Məhkəmə qərarları › İş №2(007)-3600/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3600/2021

28.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3600/2021 28.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Bakı şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhər Probasiya İdarəsi Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 1(005)-325/19 saylı 17.09.2019-cu il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökm və onun icrasına dair hakimin 08.10.2019-cu il tarixli göstərişi 12.10.2019-cu il tarixdə Nizami rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə mövcud qanunvericiliyə əsasən məhkumun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış və məhkumun ünvanına 3 gün müddətində şöbəyə gələrək qeydiyyatdan keçməsi barədə bildiriş göndərilmişdir. Bundan sonra 24.12.2019-cu il tarixdə şöbənin icra məmuru Tamella Rüstəmova və məhkum Cavabdeh iştirakı ilə məhkəmə hökmünün tələbləti, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilməklə bu barədə müvafiq protokol tərtib edilmiş və 1 ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd elektron qolbaq üçün enerji bankı və enerji toplayıcı kabeli, üç ədəd ev siqnal ötürücüsü hazırki iş üzrə cavabdeh məhkum Cavabdeh quraşdırılaraq işlək vəziyyətdə təhvil verilmişdir. Nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə təkrartəkrar izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. 27.01.2021-ci il tarixdə məhkum Cavabdeh şöbəyə dəvət olunaraq izahatı alınmış, ondan bir müddətdir ki, izlənilmə məlumatlarının gəlməməsinin səbəbi soruşulmuş və o, izahatında mobil qurğunu itirdiyini bildirmişdir. Tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat İdarəsinə mobil qurğunun qiymətinin müəyyən edilməsi və dəymiş ziyanın hesablanması üçün sorğu edilmiş və həmin vasitənin dəyəri 1346 manat 03 qəpik hesablanmışdır. Bundan sonra məhkum Cavabdeh dəymiş ziyanın ödənilməsi ilə bağlı bildiriş verilmiş və dəymiş ziyan ondan tələb olunmuş, lakin məhkum hal-hazırda maddi vəziyyətinin yaxşı olmadığı üçün ödəyə bilməyəcəyini bildirmişdir. Belə olan halda hesab edir ki, cavabdehin günahından, yəni lazımınca məsuliyyətli olmadığından elektron nəzarət qurğusu itmiş və onlara maddi ziyan dəymişdir. Nazirliyin verdiyi maliyyə arayışına görə həmin avadanlığın dəyəri 1346,03 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd olunanları nəzərə alaraq Cavabdeh elektron nəzarət qurğusunun dəyəri, yəni 1346 manat 03 qəpik məbləğində pulun ondan alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək bildirdi ki, həqiqətən də ona elektron qurğu təhvil verilib.Lakin evlərində yas düşdüyü gün gələn şəxslərdən kimsə həmin qurğunu götürüb aparıb və axtarsa da həmin qurğunun kimin tərəfindən götürülməsini müəyyən edə bilməyib. İddiaçı Bakı şəhər Probasiya İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Nərimanov rayon məhkəməsinin 1(005)-325/2019 saylı 17.09.2019-cu il tarixli hökmündən görünür ki, Cavabdeh AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarında olan 13.11.2018-ci il tarixli məktubdan görünür ki, 1 ədəd biometrik məlumatların yoxlanması üçün lisenziyalar 88,26 manat, 1 ədəd ev siqnal ötürücüsü 108,32 manat, 1 ədəd mobil nəzarət qurğuları xüsusi proqram təminatı ilə 1346,03 manat, 1 ədəd elektron qolbaqlar 637,91 manat təşkil edir. İş materiallarında olan 27.01.2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh ona təhvil verilmiş mobil qurğunu itirdiyinə görə 1346 manat 03 qəpik dəymiş ziyanın ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin halları ilə müəyyən olundu ki, Cavabdeh Bakı şəhər Probasiya İdarəsi tərəfindən təhvil verilmiş elektron nəzarət qurğusunu itirmiş və bununla da Bakı şəhər Probasiya İdarəsinə 1346,03 manat ziyan dəymişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh 1346,03 manat Bakı şəhər Probasiya İdarəsinin xeyrinə tutulmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh elektron nəzarət qurğusunun dəyəri, yəni 1346,03 manat (bir min üç yüz qırx altı manat üç qəpik) Bakı şəhər Probasiya İdarəsinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar