Məhkəmə qərarları › İş №2(007)-3454/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-3454/2025

22.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3454/2025 22.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X1 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla “döyüş əməliyyatlarında iştirak faktını təsdiq etmə” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Ərizəçinin tələbi: Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla “döyüş əməliyyatlarında iştirak faktını təsdiq etmə” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş Ərizəçi xx.xx.1992-ci il tarixdən 22 dekabr 1992-ci il tarixlərinda Azərbaycan ordusunda, döyüşən orduda xidmət etməsi faktını hüququ əhəmiyyətli fakt olaraq tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər: Məhkəmə iclasında iştirak edən Ərizəçi oğlu ərizəsini müdafiə etdi və ərizənin təmin olunmasını xahiş etdi. Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, maraqlı şəxs olaraq Müdafiə Nazirliyinin göstərilməsini və Ərizəçi döyüş əməliyyatların iştirak faktının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməz olduğundan iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini xüsusi vurğulamışdır. Avropa Məhkəməsi “Bezımyannaya Rusiya Federasiyasına qarşı” iş üzrə 22 dekabr 2009cu il tarixli qərarında qeyd etmişdir ki, dövlətlərin məhkəmə sistemlərində ayrı-ayrı məhkəmələr arasında aidiyyət məsələlərini müəyyən edən meyarlar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə xidmət edir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər” haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması yolverilməzdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini xüsusi vurğulamışdır. Avropa Məhkəməsi “Bezımyannaya Rusiya Federasiyasına qarşı” iş üzrə 22 dekabr 2009cu il tarixli qərarında qeyd etmişdir ki, dövlətlərin məhkəmə sistemlərində ayrı-ayrı məhkəmələr arasında aidiyyət məsələlərini müəyyən edən meyarlar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 28 mart 2013- cü il tarixli Qərarında qeyd etmişdir ki, “Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. (...) hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. (...) Məhkəmə icraatının növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud ərizəçinin vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli Qərarı: “...14. Məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər.” Məhkəmənin mövqeyi: Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını və mövcud məhkəmə təcrübəsini nəzərə alaraq müəyyən edir ki, ərizəçinin tələbinin əsasını onun döyüş əməliyyatlarında iştirakı faktının məhkəmə tərəfindən təsdiqi nəzərdə tutulur. Lakin bu kimi faktların kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Məhkəmə mülki işin materiallarını tədqiq edərək belə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Nəticə: Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla “döyüş əməliyyatlarında iştirak faktını təsdiq etmə” tələbinə dair mülki iş üzrə icraata, işə məhkəmədə baxılmalı olmadığından, xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 262- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla “döyüş əməliyyatlarında iştirak faktını təsdiq etmə” tələbinə dair mülki iş üzrə icraata, işə ümumi məkhəmədə baxılmalı olmadığından, xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar