Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3825/2023 26.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızı, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilədə nəzərdə tutulan qarajın təhvil verilməsi və dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilədə nəzərdə tutulan qarajın təhvil verilməsi və dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət edərək, məhkəmədən 20 iyul 2016-cı il tarixdə Cavabdeh MMC ilə bağlanan müqavilədə nəzərdə tutulan qarajın təhvil verilməsi və dəymiş maddi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. 20 iyul 2016-cı il tarixdə Cavabdeh MMC ilə aralarında öhdəliklərin və hüquqların alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat idarəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 30/2223 qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, ev 56, 8b nömrəli mənzili MMC-yə təhvil verməli, MMC isə həmin mənzilin əvəzində müqavilə bağlandığı gündən 24 ay ərzində tam təmirli 89.3 kv.m ümumi sahəsi olan mənzil və həmin binanın zirzəmisində yerləşən qaraj sahəsində 1 (bir) avtomaşın saxlamaq üçün dayanacaq yeri verməyi öhdəsinə götürmüşdür. MMC tərəfindən vaxtında olmasada mənzil onun ixtiyarına verilmişdir. Lakin vaxt keçməsinə baxmayaraq MMC qarajı istifadəsinə verməkdən imtina etmiş, bununla bağlı dəfələrlə müqavilə öhdəliklərini yerinə yetirməyi tələb etsədə qəsdən icra etməkdən yayınmışdır.
Tətbiq edilən hüquq :
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
108.1. Mülki məhkəmə icraatında dövlət rüsumu aşağıdakı hallarda ödənilir:i 108.1.1. iddia ərizəsi verildikdə; 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
Məhkəmənin mövqeyi :
4. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
5. İddia ərizəsi öyrənilərkən müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsinin forma və məzmununa dair mülki prosessual qanunvericiliyin tələblərini pozmaqla məhkəməyə müraciət etmişdir.
6. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsində iddiaçının, cavabdehin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi), cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN və.s) göstərilməlidir. Lakin iddia ərizəsində iddiaçının şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar, o cümlədən cavabdehə dair məlumatlar dəqiq göstərilməmişdir.
7. Həmçinin mülki prossesual qanunvericiliyə əsasən iddia ərizəsi ilə müraciət olunan zaman qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməli və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilməlidir. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin təqdim edilmədiyi müəyyən edilmişdir.
8. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçının tələbini təsdiq edən mötəbər sübutlar (müqavilə) iddia ərizəsinə əlavə edilməli, sübutların siyahısı göstərilməli, habelə iddia tələbinin maddi ziyanın ödənilməsi ilə bağlı hissəsində tələb edilən konkret məbləğ göstərilməlidir.
Nəticə :
9. Beləliklə, məhkəmə qeyd edir ki, iddia ərizəsinin forma və məzmununa dair mülki prosessual qanunvericiliyin tələbinə riayət edilmədiyi və dövlət rüsumu ödənilmədiyindən İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilədə nəzərdə tutulan qarajın təhvil verilməsi və dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır.
10. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
11. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara Aldı:
İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilədə nəzərdə tutulan qarajın təhvil verilməsi və dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva