Məhkəmə qərarları › İş №2(007)-353/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-353/2022

10.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-353/2022 10.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 7506 manat əsas, 268,65 manat faiz, 44,48 manat cərimə, cəmi 7819,13 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 98,20 manat və 40 qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 21.04.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 7% ödəmək şərtilə 7506 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə, cavabdehin kredit müqaviləsi üzrə 26.10.2021-ci il tarixinə "xxxx" KB ASC-yə 7506 manat əsas, 268,65 manat faiz, 44,48 manat cərimə, cəmi 7819,13 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edib, ərizəyə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, kredit müqaviləsi üzrə yaranmış 44,48 manat məbləğində cərimə borcunun cavabdehdən tutulması məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında Cavabdeh verdiyi iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, kredit götürdükdən 5-6 ay sonra dolların manata nisbətdə dəyəri qalxmış və daha çox məbləğdə ödəniş etməli olmuşdur. Ödənişlərini edirmiş. Prezidentin sərəncamı ilə onun borcu restrukturizasiya edildikdən sonra ona 3600 manat pul geri qaytarılmışdır. Əgər onun borcu var idisə, həmin pulun ona geri qaytarılması səbəbini anlamır. Göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -"xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 21 aprel 2021-ci il tarixli 2138nkNFT/21 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 60 ay müddətinə, illik 7 faiz ödəmək şərti ilə 7506 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - 26 avqust 2021-ci il tarixli bildirişdən görünür ki, cavabdeh, yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşdur; - 26 oktyabr 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" KB ASC tərəfindən 98,20 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir; -"xxxx" KB ASC-nin 26 oktyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh əsas məbləğ üzrə borcu 7506 manat, faiz üzrə borcu 268,65 manat, 44,48 manat cərimə borcu olmaqla, cəmi 7819,13 manat borcu vardır. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21 aprel 2021-ci il tarixli 2138nkNFT/21 saylı kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" KB ASC tərəfindən 60 ay müddətinə, illik 7 faiz olmaqla 7506 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, kredit vəsaiti onun tərəfindən alınmışdır. Lakin cavabdeh kredit borcunun ödənilməsi ilə bağlı müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh iddiaçı "xxxx" KB ASC ilə bağladığı 21 aprel 2021-ci il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl edib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, ona görə iddia tələbi əsaslıdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir. İş materiallarına əlavə edilmiş 26 oktyabr 2021-ci il tarixli maliyyə arayışından göründüyü kimi Cavabdeh 26 oktyabr 2021-ci il tarixə "xxxx" KB ASC-yə 7506 manat əsas və 268,65 faiz borcu vardır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissələrdə təmin edilməlidir. MM-in: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, cavabdehin mənafeyini, həmçinin iddiaçı tərəfin iddia tələbinin “cərimənin tutulması” hissəsini məhkəmənin mülahizəsinə buraxmasını nəzərə alaraq, hesab edir ki, 44,48 manat məbləğində cərimə borcu cavabdehə güzəşt edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 21 aprel 2021-ci il tarixli 2138nkNFT/21 saylı kredit müqaviləsi üzrə 7506 manat əsas borc, 268,65 manat faiz borcu olmaqla, cəmi 7774,65 manat borc Cavabdeh "xxxx" X3 Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 21 aprel 2021-ci il tarixli 2138nkNFT/21 saylı kredit müqaviləsi üzrə 7506 manat əsas borc, 268,65 manat faiz borcu olmaqla, cəmi 7774,65 manat borc və ödənilmiş 98,20 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi Cavabdeh "xxxx" X3 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar