Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-347/2022 21.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması, təhvil verilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması, təhvil verilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun sahiblik və istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74K ünvanında yerləşən qeyri-yaşayış binasının zəbt olunmuş 340,15 kv.metr hissəsindən Cavabdeh çıxarılması, boşaldılmış qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi, cavabdeh tərəfindən iddiaçıya vurulmuş 1000 manat məbləğində maddi ziyan və 500 manat məbləğində mənəvi zərərin iddiaçının xeyrinə tələb edilib ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74K ünvanında yerləşən, ümumi sahəsi 188,1 kv.metr təşkil edən qeyri-yaşayış binası xüsusi mükiyyət hüququ əsasında ona məxsusdur. Həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququ Bakı Ərazi İdarəsi tərəfindən 29.09.2011-ci il tarixdə qeydiyyata alınmaqla bu barədə ona seriya RX, 02708413 nömrəli çıxarış və texniki pasport verilmişdir. Bundan sonra zərurət yarandığından istifadəsində olan torpaq sahəsi üzərindəki qeyri-yaşayış binasını 340,15 kv.metr genişləndirməklə əlavə tikinti işi aparmış, hal-hazırda ona məxsus olan qeyri-yaşayış binasının ümumi sahəsi 528,25 kv.metr təşkil edir. Əlavə tikililərin aparıldığı qeyri-yaşayış binasının eskiz layihəsi lisenziya əsasında fəaliyyət göstərən layihə idarəsi tərəfindən işlənilmiş və qeyri-yaşayış binasının eskiz layihəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbinə müvafiq olaraq Nizami rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilməklə layihə razılaşdırılmışdır. Eyni zamanda iddiaçı tərəfindən qeyri-yaşayış binasına əlavə tikililər istifadəsində olan torpaq sahəsində aparılmış, tikinti zamanı istifadəsində olan torpaq sahəsindən kənara çıxılmamışdır, istifadəsində olan həmin torpaq sahəsinin ölçüsü qeyri-yaşayış binası özəlləşdirilərkən çıxarışla bərabər qeyri-yaşayış binasına dair ona verilmiş texniki pasportda göstərilmişdir. Qeyd olunanlarla yanaşı onun mülkiyyətində olan qeyri-yaşayış obyektinin genişləndirilməsi üçün maddi imkanı olmadığı üçün 2019-cu ilin avqust ayında yaxın münasibətdə olduğu Cavabdeh qeyri-yaşayış obyektinin çıxarışına əsasən qəbz əsasında 150 min manat borc pul alıb, əlavə tikintiləri aparmışdır. Həmin vaxtı Azər qarşısında tikinti tam başa çatandan sonra, yəni 17.08.2020-ci il tarixdə pulu qaytaracağına dair öhdəlik götürmüşdür. Həmin tarixədək əlavə tikintiləri başa çatdırsa da, maddi imkanı olmadığı üçün borcu qaytara bilməmişdir. Bundan sonra da maddi vəziyyəti düzəlmədiyi üçün Azərin borcunu qaytara bilməmişdir. Borcu qaytara bilmədiyinə görə 2021-ci ilin iyun ayında Azər qeyri-yaşayış binasının əlavə tikinti aparılan 340,15 kv.metr hissəsini zəbt edib, qeyri-yaşayış obyektindən istifadə etməyə ona imkan vermir. Qeyriyaşayış binasının zəbt etdiyi hissəsini dəfələrlə boşaltmağı tələb və xahiş etsə də, onun xahişinə məhəl qoymayaraq borcun dərhal ödənilməsini tələb edir, əks təqdirdə zəbt etdiyi sahədən heç vaxtı çıxmayacağını bildirmişdir. Həmin vaxtdan bu günə kimi cavabdeh bu qanunsuz hərəkətləri ilə obyektdən istifadə etməyinə imkan vermədiyi üçün iddiaçını 1000 manat məbləğində gəlirdən məhrum etməklə maddi ziyan vurmuşdur. Eyni zamanda bu müddət ərzində onun özbaşınalığı, dəfələrlə binanın zəbti ilə bağlı aralarında baş vermiş münaqişə və mübahisə nəticəsində ona 500 manat məbləğində mənəvi zərər vurmuşdur. Azər zəbt etdiyi qeyri-yaşayış sahəsini könüllü boşaltmaqdan imtina etdiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O hesab edir ki, onun qeyriqanuni hərəkətləri iddiaçının mülkiyyətində olan daşınmaz əmlak üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarımın həyata keçirilməsinə imkan vermir, mülkiyyətin toxunulmazlılğı ilə bağlı Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilmiş hüquqlarını kobudcasına pozur, ona görə də Cavabdeh zəbt etdiyi qeyri-yaşayış sahəsindən məhkəmə qaydasında çıxarılmalıdır. Cavabdeh məhkəməyə 05.01.2022-ci il tarixdə ərizə ünvanlayaraq iddia tələbini qismən etiraf edərək iddiaçının borcundan 50000 manat hissəsini notarius vasitəsi ilə ona ödədiyini və yerdə qalan 100000 manatı 15 fevral 2022-ci il tarixədək verəcəyinə söz verdiyini, buna görə də İddiaçı məxsus obyekti boşaldıb tərk edəcəyini, iddiaçının 1000 manat maddi ziyan və 500 manat mənəvi zərər tələbini qəbul etmədiyini bildirdi və iddia tələbinin həmin hissəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, iddiaçı ilə cavabdeh dost olmuşlar. Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 74 K ünvanında yerləşən, ümumi sahəsi 188.1 kv.metr təşkil edən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüquqi əsasında iddiaçıya məxsusdur. İddiaçının istifadəsində olan torpaq sahəsinin üzərində 340.15 kv.metr genişləndirməklə əlavə tiklinti aparmışdır. İddiaçı mülkiyyətində olan qeyri-yaşayış obyektinin genişləndirilməsi üçün maddi imkanı olmadığı üçün 2019-cu ilin avqust ayında cavabdehdən qeyri-yaşayış obyektinin çıxarışına əsasən qəbz əsasında 150000 manat pul almışdır və cavabdehə qarşısında tikinti başa çatandan sonra, yəni 17.08.2020-ci il tarixdə pulu qaytaracağını bildirmişdir. İddiaçı tikintini başa çatdırsa da, pandemiya ilə bağlı, mağazalar işlədiyi üçün borcunu qaytara bilməmişdir. Cavabdeh 2021-ci ilin iyun ayından qeyri yaşayış sahəsinin 340.15 kv.metrini zəbt edərək iddiaçının istifadəsinə imkan vermir. İddiaçı 2022-ci il yanvarın axırınadək borcunu tam ödəmək üçün çalışır. O etiraf edir ki, cavabdeh pulu vermiş, iddiaçı da obyekti tikmişdir. O həmçinin qeyd edir ki, iddiaçı cavabdehə olan 150000 manat borcundan 50000 manatı notarius vasitəsi ilə ona qaytarmış, yerdə qalan 100000 manatı 15.02.2022-ci il tarixədək verəcəyinə söz vermiş və götürdüyü öhdəliyi notarius qaydasında rəsmiləşdirmişdir. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, bu məsələ 2019-cu il tarixdə olmuşdur. Onlar çox yaxın dost olmuşlar. İddiaçı ondan pul istəmiş və o da iddiaçıya 150000 manat pul vermişdir. İddiaçı ona demədən başlarına bir iş gələr deyə özü qəbz yazdırmış, o, heç həmin sənədləri ayıb olmasın deyə götürməmişdir. O, iyun ayında ora getdiyini, sahənin tikilib qurtardığını, oradakı işləyən fəhlələri çıxartdığını, iddiaçının onun pulunu qaytarması, əvəzində də onun açarları iddiaçıya verməsi üçün qıfılları dəyişdiyini bildirdi. O həmçinin iddiaçının borcundan 50000 manatı notarius vasitəsi ilə ödədiyini və yerdə qalan 100000 manatı 15 fevral 2022-ci il tarixədək verəcəyinə söz verdiyini, İddiaçı bununla bağlı götürdüyü öhdəliyi notarius qaydasında rəsmiləşdirdiyini, iddiaçının iddia ərizəsində qeyd etdiyi maddi və mənəvi ziyana dair 1500 manat tələbini qəbul etmədiyini qeyd etdi. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 17.08.2019-cu il tarixli qəbzdən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74K ünvanında yerləşən seriya MA ******* saylı çıxarışa əsasən Cavabdeh 150.000 pulu götürmüş, pulu götürməkdə məqsədi DƏDRX-nin Bakı Ərazi İdarəsindən ona verilmiş sahəsi 188.1 kv.metr olan qeyri-yaşayış sahəsində əlavə tikinti işləri aparmaq, yeni layihəyə uyğun olaraq 528 kv.m. tikilini başa çatdırmaq olduğunu, tikinti başa çatdıqdan sonra yəni 17.08.2020-ci ilə Cavabdeh tam pulunu qaytaracağına söz verdiyini, puluna tam cavabdehlik daşıdığını, fors-major hallarının buna aidiyyatı olmadığını bildirmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74K ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 29.09.2011-ci il tarixdə qeydə alınmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74K ünvanında yerləşən, ümumi sahəsi 188,1 kv.metr təşkil edən qeyri-yaşayış binası xüsusi mükiyyət hüququ əsasında İddiaçı məxsusdur. Həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququ Bakı Ərazi İdarəsi tərəfindən 29.09.2011-ci il tarixdə qeydiyyata alınmaqla bu barədə ona RX seriyalı, 02708413 nömrəli çıxarış verilmişdir. Bundan sonra zərurət yarandığından istifadəsində olan torpaq sahəsi üzərindəki qeyriyaşayış binasını 340,15 kv.metr genişləndirməklə əlavə tikinti işi aparmış, hal-hazırda ona məxsus olan qeyri-yaşayış binasının ümumi sahəsi 528,25 m2 təşkil edir. Əlavə tikililərin aparıldığı qeyri-yaşayış binasının eskiz layihəsi lisenziya əsasında fəaliyyət göstərən layihə idarəsi tərəfindən işlənilmiş və qeyri-yaşayış binasının eskiz layihəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbinə müvafiq olaraq Nizami rayon İcra Htərəfindən təsdiq edilməklə layihə razılaşdırılmışdır. Qeyd olunanlarla yanaşı İddiaçı mülkiyyətində olan qeyri-yaşayış obyektinin genişləndirilməsi üçün 2019-cu ilin avqust ayında yaxın münasibətdə olduğu Cavabdeh qeyri-yaşayış obyektinin çıxarışına əsasən qəbz əsasında 150 min manat borc pul alıb, əlavə tikintiləri aparmışdır. Həmin vaxtı Cavabdeh qarşısında tikinti tam başa çatandan sonra, yəni 17.08.2020-ci il tarixdə pulu qaytaracağına dair öhdəlik götürmüşdür. Həmin tarixədək əlavə tikintiləri başa çatdırsa da, borcu qaytara bilməmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı borcundan 50.000 manat hissəsini notarius vasitəsi ilə ödəmiş və yerdə qalan 100.000 manat hissəsini isə 15 fevral 2022-ci il tarixədək qaytaracağına söz vermiş, buna görə də Cavabdeh İddiaçı məxsus obyekti boşaldıb tərk edəcəyini bildirmişdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 15.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərək və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74K ünvanında yerləşən, ümumi sahəsi 188,1 kv.metr təşkil edən qeyri-yaşayış binası xüsusi mükiyyət hüququ əsasında İddiaçı məxsusdur. O, Cavabdeh 150.000 pulu götürmüş, borcu qaytara bilmədiyinə görə 2021-ci ilin iyun ayında Cavabdeh qeyri-yaşayış binasının əlavə tikinti aparılan 340,15 kv.metr hissəsini zəbt etmiş və qeyri-yaşayış obyektindən istifadə etməyə ona imkan verməmişdir. Daha sonra Cavabdeh məhkəməyə 05.01.2022-ci il tarixdə ərizə ünvanlayaraq iddiaçının borcundan 50000 manatı notarius vasitəsi ilə ödədiyini və yerdə qalan 100.000 manatı 15 fevral 2022-ci il tarixədək verəcəyinə söz verdiyini, buna görə də İddiaçı məxsus obyekti boşaldıb tərk edəcəyini, iddiaçının 1000 manat maddi ziyan və 500 manat mənəvi zərər tələbini qəbul etmədiyini bildirdi və iddia tələbinin həmin hissəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə həmçinin yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edərək qeyd edir ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74K ünvanında yerləşən qeyri-yaşayış binasının xüsusi mükiyyət hüququ əsasında İddiaçı məxsus olduğunu etiraf etmiş və oranı tərk edəcəyini bildirmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı iddia tələbinin “onun sahiblik və istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74K ünvanında yerləşən qeyri-yaşayış binasının zəbt olunmuş 340,15 kv.metr hissəsindən Cavabdeh çıxarılması, boşaldılmış qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi” hissəsi təmin edilməlidir. Məhkəmə, İddiaçı iddia tələbinin “cavabdeh tərəfindən iddiaçıya vurulmuş 1000 manat məbləğində maddi ziyanın iddiaçının xeyrinə tələb edilib ödənilməsi” hissəsi ilə bağlı bildirir ki, İddiaçı 1000 manat pulu tələb etməsinə baxmayaraq o, cavabdehin onun obyektdən istifadə etməyinə imkan vermədiyi üçün ona hansı qaydada və məbləğdə ziyanın vurulmasını barədə məhkəməyə əsaslı sübutlar təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissələrdə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “maddi zərərə” görə 500 manat məbləğində mənəvi zərərin iddiaçının xeyrinə tələb edilib ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbinin bu hissəsi əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iddiaçı Cavabdeh mənəvi zərərə görə 500 manat tələb etməsinə baxmayaraq məhz cavabdehin hərəkətləri nəticəsində onun mənəvi istirab və sarsıntı keçirməsini əsaslandıra bilməmiş, tələbinin əsası olaraq məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı sahiblik və istifadəsində olan Baki şəhərı̇ , Nı̇ zami rayonu, Qara Qarayev prospekti 74K ünvanında yerləşən qeyriyaşayış binasının zəbt olunmuş 340,15 kv.metr hissəsindən Cavabdeh çıxarılmalı, obyekt boşaldılaraq İddiaçı təhvil verilməli, iddia tələbi qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri qismində iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı sahiblik və istifadəsində olan Baki şəhərı̇ , Nı̇ zam rayonu, Qara Qarayev prospekti 74K ünvanında yerləşən qeyri-yaşayış binasının zəbt olunmuş 340,15 kv.m hissəsindən Cavabdeh çıxarılsın, obyekt boşaldılaraq İddiaçı təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-347/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-347/2022
21.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver