Məhkəmə qərarları › İş №2(007)-357/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-357/2021

22.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-357/2021 22.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bəxtiyar qızına qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bəxtiyar qızına qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdchlər Cavabdeh1, Cavabdeh2 Bəxtiyar qızından müştərək qaydada 10000 (on min) manat və dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat olmaqla, cəmi 10030 (on min otuz) manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X5 və mütəşəkkil dəstənin digər üzvünün qanunsuz əməlləri nəticəsində ona 74000 manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-64/2018 saylı 03 aprel 2018ci il tarixli hökmünün surətindən göründüyü kimi Cavabdeh1, Cavabdeh2 Bəxtiyar qızı və digərləri ilə birlikdə bir dəstə halında dələduzluq edərək ona10 min manat məbləğində ziyan vurmuşlar. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-64/2018 saylı 03 aprel 2018-ci il tarixli hökmü ilə Cavabdeh1, Cavabdeh2 Bəxtiyar qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1 və sair maddələri ilə ilə məhkum edilmişlər. Cavabdeh1, Cavabdeh2 Bəxtiyar qızı barələrində olan cinayət işi üzrə yuxarıda qeyd olunan epizod üzrə zərərçəkmış şəxs kimi tanınmış, işə birinci instansiya məhkəməsində baxılan zamanı tərəfindən mülki iddia verilməmişdir. Qeyd olunan hökmlə zərərçəkmiş şəxslərə sonradan mülki mühakimə icraatı qaydasında mülki iddia vermə hüquqları izah edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun olaraq izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 09.04.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı adlı şəxsin ona qarşı pul tələbinə dair iddiası üzrə onun heç bir öhdəliyi yoxdur. Belə ki, o zərərçəkmiş şəxsi tanımır, heç vaxt onunla hər hansı münasibəti və pul mübadiləsi olmamışdır. Zərərçəkmiş şəxs ona heç bir aidiyyəti olmamışdır, Qala Tədris mərkəzində işləmiş, həmin müəssisənin təsisçisi Qorxmaz Mehdiyev, baş direktor Tağı Məmmədov adlı şəxs olmuş və işə qəbul bu şəxslər tərəfindən həyata keçirilmişdir. Bu sahədə yol verdikləri cinayət əməlinə görə hər iki şəxs müəyyən müddətə həbs edilmişdir və cəza çəkirlər. Bu səbəbdən zərərçəkmişin ona qarşı pul tələbi əsassızdır və rədd edilməlidir. Prosesdə onun iştirakı olmadan qanuni qərar qəbul edilməsini xahiş edir. 10 mart 2021-ci il tarixli məhkəmə iclasında Cavabdeh2 Bəxtiyar qızı izahat verərək bildirmişdir ki, iddia tələbinə etiraz edir. O, mühasib vəzifəsində işləmişdir, iddiaçını tanımır və iddiaçıdan pul almamışdır. Bu səbəbdən iddia tələbinin rədd edilməsini xahiş edir. Cavabdeh1 ərizə ilə məhkəmə müraciət edərkən məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, digər Cavabdeh2 Bəxtiyar qızı isə sonuncu məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 aprel 2018-ci il tarixli, 1(101)-64/2018 saylı hökmünün çıxarışından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162-1.2, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 193-1.3.1, 193-1.3.2, 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162-1.2-ci maddəsi ilə 4 (dörd) il, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə 9 (doqquz) il, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci maddələri ilə 9 (doqquz) il, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə 2 (iki) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan, habelə qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 9 (doqquz) il 6 (altı) ay, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 2 (iki) il müddətinə dövlət orqanlarında və yerli öznüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan, habelə qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 6 (altı) il, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü maddələri ilə 2 (iki) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan, habelə qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinə əsasən cəzaları qismən toplamaq yolu ilə Cavabdeh1 qəti olaraq 3 (üç ) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan, habelə qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162-1.2, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 193-1.3.1, 193-1.3.2, 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162-1.2-ci maddəsi ilə 4 (dörd) il, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə 7 (yeddi) il, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci maddələri ilə 7 (yeddi) il, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə 2 (iki) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan, habelə qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 7 (yeddi) il, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 2 (iki) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan, habelə qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 4 (dörd) il, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü maddələri ilə 2 (iki) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan, habelə qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinə əsasən cəzaları qismən toplamaq yolu ilə X2 qəti olaraq 3 (üç) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan, habelə qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 1(101)-64/2018 saylı məlumatında görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin Cavabdeh1 və qeyrilərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162-1.2, 178.3.2, 179.3.2, 193-1.3.1, 193-1.3.2, 308.2, 311.3.1-ci və digər maddələri ilə məhkum edilmələrinə dair 03 aprel 2018ci il tarixli hökmü Bakı Apellyasiya Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qərarı ilə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Qeyd olunan cinayət işi müvafiq sorğu əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir və hal-hazıradək Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılmamışdır. Məlumat və mümkün istifadə üçün bildirilər ki, İddiaçı həmin cinayət işi üzrə zərərçəkmiş şəxsdir, amma qeyd olunan cinayət işi çərçivəsində onun mülki iddiasına baxılmamışdır. Mütəxəssin aktın çıxarışından görünür ki, İddiaçı “xxxx” MMC-yə işə düzəlmək adına ilkin ödənilmiş depozit olaraq 2000 manat, əlavə ödənilmiş depozit 2000 manat olmaqla, cəmi 4000 manat pul ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 və Cavabdeh2 Bəxtiyar qızı digərləri ilə birlikdə bir dəstə halında dələduzluq edərək müxtəlif şəxslərə, o cümlədən iddiaçıya 4000 manat məbləğində ziyan vurmuşlar. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-64/2018 saylı 03 aprel 2018-ci il tarixli hökmü ilə Cavabdeh1, Cavabdeh2 Bəxtiyar qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1 və sair maddələri ilə məhkum edilmişlər. İddiaçı cavabdehlərin barəsində olan cinayət işində yuxarıda qeyd olunan epizod üzrə zərərçəkmiş şəxs kimi tanınmış və işə birinci instansiya məhkəməsində baxılan zaman mülki iddia verməmişdir. Qeyd olunan hökmlə zərərçəkmiş şəxslərə sonradan mülki mühakimə icraatı qaydasında mülki iddia vermə hüquqları izah edilmişdir. Göründüyü kimi Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-64/2018 saylı 03 aprel 2018-ci il tarixli hökmü ilə İddiaçı həmin iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış və ona mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməklə ona vurulmuş ziyanı tələb etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən də göründüyü kimi, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh1 və X1 Həsən Səfərəli oğlunun etibarından sui-istifadə edərək onun 4000 manat məbləğində pulunu ələ keçirib, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmiş, həmin əməlinə görə onlar təqsirli bilinərək məhkum edilmişlər. Qeyd olunan hal məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır, ona görə iddiaçıya dəymiş 4000 manat məbləğində maddi zərərin cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. İddiaçı iddia tələbində cavabdehlər tərəfindən ona 10000 manat məbləğində ziyan vurulduğunu bildirsə də, qeyd edilən hal məhkəmə araşdırması zamanı öz təsdiqi tapmamış, iddia tərəf ona 10000 manat məbləğində ziyan vurulmasına, iddia tələbində istinad etdiyi hallara dair məhkəməyə hər-hansı bir sübut təqdim etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, iddia ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçıların hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçıların tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. MPM-in: 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbini sübut edə bilməmiş, məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbini əsaslandıra biləcəyi hər hansı sübutu məhkəməyə təqdim etməmiş və iddia ərizəsində göstərilən faktlar öz təsdiqini tapmamışdır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişlər. Beləliklə, məhkəmə məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bəxtiyar qızından 4000 manat məbləğində pul müştərək qaydada alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 18 iddiaçıya, 12 manatı cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bəxtiyar qızından 4000 manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 12 AZN məbləğində pul müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 18 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar