Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3664/2021 05.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 424,98 (dörd yüz iyirmi dörd dollar, 98 sent) ABŞ dolları əsas, 225,13 (iki yüz iyirmi beş dollar, 13 sent) ABŞ dolları faiz, 534,33 (beş yüz otuz dörd dollar, 33 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən, hesablanmış 64,62 (altmış dörd dollar, 62 sent) ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 1249,06 ABŞ dolları və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 06 avqust 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə 24 (iyirmi dörd) ay müddətinə 3000 (üç min) ABŞ dolları məbləğində kredit verilmişdir. 10.07.2017-ci il tarixli Əlavə sazişə əsasən, kreditorun borcalana verdiyi kreditin qalıq məbləği konvertasiya edilməklə 2437.19 (iki min dörd yüz otuz yeddi dollar, 19 sent) ABŞ dolları müəyyən edilmişdir, kreditin müddəti 10.07.2018-ci il tarixədək müəyyən edilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 06 avqust 2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən, borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********835 saylı 22.06.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən, üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh1 iddianı qəbul etməməsini, pulu digər Cavabdeh2 götürməsini, onun vəsaitı ödənilməməsindən məlumatsız olmasını bildirmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 06 avqust 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 20,5 faiz ödənilmək şərti ilə 3000 ABŞ məbləğində kredit verilmişdir. - 06 avqust 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə 25.02.2016-ci il tarixli Əlavə sazişə əsasən, kreditorun borcalana verdiyi kreditin qalığı 2666,2 ABŞ dolları olmaqla, kreditin müddəti 25.08.2018-ci il tarixədək müəyyən edilmişdir - 06 avqust 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə 10.07.2017-ci il tarixli Əlavə sazişə əsasən, kreditorun borcalana verdiyi kreditin qalıq məbləği konvertasiya edilməklə 2094,73 ABŞ dolları müəyyən edilmişdir, kreditin müddəti 10.07.2018-ci il tarixədək müəyyən edilmişdir. Zamin tərəfindən həmin müqavilə təsdiq edilmişdir. - 10.07.2017-ci il tarixli Əlavə sazişə əsasən, kreditorun borcalana verdiyi kreditin qalıq məbləği konvertasiya edilməklə 2094,73 ABŞ dolları müəyyən edilmişdir, kreditin müddəti 10.07.2018-ci il tarixədək müəyyən edilmişdir. - Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 06 avqust 2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. - 12 avqust 2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir; - İddiaçı ASC 30 iyun 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 06 avqust 2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə borcun məbləği 424.98 (dörd yüz iyirmi dörd dollar, 98 sent) ABŞ dollar əsas, 225.13 (iki yüz iyirmi beş dollar, 13 sent) ABŞ dolları faiz, 534.33 (beş yüz otuz dörd dollar, 33 sent) ABŞ dolları cərimə borcu olmaqla cəmi 1249.06 (min iki yüz qırx doqquz dollar, 06 sent) ABŞ dolları məbləğində borcu vardır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 06.08.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 20,5 faiz ödənilmək şərti ilə 3000 ABŞ məbləğində kredit verilmiş, Cavabdeh1 isə öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Bu kredit müqaviləsinə əsasan yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 zamin qismində sözügedən kredit müqavilələrinin tərəfləri olmuşdur, razılaşmalarından irəli gələn öhdəliklərin yerinə yetirilməsi Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdehlər kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehlərin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Qeyd edilənlərlə müəyyən olundu ki, borcalan Cavabdeh1 İddiaçı ASC ilə bağladığı 06.08.2015-ci il tarixli kredit müqaviləsi və həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla da müəyyən olundu ki, Cavabdeh1 Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada İddiaçı ASC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Cavabdeh2 zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı üzərlərinə götürmüşdür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı yaranmış borcun cavabdehlərdən müştərək qaydada, yəni borcalan Cavabdeh1 ilə yanaşı, zamin Cavabdeh2 da tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0-cı maddəsinə əsasən, zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi 06 avqust 2015-ci il tarixdə bağlanmışdır. Zaminliklə təmin olunan öhdəlik, yəni 24 ay müddətinə bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən həmin Müqavilənin 2.3-cü bəndi ilə nəzərdə tutulmuş vaxt, yəni “06” avqust 2017-ci il tarixli borc öhdəliyinin tam həcmdə icra edilməsinin son tarixi kimi müəyyən edilmişdir. Öhdəliyə edilmiş sonuncu əlavəyə görə öhdəliyin icrası müddəti “10” iyul 2018-ci il tarixdə başa çatmalı idi. Həmin sazişlər zamin tərəfindən təsdiq edilsə də, həmin sazişə əlavələr edilən ödəniş qrafiki zamin tərəfindən təsdiq edilməmişdir. İddiaçı tərəfindən iddia ərizəsi isə 23.08.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı zaminliklə təmin edilmiş öhdəliyin icrası müddətinin başa çatdıqdan sonra, yəni 23.08.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Qanunverici isə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməsini nəzərdə tutmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, yaranmış borc cavabdehlərdən müştərək qaydada deyil, Cavabdeh1 tutulmalıdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh1 müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və həmin cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 məhkəmə qətnaməsinin icra edildiyi tarixə dolların manata məzənnəsi nəzərə alınmaqla, 424,98 ABŞ dolları əsas borc, 225,13 ABŞ dolları faiz borcu, 20 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən, hesablanmış 64,62 ABŞ dolları faiz borcuolmaqla cəmi 737,73 ABŞ dolları və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia tələbi zamin Cavabdeh2 münasibətdə və qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 məhkəmə qətnaməsinin icra edildiyi tarixə dolların manata məzənnəsi nəzərə alınmaqla, 424.98 ABŞ dolları əsas borc, 225.13 ABŞ dolları faiz borcu, 20 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən, hesablanmış 64.62 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə tutulsun. İddia tələbi Cavabdeh2 münasibətdə və qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-3664/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3664/2021
05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver