Məhkəmə qərarları › İş №2(007)-3649/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3649/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3649/2021 13.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı Pənahov Rası̇ m Oqtay oğlunun iştirakı ilə, İddiaçı Pənahov Rası̇ m Oqtay oğlunun cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Pənahov Rası̇ m Oqtay oğlu Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4000 (dörd min) manat pulun və 43 qram qızılın alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Pənahov Rası̇ m Oqtay oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2019-cu ilin yanvar ayından tanıyır. Belə ki, Pənahov Rası̇ m Oqtay oğlu fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olduğu zaman Bakı şəhərinə gəlib-gedərkən cavabdehlə tanışlığı yaranmış və sonradan cavabdeh ona vacib pul lazım olduğu üçün iddiaçıdan borca pul taparaq ona verməyini xahiş etmişdir. Pənahov Rası̇ m Oqtay oğlu cavabdehə 43 qram qızıl və 4000 manat pulu 2020-ci ilin mart ayı ərzində qaytarmaq şərti ilə borca vermişdir. Cavabdeh bu barədə iddiaçıya yazılı qəbz imzalamışdır. Lakin, cavabdeh həmin pulu və qızılları xeyli vaxt keçməsinə baxmayaraq qaytarmamış, müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan yayınmışdır. Pənahov Rası̇ m Oqtay oğlunun cavabdehə pul və qızıllar verməyi Füzuli Rayon Məhkəməsinin 02 fevral 2012-ci il tarixli qərarında Cavabdeh ifadəsində öz əksini tapmışdır. Hazırda cavabdeh borcunu könüllü olaraq qaytarmaq istəmir. Məhkəmə iclasında iddiaçı Pənahov Rası̇ m Oqtay oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. O, həmçinin bildirmişdir ki, qızılları cavabdeh lombarda vermiş və pul götürmüşdür. Həmin qızılların çəkisi, əyyarı və onlara görə götürülmüş pul həmin siyahıda əks olunmuşdur. Məhkəmə iclasında X1 şahid qismində ifadə verərək göstərmişdir ki, Xırdalanda yaşayır, Rasimi uşaqlıqdan tanıyır, atasının dostudur. Ayseli tanımadığını, iddiaçı vasitəsilə tanıdığını bildirdi. O qeyd elədi ki, Rasim ona ziyana düşdüyünü, bir xanımın onu aldatdığını və pulunu, qızılını apardığını demişdir. Daha sonra həmin xanımı götürüb onun yanına gəlmişlər. Cavabdeh borcunun olmasına və qızılların götürülməsinə dair əlyazmanı onun yanında yazmışdır. O bildirdi ki, təxmini olaraq 3 il əvvəl yaz ayları idi. Aysel yazıb imzası ilə təsdiq etmiş və pulu ödəmək üçün Rasimdən 3 ay vaxt istəmişdir. Borcun miqdarı 4 000 manat civarı, qızıl isə 43 qram olardı. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını və şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 17.01.2020-ci ildə yazılmış və Cavabdeh tərəfindən imzalanmış əlyazmadan görünür ki, cavabdeh 4000 (dörd min) manat pul və 43 qram qızılı Pənahov Rası̇ m Oqtay oğlundan aldığını bundan sonra və hər ay 500 manat və mart ayının sonunda 3000 manat pul qaytarmaqla borcunu ödəyəciyini qeyd etmişdir. - Qiymətləndirmə və təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" BOKT MMCdən alınan kreditin təminatı olaraq 8 sayda 43.2 qram, 583 əyar qızıllar və 713,24 AZN məbləğində əlavə zinət əşyalarını girova qoymuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, Pənahov Rası̇ m Oqtay oğlu Cavabdeh 4000 manat pul və 43 qram qızılı borc vermişdir. Daha sonra cavabdeh yazılı qəbz imzalayaraq borcu ödəyəcəyini bildirsə də borc məbləğini iddiaçıya ödəməmiş, qızılları qaytarmamışdır. Bununla da, iddiaçının məhkəməyə müraciət etməsi üçün əsaslar yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı Pənahov Rası̇ m Oqtay oğlu tərəfindən 4000 (dörd min) manat pul və 43 qram qızıl borc cavabdeh Cavabdeh verilmiş və bu barədə tərəflər arasında şifahi müqavilə bağlanmışdır. Cavabdeh Cavabdeh tərəfindən isə, bu müqavilə üzrə üzərinə götürüldüyü şərtlər yerinə yetirilməmiş və bununla da, mülki qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdeh Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh üzərinə düşən öhdəliyini vaxtında icra etməmiş, iddiaçılardan almış olduğu pulları və qızılı vaxtında onlara qaytarmamış, bununla da aralarında bağlanmış müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat pul və 43 qram (583 əyar) qızıl alınıb Pənahov Rası̇ m Oqtay oğluna verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar