Məhkəmə qərarları › İş №2(007)-3388/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3388/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3388/2021 19.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyev Xədicə Rəşid qızının katibliyi, İddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X3” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh2 arasında bağlanmış 09.09.2019-cu il tarixli kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün 18 ay müddətinə illik 27% ödəmək şərtilə 4000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit Müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh1 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Lakin cavabdehlər müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduqları kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdirlər. Nəticədə cavabdehlərin banka 15.07.2021-ci il tarixə 2839,30 manat əsas, 971,18 manat faiz, cəmi 3810,48 manat borcu yaranmışdır. Qeyd olunanlara əsasən cavabdehlərdən 2839,30 manat əsas, 971,18 manat faiz, cəmi 3810,48 manat borcunun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin “X3” ASC-nin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “X3” ASC-nin nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, müqavilə müddəti bitib. Pandemiyaya görə cərimə yazılmayıb. Vaxtından əvvəl tələb etmək hüququ var 950 manat borcu var. Bank tərəfindən güzəşt olunmuşdur və hazırda banka olan borcu 750 manat təşkil edir. Bank tərəfindən cərimə hesablamamışdır. İddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh2 əvvəli məhkəmə iclaslarında iddianı qismən qəbul etdiyini və izahatında Laçın Ticarət Mərkəzində işlədiyini, lakin pandemiyaya görə 15 aydır ki, işsiz olduğunu və başqa gəlir yeri olmadığını bildirdi. O, mart ayına qədər ödəniş etsə də, sonradan pandemiyaya görə ödəniş edə bilməmişdir. Buna baxmayaraq, bank borcdan əlavə yüksək faiz hesablayıb. O, hesab edir ki, pandemiya ilə əlaqədar bank faizləri dondurmalı idi. Lakin bunu etməyib və əsas borcdan əlavə yüksək məbləğdə faiz yazıb. İddia tələbində qeyd olunan faiz borcu ilə razı deyildir. Onun 58 yaşı var. Oğlu 44 günlük müharibə iştirakçısıdır. Mart ayına qədər vaxtı vaxtında ödəniş etmişdir. O, faizlərlə razı deyildir müqavilədə fors major bəndi var. Hesab edir ki, pandemiya forsmajor haldır. Bank ona heç bir güzəşt etmək istəmir. O, baş ofisə də müraciət etmiş, lakin faiz borcunu dayandırmırlar. 19 oktyabr 2021-ci il tarixli məhkəmə iclasında Cavabdeh2 bank tərəfindən ona olunan güzəştlə razılaşmış və borcunu banka ödəyəciyini bildirərək iddianı qəbul etmişdir. Cavabdeh1 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh2 izahatlarını, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan “X3” ASC ilə Cavabdeh2 arasında bağlanmış 09.09.2019-cu il tarixli 468micNFT/19-EM saylı kredit və bank hesabı müqaviləsindən görünür ki, Cavabdeh2 istehlak məqsədləri üçün 1-120 ay müddətinə illik 32 % ödəmək şərtilə 150000 manat məbləğində bank hesabı açılmışdır. İş materiallarında olan “X3” ASC ilə Cavabdeh2 arasında bağlanmış 09.09.2019-cu il tarixli 468micNFT/19 saylı əlavə kredit müqaviləsindən görünür ki, Cavabdeh2 istehlak məqsədləri üçün 18 ay müddətinə illik 27% ödəmək şərtilə 4000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan “X3” ASC ilə Cavabdeh1 arasında bağlanmış 09.09.2019-cu il tarixli 468micNFT/19 saylı zaminlik müqaviləsindən görünür ki, “X3” ASC ilə Cavabdeh2 arasında bağlanmış 09.09.2019-cu il tarixli 468micNFT/19 saylı əlavə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh1 ilə bank arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, borclu 18 ay müddətinə hər ayın 09-dan gec olmayaraq 273 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “X3” ASC-nin 15.03.2021-ci il tarixli bildirişdən görünür ki, "xxxx" KB ASC ilə borclu arasında bağlanmış 09.09.2019-cu il tarixli, 468micNFT/19 saylı kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirilməmiş, borclunun Banka 15 mart 2021-ci il tarixinə 3569 AZN əsas borcu yaranmışdır. Borcun 3 iş günü ərzində ödənməsi xahiş olunmuşdur. Əks təqdirdə, bank tərəfindən bütün borcun və onun qaytarılması ilə əlaqədar çəkiləcək xərclərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəkdir. İş materiallarında olan “X3” ASC-nin 04.06.2021-ci il tarixli bildirişdən görünür ki, "xxxx" KB ASC ilə borclu arasında bağlanmış 09.09.2019-cu il tarixli, 468micNFT/19 saylı kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirilməmiş, borclunun Banka 04 iyun 2021-ci il tarixinə 2839,30 AZN əsas, 890 AZN faiz, cəmi 3729,30 AZN borcu yaranmışdır. Borclu kredit müqaviləsi ilə öhdəlikləri lazımınca və vaxtında icra etmədiyindən gecikdirilmiş borc məbləğinə əlavə olaraq cərimə hesablanmışdır. Yuxanda qeyd edilənlərə əsasən Banka olan bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv edilməsi borcluya təklif edilmişdir. Əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar bank tərəfinən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəkdir. İş materiallarında olan 15.07.2021-ci il tarixli UB-BANK/PİKMD/970876 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 09.09.2019-cu il tarixli 468micNFT/19 saylı kredit müqaviləsi üzrə 15.07.2021-ci il tarixə 2839.30 manat əsas, 971.18 manat faiz, cəmi 3810.48 manat “X3” ASC-yə borcu vardır. İş materiallarında olan 04.10.2021-ci il tarixli UB-BANK/PİKMD/987041 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 09.09.2019-cu il tarixli 468micNFT/19 saylı kredit müqaviləsi üzrə 09.03.2021-ci il tarixə 2839.30 manat əsas, 715.76 manat faiz, cəmi 3555.06 manat borcun “X3” ASC-yə borcu vardır. İş materiallarında olan 15.07.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, “X3” ASC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də borclu öz öhdəliklərinə əməl etməmiş və layiqincə icra etməmişdir. Zamin isə zaminlik müqaviləsi üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Belə ki, Unibank» KB ASC ilə Cavabdeh2 arasında bağlanmış 09.09.2019-cu il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 18 ay müddətinə illik 27% ödəmək şərtilə 4000 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 09.03.2021-ci il tarixə 2839.30 manat əsas, 715.76 manat faiz, cəmi 3555.06 manat “X3” ASC-yə borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2839.30 manat məbləğində əsas borc, 715.76 manat məbləğində faiz borcu, cəmi 3555.06 manat borc və dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumu “X3” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2839.30 manat məbləğində əsas borc, 715.76 manat məbləğində faiz borcu, cəmi 3555.06 manat borc və dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumu “X3” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar