Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3554/2022 27.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-2821/2020 saylı qətnaməsi ilə cavabdehin qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında müəyyən edilmiş alimentin dəyişdirilərək övladları xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatana kimi hər ay hər uşağa 200 manat sabit pul məbləğində olmaqla iki uşağa ümumilikdə 400 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2011-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyalı qurmuş, rəsmi nikahdan X3 və X4 adında iki övladları anadan olmuşdur. Cavabdeh ailəyə və uşaqlara heç bir maddi dəstək göstərmədiyi üçiin 2020-ci il tarixdə "aliment” tələbinə dair Nizami rayon Məhkəməsində iddia qaldırmış, Məhkəmənin xx.xx.2020-ci il tarixli 2(007)-2821/2020 saylı qətnaməsi ilə iddia təmin olunmuş, Cavabdeh qazancının və (başqa gəlirlərinin) üçdə biri hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi qət edilmişdir Cavabdeh cari ilin mart ayına kimi alimenti ödəmiş, daha sonra isə aliment öhdəliyini könüllü olaraq yerinə yetirməkdən imtina etmişdir. Hazırda övladlarından Yusif Məmmədov astma bronxial xəstəliyindən ciddi əziyyət çəkir. O, onu ildə iki dəfə Bakı şəhəri 5 nömrəli xəstəxanada müalicə etdirir. Artıq maddi imkansızlıq ucbatından övladını müalicə etdirə bilmir, müxtəlif qohumlarının maddi köməkliyi ilə yaşayır. Həyat şəraitləri həddindən artıq ağır və acınacaqlıdır, heç bir yerdən maddi gəlir yeri yoxdur. Həkimlərin məsləhəti ilə övladı vaxtında müayinə və müalicə olunmasa səhhəti daha da ağırlaşar və daha ağır fəsadlar verər. O, maddi vəziyyəti ağır olduğu üçün həkimlərin yazdığı dərman ləvazimatlarını ala bilmir. Övladının bu halı onu həddindən artıq ciddi narahat edir. Övladını müalicə etdirə bilmədiyi üçün bir ana kimi ciddi psixoloji sarsıntı və əzab keçirir, cavabdeh isə övladları ilə ümumiyyətlə maraqlanmır, onları atıb getmiş hətta aliment ödəmir. Hazırkı vaxtda azyaşlı övladını bu məbləğlə saxlaya bilmir. Övladlarının müalicə, təhsil və digər xərclərini qarşılamağa maddi imkanı çatmır. Cavabdeh isə onlara əlavə xərclərə görə heç bir maddi köməklik göstərmir. Nəticədə məcburiyyət qarşısında qalaraq alimentin miqdarının artırılması tələbi barədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş, İddiaçı məhkəməyə ərizə ünvanlayaraq uşağı xəstə olduğu üçün məhkəmə prosesinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, iddiaçı və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh Fövqəlada Hallarda işlədiyi vaxtda onun əmək haqqısının 1/3 hissəsi miqdarında, yəni 350 manat alimet ödəyirdi, hal-hazırda işləmir və aliment ödəmir. O, özü də işləmir, uşaqların saxlanılmasında onun valideynləri ona köməklik edir. Övladı Yusif xəstədir və bununla bağlı sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh birgə nikahda olduqları müddətdə xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. iddiaçı cavabdehlə nikahda olduqları müddətdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(007)-2821/2020 saylı qətnaməsi ilə, iddia tələbi təmin edilmiş, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh qazancının və ya (başqa gəlirlərinin) üçdə biri hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda uşaqların saxlanması üçün iddiaçı, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün 200 manat (iki yüz) məbləğində müəyyən edilməsini xahiş edir. İddiaçı məhkəməyə müraciət etməzdən öncə qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2022-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2021-ci il tarixli Qanununa əsasən 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, iddia tələbinin alimentin alınması hissədə tam təmin edilməsi, uşaqların saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşaqların saxlanılması üçün yalnız atanın (cavabdehin) maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər uşaq üçün 200 manat miqdarında müəyyən etmək Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun olmazdı. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Məhkəmə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşaqların mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2020ci ildə müəyyən edilmiş alimentlə uşaqları saxlamaqda çətinlik çəkir. Hazırda isə yaşayış minimumu məbləği artırılmışdır. Qeyd olunanlara əsasən, uşaqların saxlanılması üçün zəruri olan maddi təminatın həm də iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 185 manat olmaqla, ümumilikdə, 370 manat sabit pul məbləğində aliment müəyyən olunmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən xx.xx.2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Məmmədov Yası̇ n Həsənxan oğlundan yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-2821/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Məmmədov Yası̇ n Həsənxan oğlundan qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər biri üçün 185 manat olmaqla ümumilikdə 370 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü, 119.2-ci maddələrinə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci, 36.2-ci və 9.1.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının mediasiya xərci qismində ödəmiş olduğu 50 manat məbləğində vəsait ona aid edilməli, Cavabdeh iddiaçının ödəməkdən azad edildiyi 50 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Məmmədov Yası̇ n Həsənxan oğlundan yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-2821/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Məmmədov Yası̇ n Həsənxan oğlundan qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər biri üçün 185 manat olmaqla ümumilikdə 370 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən mediasiya xərci qismində ödəmiş 50 manat məbləğində vəsait ona aid edilsin. Məmmədov Yası̇ n Həsənxan oğlundan iddiaçının ödəməkdən azad edildiyi 50 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-3554/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3554/2022
27.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver