Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-379/2022 18.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 18 dekabr 2009-cu il tarixli 2(007)-2627/2009 saylı qətnaməsinə əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikalarından olan 15.09.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay aylıq qazancının başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. 2009-cu ildən hal-hazırkı vaxtadək birgə nikahdan olan uşaqlarının tələbatları artdığından, o, təkbaşına uşağı saxlamaqda maddi çətinlik çəkir. Cavabdeh aylıq 30-50 manat civarında aliment ödəyir. 2009-cu ildən hal-hazırkı vaxtadək cavabdeh birgə nikahdan olan uşağın saxlanması üçün 50 manatdan artıq aliment ödəmir. Bu səbəbdən, ondan tutulacaq alimentin məbləği artırılmalıdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 18 dekabr 2009-cu il tarixli 2(007)-2627/2009 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh 15.09.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üyün hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, hal-hazırda iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Belə ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 18 dekabr 2009-cu il tarixli 2(007)-2627/2009 saylı qətnaməsinə əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan 15.09.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanması üçün Cavabdeh hər ay aylıq qazancının başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Lakin, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 18 dekabr 2009-cu il tarixli 2(007)-2627/2009 saylı qətnaməsi 2009-cu ildən hal-hazırkı vaxtadək icraya yönəldilməmiş, 2009-cu ildən halhazırkı vaxtadək 1 ay belə icra olunmamış, cavabdeh özü könüllü olaraq aylıq 30-50 manat civarında aliment ödəmişdir. Lakin cavabdeh hal-hazırda "xxxx" KB ASC-də işləyir və aylıq qazancı 2000 manat təşkil edir. Buna baxmayaraq 2009-cu ildən hal-hazırkı vaxtadək 1 ay belə olsun uşağın maddi tələbatlarının ödənilməsinə cüzi də olsun iştirak etmir. Azyaşlı övladı orta məktəbin 10-cu sinifində təhsil alır. Ali məktəbə daxil olmaq üçün hazırlıq kurslarına getmək və gələcəkdə təhsilini davam etdirmək istəyir. Babası tərəfindən daim maddi ehtiyacları ödənilsə də, hal-hazırda babası da onun təhsil və hazırlıq kurslarına getməsi üçün tələb olunan xərci ödəmək iqtidarında deyil. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin hal-hazırda cavabdehin rəsmi iş yeri və sabit gəlir mənbələri mövcud olduğundan, ondan tutulacaq alimentin məbləği aylıq qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarına uyğun olaraq aylıq 500 manat sabit pul məbləğində aliment tutulması müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 18 dekabr 2009-cu il tarixli 2(007)- 2627/2009 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh 15.09.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında yəni hər ay 500 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edib verdiyi izahatında göstərdi ki, o, "xxxx" KB ASC-nin Tovuz filialında işləyir, aylıq vəzifə maaşı 1300 manat təşkil edir. O, 15.09.2006-cı il təvəllüdlü X2 18 yaşınadək hər ay 325 manat (1300 manatın ¼ hissəsi) alimenti könüllü ödəməyə razıdır, ödənişi hər ay övladının anası İddiaçı adına olan bank hesabı və ya bank kartına köçürüb, çekləri Göygöl Rayon İcra Şöbəsinə təqdim edəcək. Bu barədə ərizəsini məhkəməyə təqdim edir. Göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ seriyalı, 843243 saylı doğum haqqında şəhadətnamənin və AZE seriyalı, 12413271 saylı şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, X5 15 sentyabr 2006-cı il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X3r. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 18 dekabr 2009-cu il tarixli, 2(007)- 2627/2009 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə X6 arasında Xanlar rayon VVADQ şöbəsi tərəfindən 04.12.2003-cü il tarixdə 177 saylı akt ilə qeydə alınmış nikahın pozulması, 15.09.2006-cı il tarixdə anadan olmuş X1 üçün Cavabdeh 16.11.2009-cu il tarixdən başlayaraq yetkinlik yaşına çatana kimi aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq X4 verilməsi qət edilmişdir. - Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 111956 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 24 iyul 2010-cu il tarixdə, 194 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə “Qurbanov”, qadına “Əliyeva” soyadı verilmişdir. - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh “X7” Açıq Səhmdar Cəmiyyətinin Tovuz filialında mikromaliyyələşdirmə üzrə qrup rəhbəri vəzifəsində işləyir, aylıq əmək haqqı 1300 manat təşkil edir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 05.11.2021-ci il tarixli, № MŞ 2021-006536 saylı arayışından görünür ki, Cavabdeh mediasiya sessiyasının tarixi, saatı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilmiş olsa da o, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar, birgə nikahlarından 15 sentyabr 2006-cı il təvəllüdlü X5 doğulmuşdur. Tərəflərin münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar, tərəflər arasında olan nikah pozulmuş, bu zaman azyaşlı uşaq İddiaçı yanında qalmış, Cavabdeh 15 sentyabr 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 16 noyabr 2009-cu il tarixdən başlayaraq hər ay aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulmuşdur. Hazırda ana uşağın saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını xahiş edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2022-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş aliment məbləği ilə uşağı saxlamaqda çətinlik çəkir. Məhkəmə həmin halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməlidir. Məhkəməyə təqdim edilmiş, Cavabdeh iş yerindən arayışa əsasən o, işləyir və aylıq vəzifə maaşı 1300 manat həddindədir, o, iddia tələbini qəbul edərək aylıq əmək haqqının dörddə bir hissəsi miqdarında aliment tutulmasına razıdır, həmin tələbin təmin olunmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddianın təmin olunması barədə qətnamə çıxarır. Cavabdehin məhkəmədə verdiyi izahatı ilə müəyyən edilir ki, cavabdeh iddianı etiraf edir. Belə olan halda, məhkəmə yuxarıda göstərilən tədqiq edilmiş sübutları, cavabdehin etirafını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq və işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 15.09.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 18 sentyabr 2009-cu il tarixli 2(007)-2627/2009 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 15.09.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutulub, İddiaçı ödənilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, məhkəmə xərcləri Cavabdeh aid edilsin, iddiaçının ödəməkdən azad edildiyi 50 (əlli) manat məbləğində dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 15.09.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 18 sentyabr 2009-cu il tarixli 2(007)- 2627/2009 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 15.09.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutulub, İddiaçı ödənilsin. Məhkəmə xərcləri Cavabdeh aid edilsin, iddiaçının ödəməkdən azad edildiyi 50 (əlli) manat məbləğində dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-379/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-379/2022
18.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver