları və 1000 manat məbləğində pulun qaytarılmadığı öz təsdiqini tapmış, əksini təsdiq edən sübutlar cavabdehlər tərəfindən məhkəməyə təqdim edilməmişdir.

29. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

31. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı tələb “5400 ABŞ dolları və 1000 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi” hissəsində öz təsdiqini tapdığından iddia həmin hissədə təmin edilməlidir.

32. Məhkəmə qeyd edir ki, hazırki iddia Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yönəlsə də, məhkəmə araşdırması zamanı qeyd edilən pulların Cavabdeh1 və Cavabdeh3 verildiyi müəyyən edilib, onlar öz izahatlarında da həmin halı qəbul ediblər. Cavabdeh isə Cavabdeh2 isə iş üzrə cavabdehliyi müəyyən edilməyib. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ona aid hissədə əsassız olmaqla, təmin edilməməlidir.

Nəticə:

33. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 5400 ABŞ dolları, 1000 manat məbləğində pul müştərək qaydada İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

34. Azərbaycan Respublikası Konstitusiyasının: 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Həmin maddəsinin İİİ-cü hissəsinə görə, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.

35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir.

36. “Məhkəmə qətnamələri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir.

37. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı olan məbləğ ABŞ dolları ilə göstərilməsinə baxmayaraq, ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla ondan tutulmalıdır.

Məhkəmə xərcləri:

38. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı tərəfindən 122,40 manat dövlət rüsumu ödənilmişdir. Hazırki tələbə münasibətdə isə 120,54 manat dövlət rüsumunun ödənilməsi tələb olunur.

40. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 122,40 manat dövlət rüsumunun 120,54 manatı cavabdehlərə aid edilməli, qalan 1,86 manatı isə dövlət büdəcəsindən iddiaçıya geri qaytarılmalıdır.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 5400 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), 1000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 120,54 manat məbləğində pul vəsaiti müştərək qaydada İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Artıq ödənilmiş 1,86 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı (FİN: xxxxxxx, X3, qəbz nömrəsi: **********, tarix və vaxt: xx.xx.2024, 12:15:08) qatrarılsın. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar