Məhkəmə qərarları › İş №2(007)-3417/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3417/2022

01.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3417/2022 01.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsi nin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 01 iyul 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC dən (hazırkı İddiaçı ASC) illik 22 faizlə 36 ay müddətinə 6000 manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2022-ci il oktyabr ayının 14-dək Cavabdeh banka 01 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə 446.01 manat əsas borc, 44.44 manat faiz borcu, 73.11 manat cərimə borcu və kredit müqaviləsinin bitdiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5%-lə hesablanmış 5.85 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 569.41 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənlərə əsasən, Cavabdeh Alvar qızından İddiaçı ASC-nin xeyrinə 01 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə 446.01 manat əsas borc, 44.44 manat faiz borcu, 73.11 manat cərimə borcu və kredit müqaviləsinin bitdiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5%-lə hesablanmış 5.85 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 569.41 manat kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 iyul 2019-cu il tarixli 11-MY-1-0-1562-19 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcluya illik 22 faizlə 36 ay müddətinə 6000 manat kredit verilmişdir. Cavabdeh müəyyən olunmuş müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 01 iyul 2019-cu il tarixli 11-MY-1-0-1562-19 saylı kredit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, borclu hər ayın 01-dən gec olmayaraq 36 ay müddətinə 229.14 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, 01 iyul 2019-cu il tarixli 11-MY-1-0-1562-19 saylı kredit müqaviləsi üzrə Cavabdehnun 446.01 manat əsas borc, 44.44 manat faiz borcu və kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən, xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 5.85 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 569.41 manat borcu vardır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli kassa məxaric qəbzindən görünür ki, Cavabdeh 6000 manat pulu qəbzə imza etməklə əldə etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, bank tərəfindən borcluya borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli ödəniş tapsırığından görünür ki, "xxxx" ASC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı 01 iyul 2019-cu il tarixli 11-MY-1-0-1562-19 saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməmiş, kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmişdir, hansı ki, o, iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmçinin, tərəflər arasında bağlanmış müqavilə ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, 01 iyul 2019-cu il tarixli 11-MY-1-0-1562-19 saylı kredit müqaviləsi üzrə 73.11 manat məbləğində cərimənin tələb olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğu üçün, həmin cərimənin məbləği azadılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 73.11 manat məbləğində dəbbə pulu azaldılmalı və 20 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınmasının zəruri olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək, Cavabdeh 01 iyul 2019-cu-cü il tarixli kredit müqaviləsi üzrə 446.01 manat əsas borc, 44.44 manat faiz borcu, 20 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən, xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 5.85 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 516.30 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh 01 iyul 2019-cu-cü il tarixli kredit müqaviləsi üzrə 446.01 manat əsas borc, 44.44 manat faiz borcu, 20 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 5.85 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 516.30 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar