Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3406/2021 10.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4928 manat məbləğində maddi zərərin Cavabdeh1 və Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 21.02.2021-ci il tarixdə Cavabdeh1 etibarnamə ilə idarə etdiyi Cavabdeh2 məxsus “Mersedec Benz B170” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq qəza törətmiş və nəticədə ona məxsus “X8” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilə 9024 manat məbləğində maddi ziyan dəymişdir. Bakı Şəhəri BDYPİ-nin 21.02.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh1 İXM-nın 327.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı mülkiyyətində olan avtomobilə dəymiş zərər rəsmi servis tərəfindən qüsur aktı tərtib edilməklə 9024 manat həcmində müəyyən edilmişdir. Həmin hadisə zamanı təqsirli şəxsin idarə etdiyi avtomobil tərəfindən digər şəxsə məxsus avtomobilə də zərər vurulduğundan avtomobilə zərər vurulması zamanı zərər vuran avtomobilin icbari sığortası mövcud olsa da, “Atəşgah" sığorta tərəfindən hər iki tərəfə dəymiş zərər olaraq qarşılamalı olan 5000 manat məbləğdən 2 şəxs arasında bölünmə aparılmaqla ona 1620 manat ödəniş edilmişdir. 1620 manatı aldıqdan sonra qüsur aktında göstərilən detallardan bəzilərinin qiyməti yeni detal olaraq çox baha olduğundan az işlənmiş detallar şəklində biraz ucuz qiymətə əldə etmiş (bunlar çulok 1100 manat, ştanqa 180, palos+stupitsa 620 manat, baqajın alt hissəsi 700 manat və disk 600 manat qiymətləri 3200 manat etmişdir) halbuki həmin detalların təzələri qusur aktında göstərilmiş və hesablandığında 5505 manat edir. O, bunların qarşı tərəf üçün də məbləğ olaraq ödənilməsində problem olmasın deyə işlənmiş almışdır. Halbuki, avtomobilin detallarının üzərində olduğu kimi təzələri ilə əvəzlənməsini istəyərdi. Əlavə olaraq da görülmüş digər detallar və təmir xərcləri 3348 manat təşkil etmişdir. Bununla bağlı da tərtib edilmiş və ödənilmiş aktı əlavə edir. Yuxarıda qeyd edilən işlənmiş detallar isə alınan yer toyota avtomobillərinin işlənmiş detallarının satıldığı yerdir və orada qaimə faktura olmur həmin şəxs də gəlib ifadə verə bilər eyni zamanda həmin detalların işlənmişlərinin qiymətləri mütəxxəssis rəyləri vasitəsilə də müəyyən edilə bilər. Hansı ki, bunlar yeniləri ilə əvəz edilib həmin məbləğ də tələb edilə bilərdi. Ümumilikdə 3200+3348=6548 manatdan sığorta tərəfindən ödənilmiş 1620 manat çıxıldığında cəmi 4928 manat dəymiş zərər cavabdehlərdən onun xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən 4928 manat məbləğində maddi zərərin Cavabdeh1 və Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X5 10 dekabr 2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək onun iştirakı olmadan işə baxılmasını və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X5 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili X2 izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan 16.07.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan AD seriyalı 422625 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “X8” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 məxsusdur. İş materiallarında olan ƏN-V seriylı 434418 nömrəli etibarnamədən görünür ki, Cavabdeh2 özünə məxsus “Mercedes Benz B170” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün 9 il 1 ay müddətinə Cavabdeh1 etibar etmişdir. İş materiallarında olan 21.02.2021-ci il tarixli 041704 nəqliyyat vasitəsinin zədələnməsi barədə arayışdan görünür ki, Bakı şəhəri Neftçilər prospektində 21.02.2021ci il tarixdə 17:10-da Cavabdeh2 məxsus “Mercedes Benz B170” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq, Skoda markalı **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ və sol yan hissələrinə, “X8” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa yan tərəfinə zərər vurmuşdur. İş materiallarında olan 19.03.2021-ci il tarixli qüsur aktından görünür ki, “X8” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələri zədələnmişdir və təmirə yararlı olmadığı üçün yenisi ilə əvəz edilməlidir. Ehtiyyat hissələrinin və görüləcək işlərin məbləği 9024 manat təşkil edir. İş materiallarında olan AD seriyalı 973470 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mercedes Benz B170” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 məxsusdur. İş materiallarında olan 22.02.2021-ci il tarixli qüsur aktından görünür ki, “X8” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələri zədələnmişdir və təmirə yararlı olmadığı üçün yenisi ilə əvəz edilməlidir. Ehtiyyat hissələrinin və görüləcək işlərin məbləği 9024 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 16.11.2021-ci il tarixli 9/7810 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “Badamdar” Avtoservisin 22.02.2021-ci il tarixli və 19.03.2021-ci il qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “X8” markalı, **-DF- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6580 manat müəyyən edilir. Məhkəmə iclasında müəyyən olundu ki, 21.02.2021-ci il tarixdə Cavabdeh1 etibarnamə ilə idarə etdiyi Cavabdeh2 məxsus “Mersedec Benz B170” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq qəza törətmiş və nəticədə iddiaçıya məxsus “X8” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilə 9024 manat məbləğində maddi ziyan dəymişdir. Bakı Şəhəri BDYPİ-nin 21.02.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh1 İXM-nın 327.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı X1 mülkiyyətində olan avtomobilə dəymiş zərər rəsmi servis tərəfindən qüsur aktı tərtib edilməklə 9024 manat həcmində müəyyən edilmişdir. “Atəşgah" sığorta iddiaçıya 1620 manat ödəniş edilmişdir. Qalan ehtiyat hissələrinin əvəzinə isə 3200 manata az işlənmiş detallar almışdır. Beləliklə ümumilikdə 3200+3348=6548 manatdan sığorta tərəfindən ödənilmiş 1620 manat çıxıldıqda cəmi 4928 manat dəymiş zərər cavabdehlərdən onun xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24.04.2000-ci il tarixli Qərarında Mülki Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqazidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilməsi qeyd olunmuşdur. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə ilk olaraq qeyd edir ki, iddia tələbinin əsasını dəymiş maddi ziyan nəticəsində mülkiyyət hüququnun müdafiəsi tələb etməsi təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını əsas götürərək hesab edir ki, mülki hüquq pozuntusu nəticəsində maddi məsuliyyətin yaranması və zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi, iddiaçıya cavabdehlər tərəfindən maddi ziyanın vurulduğu, habelə ziyanın cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində vurulduğu və bu hərəkətlərlə ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu sübut olunur. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə görə vurulmuş zərər cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə təqdim edilən sübutlara qiymət verərək qeyd edir ki, məhkəmə baxışı zamanı aparılmış ekspertiza ilə vurulmuş zərərin həcmi 6580 manat müəyyən edilmiş, lakin iddia tələbi 4928 manat təşkil etmişdir. Belə ki, iddiaçı “Atəşgah" sığorta tərəfindən ödənilmiş 1620 manat vəsaiti vurulmuş zərərdən haqlı olaraq çıxmışdır. Belə olan halda iddia tələbi tam təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4928 manat məbləğində dəymiş zərər X1 xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri olan 30 manat dövlət rüsumu və 100 manat aparılmış tədqiqatın dəyəri cavabdehlərə aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4928 manat məbləğində dəymiş zərər X1 xeyrinə tutulsun. Məhkəmə xərcləri olan 30 manat dövlət rüsumu və 100 manat aparılmış tədqiqatın dəyəri cavabdehlərə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-3406/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3406/2021
10.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver