Məhkəmə qərarları › İş №2(007)-3676/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3676/2021

23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3676/2021 23.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 27.02.2019-cu il tarixli 106892-PC********** nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə şəxsi istehlak məqsədi üçün 36 ay müddətinə, illik 0% dərəcəsi ilə maksimal limiti 500 manat məbləğində kredit xətti ayrılmışdır. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. 12.08.2021-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 201,82 manat əsas, 0 manat faiz borcu və 13,62 manat cərimə borcu olmaqla, ümumilikdə 215,44 manat məbləğində kredit borcu yaranmışdır. Kredit müqaviləsinə əsasən, borcalan müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə əsas borcu, faizləri ödəməyi, öhdəliyin icra edilməməsi səbəbindən irəli gələn bütün xərcləri müqavilədə müəyyən olunmuş qaydada banka ödəməsini öhdəsinə götürmüşdür. Eyni zamanda, həmin müqaviləyə əsasən, ödəniş cədvəlində və ya xəbərdarlıqda müəyyən edilən müddətlərdə öhdəliklər vaxtında tam icra edilmədikdə kredit gecikdirilmiş hesab edilir. Belə ki, cavabdeh kredit müqaviləsi üzrə yaranmış öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Qeyd olunanlara əsasən, Cavabdeh 201,82 manat məbləğində əsas, 0 manat məbləğində faiz borcu və 13,62 manat cərimə borcu olmaqla, ümumilikdə 215,44 manat və 20.40 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş 27.02.2019-cu il tarixli ərizədən görünür ki, Cavabdeh istehlak məqsədi üçün 36 ay müddətinə 500 manat məbləğində “Smilekart” vasitəsilə kredit xətti ayrılmasını xahiş etmişdir. İşə əlavə olunmuş "xxxx" ASC ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış 27.02.2019-cu il tarixli 106892-PC********** nömrəli kredit müqaviləsindən görünür ki, cavabdehə şəxsi istehlak məqsədi üçün 36 ay müddətinə, illik 0% dərəcəsi ilə 500 manat kredit xətti ayrılmışdır. İşə əlavə olunmuş 11.01.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, borclu banka 18 ay müddətinə hər ayın 05-dən gec olmayaraq 63.05 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş "xxxx" ASC-nin 12.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 12 avqust 2021-ci il tarixə 201,82 manat əsas, 0 manat faiz, 13,62 manat cərimə borcu olmaqla, cəmi 215,44 manat məbləğində kredit borcu vardır və kredit müqaviləsi üzrə gecikmə 245 gün təşkil edir. İşə əlavə olunmuş "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış 06.05.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borcluya banka olan borcunu ödəməyi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan 12.08.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC məhkəməyə müraciət etmək üçün 20.40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, Bankla Cavabdeh arasında bağlanmış 27.02.2019-cu il tarixli 106892-PC********** nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh şəxsi istehlak məqsədi üçün 36 ay müddətinə, illik 0% dərəcəsi ilə maksimal limiti 500 manat olan kredit xətti ayrılmışdır. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınmasının zəruri olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 27.02.2019-cu il tarixli 106892-PC********** nömrəli kredit müqaviləsi üzrə 201,82 manat məbləğində əsas, 13,62 manat məbləğində faiz borcu, ümumilikdə 215,44 manat və 20,40 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar