Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3399/2023 20.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qıznın sədrliyi, Məhkəmə iclasının katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 Layca oğlunun iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Təhsil İdarəsi cəlb edilməklə cavabdeh Bakı şəhəri, Nizami rayon 201 nömrəli tam orta məktəbinə qarşı olan “əmrin ləğv edilməsi, dərs saatının bərpa edilməsi və d.” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : İddia tələbi :
1. İddiaçı cavabdeh Bakı şəhəri, Nizami rayon 201 nömrəli tam orta məktəbinə qarşı “əmrin ləğv edilməsi, dərs saatının bərpa edilməsi və d.” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Nizami rayon 201 nömrəli tam orta məktəbin diretoru Afaq Əliyevanın xx.xx.2023-cü il tarixli intizam tənbehi barəsindəki əmrinin ləğv edilməsi və bu qərarı növbədən kənar pedaqoji şurada elan etməklə ondan üzr istəməsi, qanunsuz azaltdığı 6 saat dərs yükünün bərpa edilməsi, dərs yükü bərpa edilən günədək ona vurulmuş maddi ziyanın Afaq Əliyevadan tutularaq ona ödənilməsi, əmək funksiyasını yoxlamaq üçün yaratdığı komissiyanın özünün və komissiya rəyinin etibarsız hesab edilməsi və Afaq Əliyevanın inzibati məsuliyyətə cəlb olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2006-cı il tarixdən direktor və direktor müavinləri Bakı şəhəri üzrə Təhsil İdarəsinin (qısa BŞTİ) nomenklaturasına verilmişdir. Həmin vaxtdan BŞTİ "işəgötürən" olaraq tabeliliyində olan ümumtəhsil məktəblərinin direktor və direktor müavinləri ilə əmək müqavilələri bağlayaraq, onların dərs yükünə və vəzifə səlahiyyətlərinin icrasına nəzarəti həyata keçirir. Bildirirəm ki, 2017/2018-ci tədris ilində BŞTİ öz səlahiyyət həddini qanunsuz aşaraq tabeçiliyində olan təhsil müəssisələrinin əksəriyyətinin direktor və direktor müavinlərinin dərs yükünü Əmək Məcəlləsinə zidd olaraq azaltdığına və bunun səbəbindən (dərs yükümü 18 saatdan 12 saata endirmişdi) iddiaçıya 1500 manata qədər maddi ziyan vurduğuna görə, iddiaçı özünə aid hissədə bu qanunsuzluq barəsində 2018-ci ilin yanvar ayında Nəsimi rayon məhkəməsinə müraciət etmişdir. Nəsimi rayon məhkəməsi tərəfindən iddiaçıya vurulmuş 1524 manat məbləğində maddi ziyanın Bakı şəhəri üzrə Təhsil İdarəsindən alınaraq iddiaçıya verilməsi barədə 2(006)-238/2019 saylı xx.xx.2019-cu il tarixli qətnamə çıxarmışdır. Bundan sonra BŞTİ ilə qarşılıqlı razılığa əsasən, iddiaçı 1524 manat pul tələbindən imtina etmiş və verilmiş apellyasiya şikayətinə baxılmadan icraata xitam verilmişdir. Bu razılaşmadan sonra hər tədris ilinin başlanğıcında iddiaçıya 18 saat dərs yükü müəyyən edilmiş və verilmişdir. İddiaçı məktəb direktoru Afaq Əliyeva tərəfindən Təhsil Qanununun, Nazirlər Kabinetinin təhsilə aid qərar və normativ aktlarının tələblərinin kobud şəkildə pozulması nəticəsində külli məbləğdə büdcə vəsaitinin qanunsuz talanması barəsində xx.xx.2023-cü il tarixində müxtəlif təşkilatlara ərizə ilə müraciət etmişdir. Afaq Əliyeva onun qanunsuzluqlarına göz yummadığı, korrupsiya hüquqpozmaları ilə əlaqədar olaraq şikayət verdiyi və dövlətin mənafeyini müdafiə etdiyi üçün qisas almaq məqsədi ilə onu susdurmaq, sıxışdırmaq, qısnamaq və kollektivdə, cəmiyyətdə nüfuzdan salmaq yolunu tutaraq, qanunsuz göstəriş və hərəkətləri ilə iddiaçının həyatına və sağlamlığına 10 min manatdan da artıq maddi mənəvi ziyan vurmuşdur. X2 tədris ilinin sonunda xx.xx.2023-cü il tarixdə keçirilən pedaqoji şuranın iclasında gördüyü işlər üçün ünvanına təriflər söyləmişdir. 2023-2024-cü tədris ilinin əvvəlində gözünü kin, qərəzçilik örtmüş Afaq Əliyeva xx.xx.2023 tarixində özünün vəzifə səlahiyyətlərini aşan əmr verərək, iddiaçının ötən tədris ilindəki fəaliyyətini "araşdırmaq" üçün bu sahədə heç bir bilik, bacarıq və təsrübəsi olmayan texniki işçi, ibtidai sinif və fiziki tərbiyə müəllimlərindən ibarət "komissiya" yaratmışdır. Afaq Əliyeva, həmin səlahiyyətsiz komissiyasının iddiaçının "yarıtmaz iş fəaliyyəti" haqqındakı rəyinə əsasən, xx.xx.2023 tarixdə keçirilmiş pedaqoji şuranın iclasında ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verdiyini elan etmişdir. Onun çıxışının səs yazısını ərizəyə əlavə edilmişdir. Bundan başqa 18 saat dərs yükü barəsində məhkəmənin qərarı olmasına, iddiaçı ilə əmək müqaviləsini yuxarı təşkilat kimi BŞTİ-nin bağlamasına rəğmən, Afaq Əliyeva özbaşınalıq edərək dərs yükünü 6 saat azaltmışdır. İddiaçı bu tədris ili də daxil olmaqla son üç tədris ilindəki dərs bölgüsü barəsindəki əmrlərin, komissiyanın yaradılma əmrinin və inzibati tənbeh barəsindəki əmrin surətlərinin xx.xx.2023-cü il tarixdən rəsmi Vəkil sorğusu ilə tələb edilməsinə baxmayaraq, bu günədək Afaq Əliyeva tərəfindən cavab verilməmişdir. Məhkəmədən xahiş edirəm ki, vəkil sorğusuna qarşı etdiyi saymamazlığa, özgəsinin vəzifə funksiyalarını mənimsəməklə verdiyi qanunsuz əmrlərə görə, X2nın intizam məsuliyyətinə cəlb edilməsi üçün barəsində xüsusi qərardad hazırlayıb, Elm və Təhsil nazirinə göndərəsiniz. İddiaçının şikayətləri davam etdiyi halda X2 səlahiyyət həddini aşaraq, "X1 Qaydalarının ("Qaydalar") 6.3-cü bəndinə və Əmək Məcəlləsinin 186.2-ci maddəsinin b) bəndinə əsasən iddiaçıya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermişdir, həmçinin iddiaçını kollektivdə gözdən salmaq üçün qondarma komissiyasının qanunsuz rəyini kollektivdə müzakirə etmişdir. Əmək Məcəlləsinin 188-ci maddəsinə əsasən məktəbin direktoru iddiaçı ilə əmək müqaviləsi bağlamadığı və onun "işəgötürən"ini olmadığı üçün onun verdiyi əmrin heç bir hüquqi əsası yoxdur və o puç əmrdir. Lakin buna baxmayaraq,o nun hüquqi cəhətdən savadsız olması qanunun pozulmasına səbəb kimi qəbul edilə bilməz. Afaq Əliyeva direktor kimi Əmək Məcəlləsini əzbər bilməli idi, ancaq o bilərəkdən bu qanunsuz əmri verməklə müəllim kollektivinin gözünü qorxutmaq, onu nüfuzdan salmaq məqsədi güdmüşdür. İddiaçı 29 ildən artıqdır ki, həmin məktəbdə direktor müavini işləyir, həmçinin 18 saat riyaziyyat fənnini tədris etmişdir (bu tədris ilindən 12 olmuşdur). Afaq Əliyevanın bu əmri verməklə ikinci qanunsuz hərəkəti ona heç bir aidiyyatı olmadığı halda Əmək Məcəlləsinin 186.2-ci maddəsinin b) bəndinə istinad etməsidir. Əmək Məcəlləsinin 186.2-ci maddəsində göstərilmişdir: İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: b) Sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək. Bu Məcəllənin 10-cu maddəsində də əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri göstərilmişdir: əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməyərək qanunvericiliyinin tələblərinə riayət etmək. İddiaçı 201 saylı məktəbdə 29 illik pedaqoji fəaliyyətində əmək və təhsil qanunvericiliyinin tələblərini pozmamışdır. Bu halda məktəbin direktoru Afaq Əliyevanın əsassız və qanunsuz olaraq onun barəsində intizam tənbehi haqqında əmr verməsi, nəyin bahasına olursa olsun onu cəzalandırmaq istəyindən irəli gəlir ki, bunun da adı qərəzçilikdir, vəzifəsindən sui-istifadə etməkdir, işçinin təqib edilməsi, qısnanması deməkdir. Afaq Əliyeva bu əmri verərkən Əmək Məcəlləsinin 187-ci və 189-cu maddələrinin tələblərini də kobudluqla pozmuşdur. Belə ki, ƏM-nin 187-ci maddəsinin tələbinə əsasən intizam xətasına yol vermiş işçi haqqında intizam tənbehi üzrə əmr verilməmişdən əvvəl törətdiyi intizam xətası barədə məlumatlandırılmalı, ondan izahat alınmalı, işçi izahat verməkdən boyun qaçırdığı təqdirdə şahidlərin imzaları ilə təsdiq olunmuş akt tərtib olunmalı idi. Əmək Məcəlləsinin 188-ci maddəsinə əsasən məktəbin direktoru iddiaçı ilə əmək müqaviləsi bağlamadığı və onun "işəgötürən"ni olmadığı üçün onun verdiyi əmrin heç bir hüquqi əsası yoxdur və o puç əmrdir. Lakin buna baxmayaraq, onun hüquqi cəhətdən savadsız olması qanunun pozulmasına səbəb kimi qəbul edilə bilməz. Afaq Əliyeva tərəfindən iddiaçının konstitusion hüquqları, İnsan Hüquq və Azadlıqları barədə Avropa Konvensiyasının tələbləri pozulmuşdur.
İş materialları :
3. Bakı şəhər 6 saylı Vəkil Bürosu tərəfindən 201 saylı orta məktəbin direktoru Afaq Əliyevaya ünvanlanmış xx.xx.2023-cü il tarixli sorğudan görünür ki, 2021 - 2022, 2022- 2023, 2023-2024-cü tədris illərinin dərs bölgüsündə İddiaçı adına qeyd edilən siniflərin əmrindən çıxarışların və xx.xx.2023-cü il tarixli pedaqoji şuranın protokolunun surətinin sorğunu təqdim edən şəxsə verilməsi və ya gecikdirmədən hüquqi ünvana göndərilməsi xanişi ilə müraciət edilmişdir.
4. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)-238/2022 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən müəyyən edilir ki, iddia qismən təmin edilmiş, 1524 manat məbləğində pul vəsaitinin cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsindən alınaraq İddiaçı verilməsi və iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir.
5. Bakı 3 saylı Mediasiya Təşkilatının MŞB/3/2023-01114 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak emiş lakin cavabdeh Bakı şəhəri, Nizami rayonu, 201 saylı tam orta məktəb iştirak etməmişdir.
6. İddiaçı və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 Layca oğlunun ərizəsindən görünür ki, ərizə ilə məhkəməyə müraciət edilərək məhkəmədən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qaytarılması xahiş edilmişdir.
7. İş materiallarına 12 ədəd CD disk əlavə edilmişdir.
Tərəflərin izahatları :
8. İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 Layca oğlu məhkəmə iclas zalında məhkəməyə ərizə təqdim edərək, məhkəmədən yaranmış zərurət aradan qalxdığı üçün iddia ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir.
9. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin məhkəmə hazırlıq iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü məhkəməyə bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
10. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq :
11. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarı 2-ci bənd :
Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər.
Məhkəmənin mövqeyi :
13. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
14. Belə ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, iş üzrə hazırlıq iclası təyin edilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən yaranmış zərurət aradan qalxdığı üçün iddia ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir.
15. Mülki prosessual qanunvericiliyə əsasən hazırlıq icraatında iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər.
16. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarına əsasən hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Nəticə :
17. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hazırlıq icraatı mərhələsində iddia ərizəsinin baxılmadan geri qaytarılması barədə ərizə verildiyindən mülki prosessual qanunvericiliyin tələbinə əsasən İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Təhsil İdarəsi cəlb edilməklə cavabdeh Bakı şəhəri, Nizami rayon 201 nömrəli tam orta məktəbinə qarşı “əmrin ləğv edilməsi, iş saatının bərbası və d.” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.
18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Təhsil İdarəsi cəlb edilməklə cavabdeh Bakı şəhəri, Nizami rayon 201 nömrəli tam orta məktəbinə qarşı “əmrin ləğv edilməsi, iş saatının bərbası və d.” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva