Məhkəmə qərarları › İş №2(007)-3588/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3588/2021

17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3588/2021 17.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh XXX qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh XXX qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24560 (iyirmi dörd min beş yüz altmış) manat borc məbləğinin, borcun gecikdirilməsinə görə illik 5% hesablanmaqla 2456 (iki min dörd yüz əlli altı) manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manatın, cəmi 27046 (iyimi yeddi min qırx altı) manatın tutularaq ’’Kartaş LTD" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında 24 oktyabr 2018-ci il tarixində 211.03053 saylı satış (alqı-satqı) müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh İddiaçı MMC-dən tikinti materialları (qatqılar) almış və qeyd olunan borcu geri qaytarmağı öz öhdəsinə götürmüşdür. Daha sonra isə 30 aprel 2019-cu il tarixində tərtib olunan və cavabdeh tərəfindən də imzalanan üzləşmə aktına əsasən Cavabdeh müqavilə üzrə İddiaçı MMC-yə 24560 (iyirmi dörd min beş yüz altmış) manat məbləğində borcunun olduğu müəyyən olunmuşdur. Lakin bu günə kimi cavabdeh tərəfindən iddiaçıya heç bir ödəniş edilməmişdir. Tərəflər arasında müqavilə bir dəfə bağlansa da alqı-satqı münasibətləri müntəzəm şəkildə davam etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq qeyd etdi ki, müqavilədə borcun 30 gün ərzində ödənilməsi göstərilmiş, 30 aprel 2019-cu ildə cavabdehin üzləşmə aktı imzalanmış, 24560 manat məbləğində borcun olduğu müəyyən olunmuş, gecikdirmə faizi üzləşdirmə aktına əsasən hesablanmışdır. Həmçinin o bildirdi ki, faizlər üzləşmə aktından sonrakı dövr üzrə iki il üçün hesablanmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclas katibi Həsənova Vəfa Oruc qızı tərəfindən 14.10.2021-ci il tarixdə Cavabdeh məxsus (050) 696-11-11 nömrəli mobil telefonla onunla əlaqə saxlanılmış, iddia tələbi və məhkəmə iclası barədə xəbərdar edilmişdir. İddia tələbi barədə məlumat verilmişdir. O, Gürcüstan Respublikasında olmasını, iddia ilə bağlı məsələni xatırlamamasını və işlərinin çox olması ilə bağlı məhkəmədə iştirak edə bilməməsini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ifadəsini dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 24 oktyabr 2018-ci il tarixli, 211.03053 saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən tikinti materialları (qatqılar) almışdır. - 30 aprel 2019-cu il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh müqavilə üzrə İddiaçı MMC-yə 24560 (iyirmi dörd min beş yüz altmış) manat məbləğində borcu olduğu müəyyən olunmuşdur. - 16 iyul 2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı MMC aralarında 24 oktyabr 2018-ci il tarixində 211.03053 saylı satış (alqı-satqı) müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh İddiaçı MMC-dən tikinti materialları (qatqılar) almış və qeyd olunan borcu geri qaytarmağı öz öhdəsinə götürmüşdür. Daha sonra isə 30 aprel 2019-cu il tarixində tərtib olunan və cavabdeh tərəfindən də imzalanan üzləşmə aktına əsasən Cavabdeh müqavilə üzrə İddiaçı MMC-yə 24560 (iyirmi dörd min beş yüz alımış) manat məbləğində borcun olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Qeyd olunanlarla müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı MMC arasında 24 oktyabr 2018-ci il tarixində 211.03053 saylı satış (alqı-satqı) müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh İddiaçı MMC-dən tikinti materialları (qatqılar) almış və qeyd olunan borcu geri qaytarmağı öz öhdəsinə götürmüşdür. Daha sonra isə 30 aprel 2019-cu il tarixində tərtib olunan və cavabdeh tərəfindən də imzalanan üzləşmə aktına əsasən Cavabdeh müqavilə üzrə İddiaçı MMC-yə 24560 (iyirmi dörd min beş yüz altmış) manat məbləğində borcun olduğu müəyyən olunmuşdur. Məhkəmə qeyd olunan hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh əşyanın qiymətinin şərti müqabilində əşyanı alması barədə iddiaçı qarşısında öhdəlik götürdüyündən, müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, cavabdeh 24560 manat məbləğində borcun olduğunu üzləşmə aktında öz imzası ilə təsdiq etdiyindən, müqavilə üzrə ödənilmiş 24560 manat borc məbləğinin, borcun gecikdirilməsinə görə həmin vəsaitin illik 5% hesablanmaqla 2456 (iki min dörd yüz əlli altı) manat məbləğində pul vəsaiti satıcıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 24560 (iyirmi dörd min beş yüz altmış) manat, həmin vəsaitin gecikdirilməsinə görə illik 5% hesablanmaqla 2456 (iki min dörd yüz əlli altı) manat (24560*24 ay) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat, cəmi 27046 (iyimi yeddi min qırx altı) manat İddiaçı MMC nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 24.10.2018-ci il tarixli müqavilə üzrə Cavabdeh 24560 (iyirmi dörd min beş yüz altmış) manat, həmin vəsaitin gecikdirilməsinə görə illik 5% hesablanmaqla 2456 (iki min dörd yüz əlli altı) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat, olmaqla ümumilikdə 27046 (iyimi yeddi min qırx altı) manat vəsait İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar