Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-95)-139/2026 13.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu Ərizəçi Azərbaycan Respublikası Müdafiə Nazirliyi maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi Ərizəçi Azərbaycan Respublikası Müdafiə Nazirliyi maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1993-cü ildən xx.xx.1993-cü il tarixədək 750 saylı, xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək 757 saylı, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının Suverənliyi və Azadlığı uğrunda gedən döyüşlərdə iştirak etməyi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə aşağıdakılara əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra “MPM”) 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 nömrəli Qərarının 1.6-cı bəndində də qeyd edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPMnin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalıdır. Qeyd olunan qanunvericilik normalarının tələbindən və Ali Məhkəmənin Plenumunun hüquqi mövqeyindən görünür ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilə bilməsi üçün bir sıra şərtə əməl edilməlidir. Bu şərtlərdən biri də, həmin faktları təsdiq edən lazımi sənədlərin ərizəçi tərəfindən başqa qaydada alına bilməməsi və bunu təsdiq edən sübutların ərizəyə əlavə edilməsidir. Belə sübut qismində də müvafiq faktı təsdiq edən və sənədi verən təşkilat tərəfindən belə faktı təsdiq etməkdən imtina etməsi nəzərdə tutulur. Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə isə məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalıdır. Ərizənin məzmunundan və ona əlavə edilən sənədlərdən görünür ki, ərizəçi müvafiq orqana məhkəmədən təsdiq olunmasını istədiyi faktla bağlı deyil, müharibə veteranı vəsiqəsi alması ilə bağlı müraciətini və imtinanı təsdiq edən sübutları iş materiallarına əlavə etmişdir. Halbuki, qanunvericliyin tələbinə uyğun olaraq ərizəçi hazırkı tələblə məhkəməyə müraciət etməzdən əvvəl müvafiq faktı təsdiq edən sənədlərin əldə edilməsi üçün müvafiq orqana müraciət etməli idi. Hazırkı iş materiallarında isə müvafiq faktın təsdiqindən imtina barədə sənədin deyil, hərbi xidmət barədə arxiv arayışının verilməsindən imtina barədə sənəd mövcuddur. Belə ki, ərizəyə əlavə edilmiş Hərbi Hissənin imtina məktubundan görünür ki, ərizəçinin döyüşlərdə iştirakı faktının təsdiq edilməsindən deyil, onun hərbi hissəni özbaşına tərk etdiyinə görə xidməti barədə arxiv arayışının verilməsindən imtina edilmişdir. İnzibati orqanın hərəkət və ya hərəkətsizliyinin mübahisələndirilməsi isə inzibati məhkəmə icraatı qaydasında həyata keçirilir. Beləliklə, ərizəçi müəyyən olunmasını istədiyi faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsini sübut edən məlumatları və sənədləri təqdim etmədiyi üçün məhkəmə ərizəni geri qaytarmalıdır. MPM-in 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı .... ərizədə göstərilməlidir. MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi qaytarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə qanunvericiliyin tələblərinə əməl edilmədən məhkəməyə təqdim edildiyi üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bundan başqa, ərizə qaytarıldığından, ərizəçi tərəfindən xx.xx.2026-cı il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 101 AZN (bir yüz bir manat) dövlət rüsumu da ona qaytarılmalıdır. Belə ki, MPM-in 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Bununla belə məhkəmə nəzərə çatdırır ki, MPM-in 152.4-cü maddəsinə əsasən, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı Ərizəçinın Azərbaycan Respublikası Müdafiə Nazirliyi maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçi tərəfindən xx.xx.2026-cı il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 101 manat (bir yüz bir manat) dövlət rüsumu ona geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov
Məhkəmə qərarları › İş №2(5-95)-139/2026
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(5-95)-139/2026
13.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver