Məhkəmə qərarları › İş №2(007)-364/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-364/2024

18.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-364/2024 18.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyaya qarşı “qərarın qanunsuz hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyaya qarşı “qərarın qanunsuz hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyanın xx.xx.2023-cü il tarixli 36 saylı qərarı ilə X16 və X2 yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X11 ilə ünsiyyətdə olmaları üçün hər həftənin şənbə günü 10:00-dan saat 13:00-dək görüş hüququ verilmişdir. Hesab edir ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyanın müvafiq qərarı qanunsuz və əsassız olmaqla İddiaçı hüquqlarını kobud şəkildə pozur. Belə ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə X12 arasında 2017-ci ildə bağlanmış rəsmi nikah pozulmuş, birgə nikahdan dünyaya gəlmiş X4 ananın yanında saxlanması barədə qərar qəbul edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)- 1357/2021 nömrəli qətnaməsi ilə iddiaçı X6 birgə nikahdan dünyaya gəlmiş X11 ilə hər həftənin bazar günləri saat 11:00-dan 18:00-dək, iki və ya daha çox davam edən bayram günlərində isə ikinci bayram günü saat 11:00-dan 16:00dək ünsiyyətdə olmaq hüququ verilmişdir. X11 həftənin üç günü, yəni çərşənbə axşamı, cümə axşamı və cümə günləri saat 16:00-dan 17:00-dək “Yüksəliş eğitim və spor mərkəzi”ndə keçirilən gimnasktika məşğələlərində, həftənin altı günü (bazar ertəsindən şənbəyə qədər) olmaqla saat 09:00-dan 18:00-dək isə “Şirin Bəbələr” Tədris Mərkəzində hazırlıq seanslarında iştirak edir. Eyni zamanda, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik üzrə komissiyanın xx.xx.2023-cü il tarixli qərarı ilə X4 nənə və babası X5 və X7 nəvələri ilə ünsiyyətdə olmaları üçün hər həftənin bazar günü saat 18:00-dan 20:00-dək görüş vaxtı verilmişdir. Ona görə də, İddiaçı Afıq qızının 264 nömrəli məktəb-liseydə laborant vəzifəsində işlədiyini və həftənin bazar günləri uşağın atası və nənə-babası ilə görüş günləri olduğunu, ona görə də uşağın ana ilə az vaxt keçirdiyini nəzərə alaraq uşağın bazar ertəsindən şənbəyə qədər anası İddiaçı Afıq qızı ilə yaşaması davam etməlidir. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyanın xx.xx.2023-cü il tarixli 36 saylı qərarı qəbul edilərkən yuxarıda sadalanan halların heç biri qiymətləndirilməmiş, eyni zamanda X8 və X1 X4 nənə və babası X5 və X13 ilə eyni evdə yaşaması, dolayısı ilə hər həftənin bazar günü saat 18:00-dan 20:00-dək uşaqla ünsiyyətdə ola bilməsi faktı cavabdeh orqan tərəfindən araşdırılmamış və nəzərə alınmamış, bunların nəticəsində isə İddiaçı hüquqlarını və qanuni mənafelərini kobudcasına pozan qərar qəbul edilmişdir. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyanın xx.xx.2023-cü il tarixli 36 saylı qərarının qanunsuz hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, əlavə olaraq izahatında göstərmişdir ki, tərəflər arasında razılıq əldə olunub. Lakin, onlar mahiyyəti üzrə qətnamə çıxarılmasında israrlıdırlar. Qəyyumluq Komissiyası rəy verərkən, görüş təyin edilən tərəflərin hamısının eyni evdə yaşamasını nəzərə almayıb. Bundan başqa Muradova Xuraman, Muradzadə Ləman, Muradov Azad və X15 komissiyası tərəfindən onlara verilmiş görüş hüququndan imtina ediblər. Bununla bağlı ərizə yazıblar. Həmin ərizələr tərəfindən məhkəməyə təqdim edilib. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasına məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxsin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-544/2021 saylı qətnaməsindən görünür ki, X12 ilə X10 arasında xx.xx.2017-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, xx.xx.2019-cu il təvəllüdlü X4 anası X3 yanında qalması qət edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-1357/2021 saylı icra vərəqəsindən görünür ki, X6 övladı xx.xx.2019-cu il təvəllüdlü X11 ilə ananın iştirakı ilə hər həftənin bazar günü saat 11:00-dan saat 18:00-dək, 2 və ya daha çox davam edən bayram günlərində isə ikinci bayram günü saat 11:00-dan saat 16:00-dək ünsiyyətdə olmaq hüququ verilmişdir. - Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik üzrə komissiyanın xx.xx.2023-cü il tarixli, 36 saylı qərarından görünür ki, X16 və X2 yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü qardaşının övladı X14 ilə ünsiyyətdə olmaları üçün hər həftənin şənbə günü saat 10:00-dan saat 13:00-dək uşağa münasib məkanda görüş vaxtı verilməsi qərara alınmışdır. - xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyanın xx.xx.2023-cü il tarixli 36 saylı qərarı ilə X16 və X2 yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X11 ilə ünsiyyətdə olmaları üçün hər həftənin şənbə günü 10:00-dan saat 13:00-dək görüş hüququ verilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə X12 arasında 2017-ci ildə bağlanmış rəsmi nikah pozulmuş, birgə nikahdan dünyaya gəlmiş X4 ananın yanında saxlanması barədə qərar qəbul edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)- 1357/2021 nömrəli qətnaməsi ilə iddiaçı X6 birgə nikahdan dünyaya gəlmiş X11 ilə hər həftənin bazar günləri saat 11:00-dan 18:00-dək, iki və ya daha çox davam edən bayram günlərində isə ikinci bayram günü saat 11:00-dan 16:00-dək ünsiyyətdə olmaq hüququ verilmişdir. Eyni zamanda, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik üzrə komissiyanın xx.xx.2023-cü il tarixli qərarı ilə X4 nənə və babası X5 və X7 nəvələri ilə ünsiyyətdə olmaları üçün hər həftənin bazar günü saat 18:00-dan 20:00-dək görüş vaxtı verilmişdir. Hazırda iddiaçı Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyanın xx.xx.2023-cü il tarixli 36 saylı qərarının qanunsuz hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 6/2011 saylı 28 oktyabr 2011-ci il tarixli Qərarının 4-cü bəndində qeyd edilir ki, qanunun tələbinə görə baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqlarla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın bu və ya digər qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamasını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini və marağını nəzərə almaqla mübahisəni həll edir. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Məhkəmələrə izah edilsin ki, baba, nənə, qardaş, bacı və digər qohumlar müvafiq icra hakimiyyəti orqanına müraciət etmədən birbaşa məhkəməyə müraciət etdikləri halda, məhkəmə Azərbaycan Respublikası MPMnin 153.2.1-ci maddəsinə əsasən məhkəmədə baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizəni icraata qəbul etməkdən imtina etməlidir. Əgər eyni məzmunlu ərizə məhkəmənin icraatına qəbul olunmuşdursa, həmin Məcəllənin 259.0.1-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi barədə baba, nənə, qardaş, bacı və digər qohumların müraciətinə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) tərəfindən qanunla müəyyən edilmiş müddətdə baxılmaması və ya bu müraciətin təmin edilməsindən imtina edilməsi həmin orqanın qərarından, hərəkət və ya hərəkətsizliyindən şikayət verilməsinə deyil, uşaqla ünsiyyət qaydasının müəyyən edilməsi məqsədilə məhkəməyə iddia vermək üçün əsasdır. Göründüyü kimi, valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar valideynlər yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının qərarına tabe olmadıqda mübahisənin məhkəmədə (ümumi məhkəmədə) mülki məhkəmə icraatı qaydasında həll edilməsi nəzərdə tutulmuşdur. Hazırkı iddianın mahiyyətindən görünür ki, iddiaçının tələbi uşağın əmi və bibisi ilə verilmiş görüş vaxtları ilə bağlıdır və iddiaçı yuxarıda qeyd olunan qərarın ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 62.1-ci maddəsinə əsasən, baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. 62.2-ci maddəsinə əsasən valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. 62.3-cü maddəsinə əsasən valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. 62.4-cü maddəsinə əsasən məhkəmənin qərarına əməl etməyən valideyn Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun məsuliyyət daşıyır. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli Barışıq Sazişindən görünür ki, İddiaçı ilə digər tərəfdən X12, X5, X13, X16 və X9 arasında məhkəmənin icraatında olan mülki iş üzrə mübahisənin sülh yolu ilə həll edilməsi məqsədilə barışıq sazişi bağlanmışdır. Bundan başqa, məhkəməyə təqdim edilmiş X5, X13, X16 və X9 tərəfindən Nizami Rayon İcra Hakimiyyəti başçısına ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizələrdən görünür ki, onlar komissiyanın qərarı ilə onlara X11 ilə verilmiş görüş hüquqlarından imtina etmişlər. Məhkəmə iclasında isə iddiaçının nümayəndəsi və vəkili Qəyyumluq orqanının qərarı ilə ünsiyyət verilmiş şəxslərin iddiaçı ilə razılıq əldə etmələrinə baxmayaraq, qətnamə çıxarılmasını və qəyyumluq orqanının qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia işin yuxarıda qeyd olunan faktiki halları, o cümlədən ünsiyyət hüququ verilmiş şəxslərin icra hakimiyyəti orqanına ünvanladıqları ərizələri də nəzərə alınmaqla, əsaslı olduğundan təmin edilməlidir. Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyanın xx.xx.2023-cü il tarixli 36 saylı qərarı qanunsuz hesab edilərək ləğv edilməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyanın xx.xx.2023-cü il tarixli 36 saylı qərarı qanunsuz hesab edilərək ləğv edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar