Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-367/2022 27.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, xx.xx.1950-ci ildə Zərdab rayonunda doğulmuşdur. 1966-cı ildə peşə məktəbinə daxil olmuşdur. 1967-ci ildən təyinatla ’‘Sənayeventilyasiya” ASC ilə əmək müqaviləsinə əsasən Həmin müəssisəyə işə qəbul olunmuşdur. 24 may 1976-cı ildə xidməti vəzifəmi yerinə yetirərkənona əmək xəsarəti yetirilib. TSEK-nın keçirdiyi ekspertizasının nəticəsinə əasən o, istehsalatda baş verən bədbəxt hadisə nəticəsində peşəkar əmək qabiliyyətini 80% itirmişdir. 4 il ağır xəstə olduğuna görə xəstəxanada yatmışdır. İşləməyinə icazə verməyiblər. 1992-ci ilin oktyabr ayının 1-də ona 2-ci qrup əlillik dərəcəsi verilib və əmək haqqının 80%-i hər ay ödənilib. 2020-ci ilin avqust ayına kimi ona ayda 250 manat ödəniş edilib. Bildirir ki, 2020-ci ilin avqust ayının ödənişi çoxsaylı şikayətlərindən sonra 2021-ci ilin may ayında ödənilib. Həmin andan etibarən müxtəlif bəhanələr gətirilərək, qanuni əsaslarla ona ödənilməli olan məvacib ödənilməyib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Abşeron Rayon Mərkəzi Xəstəxanası” tərəfindən verilən xx.xx.2021 -ci il tarixli, ambulator kartdan çıxarışda xəstəliklərinin hamısı qeyd edilib. Çıxarışın surəti iddia ərizəsinə əlavə edilib. Zərərin əvəzinin ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə ərizə ilə müraciət etmişdir. xx.xx.2021-ci il tarixli cavab məktubun qeyd olunub ki, Cavabdeh ASC-nin rəhbərliyinin təqdim etdiyi məktubda qeyd olunur ki,“peşə əmək qabiliyyətinizin itirilmə faizinə müvafiq olaraq 2020-ci ilin avqust ayına kimi zərərə görə aylıq ödəncin 2021-ci ilin may ayında Sizə ödənildiyi, pandemiya ilə əlaqədar müəyyən müddət fəaliyyət göstərmədiklərindən cəmiyyətdə maliyyə çətinliyi yaranmışdır.Maliyyə vəsaiti əldə edilən kimi digər aylar üzrə qalan borc ödəniləcək”. Lakin hazırki vaxtadək ona heç bir ödəniş edilməyib. Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilən “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulan işçiyə və ya bu səbəbdən həlak olan işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbləğinin 2.1-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlərlə ödənilir. Qaydaların 1.1-ci bəndinə əsasən bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Fərdi Əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl “Mediasiya Haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 19 oktyabr 2021-ci il Saat 14:00 da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh ASC-nin ilkin mediasiya prossesində iştirak etmədiyi müəyyən olundu. Mediasiya sessiyasının tarixi, yeri, keçirilmə saatı barəsində məlumat cavabdehə 5 gün əvvəlcədən yerləşdiyi ünvana məktub göndərməklə məlumatlandırılmışdı. O, ilkin mediasiya prossesində iştirak etmiş və ilkin mediasiyanın keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. "xxxx" ASCnin peşə əmək qabiliyyətinin itirilmə faizinə uyğun olaraq 2020-ci il avqust ayına kimi zərərə görə aylıq ödənci 2021-ci il may ayında ödənilib. Bu tarixdən sonra aylıq ödəniş edilməyib. 2020-ci il avqust ayından hazırki mübahisə üzrə məhkəmə qərarı qüvvəyə mindiyi anadək olan aylar üzrə aylıq ödənişlərin ödənilməsini tələb edir. Hazırki bazar iqtisadiyyatı şəraitində bütün məhsulların və xidmətlərin qiymətində olan artımlara uyğun olaraq ödənişlər edilməlidir. Aylıq 250 manatla hazırki vəziyyətdə dolanmaq olmur. Bundan başqa, işlədiyi müddətdə putyovka verilməli olduğu halda, ona heç bir zaman putyovka verilməyib. Putyovkaların da ona verilməsini tələb edirəm. Həmçinin bildirir ki, işlədiyi müəssisə 2000-ci ildə özəlləşdirilib. Müəssisəyə məxsus torpaq sahələri satılıb. İdarə özəlləşdirilərkən onun payını da mənimsəyiblər. Odur ki,onun payına aid olan hissədə ödənişin mənə verilməsini tələb edirəm.Bundan başqa, bildirir ki, işdən çıxan zaman ona heç bir ödəniş edilməyib, birdəfəlik müavinət verilməyib. Məhkəmədən qeyd olunan halları nəzərə almağını xahiş edir.Qeyd olunanlara əsasən ona ödənilməli olan aylıq 250 manat ödənişin 2020-ci ilin avqust ayından hazırkı mübahisə üzrə məhkəmə qətnaməsi qanuni qüvvəsini alan günədək hesablanmaqla cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulması, verilməli olan, lakin verilməyən putyovkaların cavabdeh tərəfindən ona verilməsi, habelə ona ödənilməli olan birdəfəlik müavinatın ödənilməsi barədə qətnamə çıxarılmasnı xahiş edir. Cavabdehin nümayəndəsi Nümayəndə iddianı qismən qəbul etdi və izahat verərək göstərdi ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib 2020-ci ilin avqust ayından hesablanmaqla aylıq 250 manat ödənişin tutulub ona ödənilməsi, putyovkaların verilməsi, habelə birdəfəlik müavinətlərin ödənilməsinə dair məhkəmə qatnaməsinin qəbul edilməsini xahiş edib. İddiaçı məhkəmədə belə bir təssürat yaratmağa çalışır ki, güya onlar qəsdən və imkan ola-ola ona istehsalat qəzasına görə verilməli olan ödəncləri vermirlər və ya bundan qərəzli boyun qaçırırlar. İddiaçı eyni tələblə bağlı əmək müfəttişliyinə və digər dövlət orqanlara dəfələrlə müraciət edib və həmin orqanlar tərəfindən qarşı tərəfin və onların iştirakı ilə müvafiq araşdırmalar aparılıb. Əmək müfəttişliyi müəyyən edib ki, onlar tərəfin heç bir qanun pozuntusuna yol verilməyib, 2020-ci ilin avqust ayından müəssisənin gəliri olmaması səbəbindən ödəncləri verə bilməmişlər. Bununla əlaqədar müfəttişlik tərəfindən iddiaçıya dəfələrlə məlumatlar verilib və yazılı cavablar göndərilib. Bu cavabları iddiaçı iddia ərizəsinə də əlavə edib. Lakin, buna baxmayaraq əsassız olduğunu bilə-bilə məhkəmədə onlara qarşı iddia qaldırıb. Məhkəmənin nəzərinə çatdır ki, müəssisə açıq səhmdar cəmiyyəti olmaqla təsərrüfat hesablıdır və müştəri sifarişi əsasında ventilyasiya və havalandırma sistemləri quraşdırmaqla məşğul olur. Müəssisə istehsalat və kommersiya ilə məşğul olmur. Sifarişlər əsasında əldə etdikləri gəlirdən müəssisəni saxlayır və digər ödənişləri, o cümlədən iddiaçıya verilməli ödəncləri ödəyirlər.Sifarişlər olmaması səbəbi ilə 2020-ci ilin avqust ayından müəssisənin fəaliyyəti tam dayanıb. Bu səbəbdən onlar işçilərin əmək haqqını və digər məcburi ödəncləri verə bilmir, xərcləri ödəyə bilmir və maliyyə ilə bağlı olan digər işləri yerinə yetirə bilmir. Sifarişlərin olmamasının əsas səbəbi COVİD-19 pandemiyası ilə əlaqədar dünyada və respublikada baş vermiş iqtisadi böhrandır. Kommunal haqları, dövlətə torpağa görə ödədiyikləri icarə haqqını və zəruri olan digər məsrəfləri ödəmək üçün məcbur qalıb cəmiyyətin inzibati binasından 2 otağı anbar kimi istifadə etmək üçün başqa təşkilata icarəyə vermişlər. İcarə haqqı olaraq ayda 617 manat alırlar. Bu da məsrəflərin ödənilməsi üçün çatmır. Yəni, gəlir olmadığından iddiaçıya verməli olduqları ödənci verə bilmirlər. Hal-hazırda müəssisnin borcları vardır, müəssisə 2020-ci ili 2.536,23 manat, 2021-ci ili isə 1.665,97 manat zərərlə başa vurub. Məhkəmənin nəzərinə çatdırır ki, əvvəllər də işlərində çətinliklər olub, lakin onlar iddiaçının maddi vəziyyətini başa düşüb 2020-ci ilin avqust ayınadək ödənci vermişlər. Bu tarixdən sonra isə qazancları tam kəsilib. Bu səbəbdən ödəniş etməyə heç bir iknan qalmayıb. Onu da bildirir ki, gələcəkdə pandemiya və iqtisadı böhran başa çatdıqdan sonra sifarişləri olduqda və fəaliyyətə başlayandan sonra iddiaçıya ödənclər ümumi qaydada veriləcəkdir. "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulan işçiyə və bu səbəbdən həlak olan işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlədinin və məbləğin təsdiq edilməsi" haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 saylı 09 yanvar 2003-cü il tarixli qərarına əsasən qeyd olunan zərər təqsirkar müəssisənin gəliri hesabına ödənilir. Bundan başqa iddiaçı ona putyovkaların verilməsini və birdəfəlik müavinətin ödənilməsini tələb edir. Putyovkaların verilməsi üçün qanunda nəzərdə tutulan hallar yoxdur. İddiaçı bununla bağlı müvafiq tibbi rəyləri təqdim etməyib. Digər tərəfdən qazancları olmadığından putyovkaların verilməsi də mümkün deyildir. Birdəfəlik müavinətlər isə qanunda nəzərdə tutumuş qaydada dövlət sosal müdafiə orqanları tərəfindən həyata keçirilir və iddiaçı bununla bağlı dövlət orqanlarına müraciət edə bilər. Qeyd olunanlara əsasən iddianın qismən, 250 manat ödənişin 2020-ci ilin avqust ayından hazırkı mübahisə üzrə məhkəmə qətnaməsi qanuni qüvvəsini alan günədək hesablanmaqla ödənilməsi hissədə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan istehsalatda bədbəxt hadisə barədə aktın məzmunundan görünür ki, "xxxx" müəssisəsində çilingər vəzifəsində işləyən İddiaçıXaspolad oğlu may 1976-cı il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən:
1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.
2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.
3. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir.
4. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır.
5. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur Məhkəmə işin hallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, 2020-ci ilin avqist ayından qətnamə qanuni qüvvəyə minən günədək cavabdehdən hər ay 250 manat iddiaçının xeyrinə tutulması hissəsində iddia təmin olunmalıdır.Belə ki,həmin hissədə iddia tələbinin qanuni əsası mövcuddur.Bundan başqa,cavabdeh həmin hissədə iddianı qəbul edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə verilməli olan,lakin verilməyən putyovkaların cavabdeh tərəfindən ona verilməsi,habelə ona ödənilməli olan birdəfəlik müavinatın ödənilməsi hissəsində iddia tələbinə qiymət verərkən hesab edir ki,iddiaçı həmin hissədə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,iddia qismən təmin olunmalı, "xxxx" ASC-dən İddiaçı xeyrinə badbəxt hadisə nəticəsində səhhətinə vurulmuş ziyana görə 2020-ci ilin avqust ayından qətnamə qanuni qüvvəyə minən günədək hər ay ödənilməli 250 manat hesablanaraq tutulmalıdır.Qalan hissədə iddia təmin olunmamalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. "xxxx" ASC-dən İddiaçı xeyrinə badbəxt hadisə nəticəsində səhhətinə vurulmuş ziyana görə hər ay 250 mant 2020-ci ilin avqust ayından qətnamə qanuni qüvvəyə minən günədək hesablanaraq tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Fikrət Mirzəyev