Məhkəmə qərarları › İş №2(007)-3503/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3503/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3503/2021 03.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyev Xədicə Rəşid qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 08.06.2020-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün 36 ay müddətinə illik 29,5% ödəmək şərtilə 3500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 30.07.2021-ci il tarixinə "xxxx" KB ASC-yə 3428,70 manat əsas, 970,19 manat faiz, 42,81 manat cərimə, cəmi 4441,70 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən cavabdehdən iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 3428,70 manat əsas, 970,19 manat faiz, 42,81 manat cərimə, cəmi 4441,70 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 19 oktyabr 2021-ci il tarixli iclasında iddiaçı “X1” ASC-nin nümayəndəsi iddia ərizəsini müdafiə etdiyini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı “X1” ASC-nin nümayəndəsi 01.11.2021-ci 27.09.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsini müdafiə etdiklərini məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh izahatında bildirdi ki, iddia tələbini qəbul edir. O kredit götürmüşdür. Pandemiyaya görə gecikməsi olmuşdur. Onun əsas işi xaricdə olduğundan o, şəhərdə olmamışdır. Bu səbəbdən məlumatı olmamışdır. Hazırda taksi sürücüsü işləyir. Maddi vəziyyəti yaxşı deyil. Məhkəmə tərəflərin izahatlarını, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan “X1” ASC ilə Cavabdeh arasında bağlanmış 08.06.2020-ci il tarixli 1168nkNFT/20 nömrəli kredit və bank hesabı müqaviləsindən görünür ki, Cavabdeh istehlak məqsədləri üçün 36 ay müddətinə illik 29,5% ödəmək şərtilə 3500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan “X1” ASC ilə Cavabdeh arasında bağlanmış 08.06.2020-ci il tarixli 1168nkNFT/20 nömrəli kredit və bank hesabı müqaviləsinin 3.7.1-ci bəndindən görünür ki, borc alan krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən az 2 dəfə 5 təqvim günündən çox pozduqda bank müqaviləyə vaxtından əvvəl xitam vermək və hesablanmış faizi qalan kredit məbləği ilə birlikdə borc alandan tələb etmək hüququna malikdir. İş materiallarında olan “X1” ASC ilə Cavabdeh arasında bağlanmış 08.06.2020-ci il tarixli 1168nkNFT/20 nömrəli kredit və bank hesabı müqaviləsinin ödəniş cədvəlindən görünür ki, borclu 36 ay müddətinə hər ayın 08-dən gec olmayaraq 148 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “X1” ASC-nin 18.06.2021-ci il tarixli bildirişdən görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 08.06.2020-ci il tarixli 1168nkNFT/20 saylı kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" KB ASC-yə 3428,70 manat əsas, 851,74 manat faiz, 32,82 manat cərimə, cəmi 4313,26 manat borcu vardır. Kredit müqaviləsi üzrə borcun 3 iş günü müddətində tam ödənilməsi təmin edilməlidir. Əks təqdirdə, bank borcun və onun üçün çəkilən xərclərin qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəkdir. İş materiallarında olan 30.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 1168nkNFT/20 saylı kredit və bank hesabı müqaviləsi üzrə 3428,70 manat əsas, 970,19 manat faiz, 42,81 manat cərimə, cəmi 4441,70 manat borcun “X1” ASC-yə borcu vardır. İş materiallarında olan 30.07.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, “X1” ASC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göründüyü kimi Cavabdeh məhkəmə iclasında verdiyi izahatında ona qarşı verilmiş iddianı tam qəbul etdiyini bilbirmişdir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək, cavabdehin iddianı etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3428,70 manat məbləğində əsas borc, 970,19 manat məbləğində faiz borcu, 42,81 manat cərimə, cəmi 4441,70 manat borc və dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumu “X1” ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3428.70 manat məbləğində əsas borc, 970.19 manat məbləğində faiz borcu, 42.81 manat cərimə, cəmi 4441.70 manat borc və dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumu “X1” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar