Məhkəmə qərarları › İş №2(007)-3501/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3501/2021

29.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3501/2021 29.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 88 manat 20 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun və 40 qəpik məbləğində bank xidməti haqqının, ümumilikdə 258 manat 20 qəpik məbləğində pulun İddiaçı MMCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının "Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 22 avqust 2005ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə Bakı şəhərinin müxtəlif rayonlarında, həmçinin Nizami rayonunda kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Lakin, Nizami rayonu ərazisində son zamanlar bir çox vətəndaşlar “AG Telekom" MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq “KATV1”-ə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə “AG Telekom" MMC tərəfindən "xxxx" hüquq firması ilə 15.05.2008-ci il, 15.03.2011-ci il, 01.10.2014-cü il, 29.03.2015-ci il və 04.01.2018-ci il tarixlərdə (5 illik) hüquqi yardım göstərilməsi barədə müqavilələr imzalanmışdır. İddia ərizəsinə əlavə olunmuş 06.03.2017-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil 2010-cu ilin oktyabr ayından 2015-ci ilin may ayınadək cavabdehə məxsus olub. 30.04.2013-cü il tarixdə "xxxx" hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 1392 KA saylı akt tərtib olunmuşdur. Birinci qanunsuz qoşulma aşkar edilənədək həmin ünvana son baxış 05.01.2013-cü il tarixdə keçirilmişdir. Daha sonra 12.09.2015-ci il tarixdə "xxxx" hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 4264 saylı akt tərtib olunmuşdur. İkinci qanunsuz qoşulma aşkar edilənədək həmin ünvana son baxış 18.03.2015-ci il tarixdə keçirilmişdir. Belə olan halda, yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində “AG Telekom" MMC-yə maddi ziyan dəymişdir. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat və 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. 05.01.2013-cü il tarixdən qanunsuz qoşulma barədə birinci aktın tərtib olunduğu 30.04.2013-cü il tarixə qədər olan müddət 116 gün təşkil edir. Həmin ünvana son baxış keçirildiyi 18.03.2015-ci il tarixdən qanunsuz qoşulma barədə birinci aktın tərtib olunduğu 12.09.2015-ci il tarixə qədər olan müddət 178 gün təşkil edir. Ümumilikdə isə qanunsuz qoşulmanın müddəti 294 gün təşkil edir. Bu isə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərti ilə 88 manat 20 qəpik təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Belə ki, "AG Telekom” MMC ilə "xxxx" hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 150 (yüz əlli) manat pul ödəyir. Qeyd olunanlara əsasən Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 88 manat 20 qəpik abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun, ümumilikdə 258 manat 20 qəpik məbləğində pulun tutulub iddiaçı "AG Telekom” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, onun dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi Nümayəndə izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: DİN-in BPQMİ-nin MAPS şöbəsinin 18.05.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, ev 43, mənzil 23 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departmenti Nizami rayon MKTB-nin 88 saylı Mənzil Kommunal İstismar Sahəsinin 807 nömrəli 28.10.2015-ci il tarixli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 37 saylı evin 89 saylı mənzilində qeydiyyatda olmuşdur. İddiaçı MMC-nin 15 mart 2011-ci il tarixli 02 saylı müqavilə əsasında hüquqi xidmət göstərən "xxxx" MMC-nin əməkdaşı X4 İddiaçı MMC “KATV1”-in əməkdaşı X3 Nazirliyinin nümayəndəsi S.Məmmədov tərəfindən tərtib olunmuş 30 aprel 2013-cu il tarixli 1392 KA №-li aktdan görünür ki, qeyd olunan tarixdə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 37 ünvanında kabel şəbəkəsinə baxış keçirilən zaman həmin binanın 89 saylı mənzilinin sakininin “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir. Mənzilin qapısını açan olmamışdır. İddiaçı MMC-nin 31 mart 2011-ci il tarixli 001 saylı müqavilə əsasında hüquqi xidmət göstərən "xxxx" MMC-nin əməkdaşı X6 İddiaçı MMC “KATV1”-in əməkdaşı X1 Nazirliyinin nümayəndəsi S.Məmmədov tərəfindən tərtib olunmuş 12 sentyabr 2015-ci il tarixli 4264 N №-li aktdan görünür ki, qeyd olunan tarixdə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 37 ünvanında kabel şəbəkəsinə baxış keçirilən zaman həmin binanın 89 saylı mənzilinin sakininin “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir. Mənzilin sakini akta imza çəkməmişdir. 06.03.2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, 43 saylı evin, 23 saylı mənzilini 70. 000 manata X2 satmışdır. İddiaçı MMC-nin 03 may 2021-ci il tarixli arayışından görünür ki, ünvan 4, 1392KA saylı akt tərtib olunana qədər sonuncu dəfə 05.01.2013-cü il tarixində həmin binaya baxışı keçirilmişdir. İddiaçı MMC-nin 03 may 2021-ci il tarixli arayışından görünür ki, ünvan 4, 4264 N saylı akt tərtib olunana qədər sonuncu dəfə 18.03.2015-ci il tarixində həmin binaya baxışı keçirilmişdir. İddiaçı MMC-nin 03 may 2021-ci il tarixli arayışından görünür ki, ünvan 4 ünvanında, KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə analoq yayım ilə 17.10.2006-cı il tarixindən başlanılmışdır. İddiaçı MMC-nin arayışından görünür ki, İddiaçı MMC-nin “KATV1” Kabel televiziyası xidmətinin bir teleqəbuledici üçün aylıq abunə haqqı xidməti 31.08.2015-ci il tarixinədək 9 manat, 01.09.2015-ci il tariindən etibarən 10 manat təşkil edir. Hər əlavə qoşulan teleqəbuledici üçün isə aylıq abunə haqqı xidməti 2 manatdır. 07.07.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" MMC-nin hesabına 150 manat vəsait ödənilmişdir. 11.06.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC məhkəməyə müraciət etmək üçün 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə əsasən telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 dekabr 2005-ci il tarixli 227 nömrəli qərarı ilə təsdiq edilmiş “Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə qaydaları”nın 6.3-cü maddəsinə əsasən dəymiş maddi ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməyi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, cavabdehin Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericiliyin normalarını pozan hərəkəti nəticəsində “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən iddiaçıya maddi ziyan dəymiş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Bundan başqa, qeyd edilməlidir ki, iddiaçının kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma faktı abonentlə iddiaçı arasında müqavilə münasibətlərinə son qoyulduqdan sonra baş verdiyi üçün iddia tələbinin məhz həmin dövrdə mənzilin mülkiyyətçisi olmuş cavabdehə yönəldilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 30.04.2013-cü il tarixdə "xxxx" hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 1392 KA saylı akt tərtib olunmuşdur. Birinci qanunsuz qoşulma aşkar edilənədək həmin ünvana son baxış 05.01.2013-cü il tarixdə keçirilmişdir. 12.09.2015-ci il tarixdə "xxxx" hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 4264 saylı akt tərtib olunmuşdur. İkinci qanunsuz qoşulma aşkar edilənədək həmin ünvana son baxış 18.03.2015-ci il tarixdə keçirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəfindən təqdim olunmuş CD diskə baxış zamanı müəyyən olundu ki, 12.09.2015-ci il tarixdə ünvan 4-a baxış keçirilərkən mənzilin sakini qapını açmamışdır. Həmin mənzilə daxil olan kənar kabel isə binanın damından sallanaraq pəncərədən mənzilə keçirilmişdır. Belə olan halda, qanunsuz qoşulma nəticəsində “AG Telekom" MMC-yə maddi ziyan dəymişdir. Məhkəmə iclasında təqdim olunmuş arayışdan göründüyü kimi, Məhdud Məsuliyyətli Cəmiyyətin “KATV1” kabel televiziyası xidmətinin bir teleqəbuledici üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 manat, 01 sentyabr 2015-ci il tarixdən etibarən isə 10 manat təşkil edir. Hər əlavə qoşulan teleqəbuledici üçün isə aylıq abunə haqqı xidməti 2 manatdır. Məhkəmə qeyd edir ki, akt hər hansı hərəkət və faktı təsdiq edən sənəddir və tərtib edilmiş hər akt bir faktı təsdiq edir. İddiaçı tərəfindən nümayəndəyə hüquqi xidmət haqqı kimi 150 manat məbləğində pulun ödənilməsi tələb edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi iddiaçı tərəfindən nümayəndəyə hüquqi xidmət haqqı kimi 150 manat məbləğində pulun ödənilməsi hissəsində qismən təmin edilməli, nümayəndəyə hüquqi xidmət haqqı kimi 50 manat müəyyən edilməlidir. Eyni zamanda, iş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbindən görünür ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən nümayəndəyə hüquqi xidmət haqqı kimi 50 manat və 20 manat dövlət rüsumu Cavabdeh aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, obyektiv, qərəzsiz hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 88 manat 20 qəpik, abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 50 manat, dövlət rüsumu üçün ödənilmiş 20 manat, ümumilikdə 158 manat 20 qəpik manat borc Cavabdeh alınaraq İddiaçınə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 88 manat 20 qəpik abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 50 manat, dövlət rüsumu üçün ödənilmiş 20 manat, ümumilikdə 158 manat 20 qəpik borc Cavabdeh alınaraq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar